Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov rəsmi facebook səhifəsindən tələbə və valideynlərə müraciət edib.
Əziz tələbələr və valideynlər!
2015/2016-ci tədris ilinin qış imtahan sessiyasında da tələbə biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmini əsas prinsipimiz olaraq qalır. Bu məqsədlə valideynləri, ictimaiyyət və qeyri-hökümət təşkilatlarının nümayəndlərini 30 dekabr – 1 fevral tarixlərində davam edəcək sessiya dövründə imtahanları izləmək üçün Azərbaycan Dövlət İqtisad Universitetinə dəvət edirik. İmtahan sessiyası müddətində rektora müraciət etmək istəyənlər üçün hər həftənin şənbə günü saat 10:00-12:00-da “Açıq qapı” təşkil olunacaq. Tələbə və valideynlərin müraciətlərini dinləməyə hazıram.
Əziz tələbələr,
İmtahan prosesi ilə bağlı yarana biləcək hər hansı sual, təklif və iradlara görə universitetin 146-1-3 qaynar xəttinə və imtahan qərargahlarına müraciət edə bilərsiniz. Elektron Apellyasiya Sistemi vasitəsilə daxil olan müraciətləriniz operativ və ciddi şəkildə araşdırılacaq, qaydalar çərçivəsində qərar veriləcəkdir.
Əminəm ki, hər biriniz imtahanlarda yüksək nəticə əldə edərək ümidləri doğruladacaqsınız. Hər birinizə uğurlar arzulayıram!