UNEC-in rektoru, professor Ədalət Muradov 2019/2020-ci tədris ilində universitetə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb.
Qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edən rektor, onlara təhsillərində uğurlar arzulayıb.
Son 5 illə müqayisədə UNEC-ə qəbul olan Prezident təqaüdçülərinin sayının 21 dəfə artdığını deyən Ədalət Muradov, bu tədris ilində II ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülənlərin 87,5%-nin (21 nəfər) məhz UNEC-i seçdiyini bildirib. Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə, UNEC-in ötən il olduğu kimi, bu il də birinci yerdə olmasından qürur duyduğunu ifadə edib.
Rektor “UNEC-100 İnkişaf Strategiyası”nın hədəflərindən də söz açıb: “UNEC-in 100 illik yubileyinə qədər universitetin orta keçid balını 500 bal etməyi hədəfləyirik. Hazırda bu göstərici 436 baldır. Sevindirici haldır ki, son illər yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlərin sayında ciddi artım müşahidə olunur. II ixtisas qrupu üzrə yüksək bal toplayanların qəbulunda UNEC liderliyini qoruyub saxlayır. Bu il II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayanların 77,4 %-i UNEC tələbəsi adını qazanıb”.
Ədalət Muradov tələbələrə imtahan sessiyası, onun təşkili və keçirilmə qaydaları barədə məlumat verib. UNEC-də Elektron Universitet modelinin tətbiq olunduğunu və tədrisin tamamilə elektronlaşdırıldığını deyib.
UNEC-in tələbə mərkəzli universitet olması istiqamətində tətbiq olunan yeniliklərdən söz açan rektor, tələbələri təşəbbüskar olmağa çağırıb. Tədrisin keyfiyyətinin artırılması ilə bağlı hər bir tələbənin təklif və təşəbbüsünü dinləməyə açıq olduğunu bildirib.
Görüşdə UNEC-in xüsusi və ikinci əlaçı təqaüdləri, dünyanın aparıcı universitetləri ilə mübadilə və ikili diplom proqramlarından da bəhs olunub. Bildirilib ki, UNEC-də ABŞ və Avropanın aparıcı universitetləri ilə 8 ikili diplom proqramı reallaşdırılır.
Tələbələrə innovativ və operativ “Bir pəncərə” xidməti barədə də məlumat verilib. Xüsusi istedada malik olan tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün Radio UNEC, Yaradıcılıq Mərkəzi və İdman klubunun imkanlarından istifadə etməsi və universitetin ictimai-sosial həyatında fəal olması tövsiyə olunub.
Sonda Prezident təqaüdçülərinə xatirə hədiyyələri təqdim edilib.