Türkiyədə işgüzar səfərdə olan Tələbə işləri mərkəzinin direktoru Xalidə Yusifova, İnklüziv təhsil mərkəzinin direktoru Sevinc Məhsimova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova Yalova Universitetinin rektoru Prof.Dr. Mehmet Bahçekapılı ilə görüşüblər. Görüşdə UNEC-in ixtisasları, dünya reytinqlərindəki mövqeyi və beynəlxalq əlaqələri barədə rektora ətraflı məlumat verilib.
Prof.Dr. Mehmet Bahçekapılı UNEC-in üstünlüklərini yüksək qiymətləndirərək, universitetlər arasında əməkdaşlığın qurulmasının əhəmiyyətli olacağını vurğulayıb.
UNEC ilə Yalova Universiteti arasında əməkdaşlıq imkanlarının müzakirəsindən sonra, danışıqların nəticəsi olaraq, hər iki universitet üzrə iqtisadyönümlü, eləcə də texniki və texnoloji ixtisaslar sahəsində tələbə-müəllim mübadiləsi, birgə elmi məqalələrin yazılması, tədqiqatların aparılması, ortaq konfransların keçirilməsi, layihələrin reallaşdırılması və digər istiqamətlərdə rektor Prof.Dr. Mehmet Bahçekapılı tərəfindən əməkdaşlıq memorandumu imzalanıb.
UNEC əməkdaşları Yalova Universitetinin Erasmus ofisinin nümayəndəsi Ömər Kaya ilə də görüşərək, xarici tərəfdaş universitetlər, mövcud mübadilə və ikili diplom proqramları barədə məlumat veriblər.
Nümayəndə heyəti İqtisadiyyat və idarəetmə fakültəsində də olub. Fakültə dekanı Prof.Dr. Taner Tatarla görüşdə uyğun fakültələr arasında əlaqələrin qurulması ilə bağlı müzakirələr aparılıb.
İşgüzar səfərdə UNEC əməkdaşları Tələbə işləri mərkəzinin rəhbəri Rasim Çetiklə görüşərək, mərkəzin fəaliyyəti ilə tanış olunlar. Həmçinin UNEC-in bu istiqamətdə təcrübəsini bölüşüblər.
Görüşlərdən sonra UNEC nümayəndələri Yalova Universitesinin tədqiqat layihələri üzrə kordinatoru, Beynəlxalq münasibətlər fakültəsinin dosenti Dr.İshak Turanın müşayiəti ilə universitetin infrastrukturu ilə tanış olublar.