Özbəkistanlı nümayəndə heyəti ilə görüşən UNEC-in rektoru professor Ədalət Muradov qonaqlara universitetin təhsil imkanlarından söz açıb. O, rəqəmsal UNEC-in tədris imkanları, xarici universitetlərlə ikili diplom proqramları, elmi fəaliyyətin stimullaşdırılması, diferensial əmək haqqı sistemi, elektron imtahan prosesi, hibrid auditoriyalar, tələbələrə qeyri-akademik transkriptin verilməsi, Bloomberg laboratoriyası, UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyi və digər yeniliklərlə bağlı ətraflı məlumat verib. Rektor türkdilli dövlətlərin ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin UNEC-in prioritetləri sırasında olduğunu diqqətə çatdırıb.
TİFT-in rektoru Azizxon Nodirov rəhbərlik etdiyi universitetin yeni yaranmasına baxmayaraq, müxtəlif sahələr üzrə böyük tələbə kontingentinə sahib olduğunu və beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini vurğulayıb. UNEC-də tətbiq olunan innovativ yenilikləri yüksək qiymətləndirən A.Nodirov rəqəmsal universitet modelini, tələbələrin yumşaq bacarıqlarının qiymətləndirildiyi akademik transkriptin tətbiqini, elmi fəaliyyətin stimullaşdırılması və Bloomberg laboratoriyasının yaradılmasını xüsusi maraqla qarşılayıb. O, UNEC-in bu istiqamətlərdəki təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib.
Sonra tərəflər arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib və müzakirələrin nəticəsi olaraq, UNEC ilə TİFT arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda müəllim və tələbə mübadiləsi, akademik əməkdaşlıq, birgə proqramların hazırlanması və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.