UNEC-in Texnologiya Transfer Mərkəzinin (TTM) həyata keçirdiyi tədqiqat fakültələrin innovasiya fəaliyyətini tam əks etdirən 4 modul və 34 göstəricidən ibarət olacaq. Fakültə tərkibindəki kafedralar innovativ tədris sistemi, innovasiya fəaliyyəti, nəticələr və kommersiyalaşdırma, eləcə də fakültə və sənaye arasında əməkdaşlıq istiqamətindəki fəaliyyətlərinə görə dəyərləndirilərək, fakültələrin innovasiya reytinqi tərtib ediləcək.
Burada son bir il ərzində innovasiya sahəsində ölkə daxilində yenidən hazırlanma və təkmilləşdirmə təlimlərində iştirak edən professor-müəllim və inzibati heyətin, o cümlədən xaricdə təcrübə və təlim keçən universitet əməkdaşlarının nisbəti əsas götürüləcək. Biznes inkubatorda təqdim olunan tələbə layihələri, doktorant və dissertantlara verilən innovasiyalar ilə bağlı araşdırma mövzuları kimi mühüm göstəricilər də bu reytinqin formalaşmasında əhəmiyyət kəsb edəcək.