Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri arasında keçirilən “Gənc İnvestor 2015” müsabiqəsinin qaliblərini təqdim edirik.
I yerin qalibi – Əli Orucov
Beynəlxalq İqtisadiyyat Məktəbi, Maliyyə, IV kurs
-Müsabiqə barəsində elanı universitetin Facebook səhifəsində gördüm və həmən də müraciət etdim. Ən önəmli səbəbim o idi ki, qazanacağım pul mükafatı ilə ödənişli təhsil proqramlarına qatılıb, bilik və bacarıqlarımı artıracaqdım. Beynəlxalq sertifikat imtahanına girmək üçün özüm ödəniş etmək istəyirdim.
Layihə ilə bağlı universitetimizdə təqdimat oldu və bizə biznes keyslər verildi. Noyabrın 26-na kimi keysləri həll edib göndərməli idik. Əslində ilk dəfə deyildi keys həll edirdim. Ancaq hər keysin öz problemləri olur. Vaxt problemi var idi, çatdıra bilməyəcəm deyə çəkinirdim. Finala keçəcəyimə inanırdım. Təqdimatda da birinci yer olmasa da, ikinci yerə ümid edirdim.Keys sırf Azərbaycan bazarına aid deyildi, xarici bazara aid idi. Amma yenə də ümidli idim. Bir az təcrübəm var idi. III kursun sonunda “AzFinansİnvest” şirkətində maliyyə analitiki kimi təcrübə keçmişəm.
Keysi daha çox maliyyə yönümlü həll etməyə çalışdım. Orada da əsasən maliyyə hesabatlarına üstünlük verilirdi. Mən də maliyyə hesabatlarından, maliyyə alətlərindən istifadə etmişdim. Ona görə inanırdım ki, üstünlük veriləcək. Münsiflərin qarşısında təqdimatımı etdim və qalib oldum.
II yerin qalibi – Aida Həsənova
Beynəlxalq İqtisadiyyat Məktəbi, Dünya iqtisadiyyatı, III kurs
– “Gənc İnvestor 2015” müsabiqəsi haqqında məlumatı UNEC-in Facebook səhifəsindən aldım və qatılmaq qərarına gəldim. Araşdırmaların aparılması və təqdimatın hazırlanması üçün 26 gün vaxt verildi. Dərslərim çox olduğundan müsabiqədən imtina etmək istədim. Lakin ailəm dəstək oldu və mən davam etmək qərarına gəldim.
Layihənin mövzusu maliyyə çətinliyi ilə qarşılaşan şirkətin qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi problemini həll etməkidi. Maliyyə ilə bağlı dərslərimizin sayı az olduğundan məlumatım da az idi. Müəlliməm Nigar Sadıqova məndə maliyyə fənninə maraq yaratdığı üçün bu sahə üzrə çoxlu araşdırmalar apardım. Maliyyə ilə bağlı maraqlı məlumatlar əldə etdim. Problemin həlli ilə bağlı 3 alternativ yol verilmişdi. Hər birini ayrı-ayrılıqda araşdırdım. Mənim üçün ən optimal olan variantı seçdim. Təqdimatım dinlənildi və 2-ci yerə layiq görüldüm.
Bu, ilk biznes keys yarışmam idi. İndi yeni bir layihəyə də qatılmışam. Qazandığım mükafatı təhsilə yönəltmək fikrim var. Xaricdə yay məktəbinə qatılmaq istəyirəm.
III yerin qalibi – Sevinc Əliyeva
Beynəlxalq İqtisadiyyat Məktəbi, Maliyyə, IV kurs
– “Gənc İnvestor 2015” müsabiqəsi haqqında universitetin saytından oxudum. Oxuyan kimi də iştirak etmək istədim. Açığı bu günə kimi bir neçə biznes keys yarışmalarına qatılmışdım. Həmişə finala çıxırdım, amma qalib gələ bilmirdim. Bu dəfə isə düşündüm ki, artıq IV kursda oxuyuram, daha çox bilik əldə etmişəm, qalib olmaq şansım var. Fevralda xarici ölkələrdən birində qış məktəbinə qatılmaq istəyirdim, ona görə də layihədə iştirak edib pul mükafatını qazanmaq istədim. Elə bu məqsədlə də qatıldım. Dərsdən sonra vaxt tapıb iki həftə ərzində hazırlaşdım. Deyim ki, çox çətinliklə qarşılaşmadım. Artıq biznes keys hazırlamaqda müəyyən təcrübəm var idi. III yerə layiq görüldüyüm üçün çox sevindim və bu, mənə növbəti müsabiqələrə qatılmaq üçün də stimul yaratdı.