Noyabrın 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Gənc Alimlər Şurası Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində elmi seminar keçirib. Seminarda Azərbaycan Milli Məclisinin Analitik Araşdırmalar şöbəsinin müdir müavini, siyasi elmlər doktoru Hatəm Cabbarlı Ermənistanın xarici siyasəti və təhlükəsizlik məsələsi barədə geniş məruzə ilə çıxış edib. Ermənistan xarici siyasətini formalaşdiran faktorlardan söz açan H.Cabbarlı erməni milli kimliyi, mədəniyyəti, asiyalı, şərqli, xristianlıq, geosiyasi mövqe, coğrafi amillər, sərhədlər və coğrafi bütünlüklərdən danışıb. Sərhədlərin genişliyi və strateji ehtiyatlar, bəşəri amillərdən söz açan məruzəçi Ermənistan ordusunun qurulması, iqtisadi srtukturu və xüsusiyyətlərindən danışıb. Ermənistanin xarici siyasətində təhlükəsizlik anlayışından danışan H.Cabbarlı bölgədəki problemləri – Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, Gürcüstanda Abxaziya, Acarıstan və Cənubi Osetiya problemi, bölgə dövlətlərinin Rusiya ilə münasibətləri, hərbi nəzarət, silah qaçaqmalçılığı və təhlükəsizlik, Qara dənizdə sərhədlərə nəzarət edilməsi, Xəzər dənizinin hüquqi statusu, neft boru kəmərlərinin təhlükəsizliyi, bölgənin siyasi bütünlüyü və əməkdaşlıq perspektivləri, iki milyona yaxın qaçqınların mövcudluğu problemikimi təsnif edib. Məruzəçi ermənilərin militarist siyasətinin region üçün təhlükəsini elmi faktlarla əsaslandırıb.
Elmi seminar professor-müəllim və tələbələrin müzakirəsi ilə davam edib.