Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Gəncə Dövlət Universiteti (GDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
UNEC-in rektoru, professor Ədalət Muradovla GDU-nun rektoru, professor Yusif Yusibov arasında imzalanan müqavilədə universitetlər arasında müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə ikili diplom proqramlarının reallaşdırılması, elmi-tədqiqat işlərinin görülməsi və elmi konfransların təşkili nəzərdə tutulur.
Distant təhsil, elektron universitet modeli, informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında anti-plaqiat sahəsində təcrübə mübadiləsinin aparılması da sənəddə öz əksini tapıb.
Danışıqların nəticəsi olaraq, reallaşdırılacaq layihələrə uyğun olaraq mütəmadi işgüzar görüşlər keçiriləcək.
Həyata keçirilən əməkdaşlığın əsas məqsədi UNEC-in region universitetlərilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.