Bu gün UNEC-in əbədi tələbəsi Etibar Əliyevin xatirə günüdür.
Əliyev Etibar Allahverdi oğlu 6 aprel 1975-ci ildə Bakıda anadan olub. 1982-1992-ci illərdə Səbail rayonundakı 162 saylı orta məktəbdə təhsil alıb. 1992-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) axşam şöbəsinə daxil olub. Eyni zamanda, Azərbaycan dəmiryolu mətbəəsində fəhlə işləyıb.
İnstitutun I kursunu bitirdikdən sonra, 1993-cü ilin iyun ayında könüllü olaraq, Azərbaycanın Milli Ordu sıralarına yazılıb. Ailənin tək oğul övladı olduğu üçün Etibar döyüş bölgəsinə göndərilməyib. Lakin dekabrın 19-da o, 14 əsgər yoldaşı ilə birlikdə könüllü olaraq, ön cəbhədə xidmət edən ordu sıralarına qoşulub. Etibar Gəncədəki N saylı hərbi hissə tərkibində qısa hazırlıq təlimləri keçdikdən sonra Goranboy istiqamətində gedən açıq döyüşlərə qatılıb. Etibargil Goranboyun Tapqaraqoyunlu və Tərtərin Cəmilli kəndi istiqamətində ağır itkilərlə müşayiət olunan döyüşlərdə Tərtərə qədər gəlib çıxa biliblər. Burada o, Tərtər batalyonuna daxil olub.
1994-cü il may ayında Tərtərin Qapanlı kəndində gedən döyüşlərdə başından qəlpə yarası alan Etibar ilkin tibbi yardım göstərilərək arxaya göndərilir. Döyüş səngiyəndən sonra ön cəbhəyə qayıdaraq döyüş dostlarını axtararkən ermənilər tərəfindən əsir götürülüb. 24 gün Şuşada əsir saxlanıldıqdan sonra, iyunun 4-də erməni əsir ilə dəyişdirilib. Bakıda hərbi qospitala yerləşdirilən Etibar iyulun 10-da tibbi müdaxilələrə baxmayaraq, dünyasını dəyişib.
Etibar Əliyev Bakıdakı II “Şəhidlər xiyabanı”nda dəfn edilib.
Oxuduğu Bakı şəhəri Səbail rayon 162 saylı orta məktəb onun adını daşıyır.