Qasim Məmmədhəsənov

Qasim Bilal oğlu 18 dekabr 2001-ci ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olub. 2002-ci ildə Moskva şəhərinin yubileyinə həsr olunmuş döş nişanı ilə Moskva meri Lujkov tərəfindən təltif edilib.

2003-cü ildə ailəsi ilə doğma Sabirabad rayonunun Qaraqaşlı kəndinə qayıdıb. 2007-2018-ci illərdə həmin kəndin orta məktəbində təhsil alıb və məktəbi əla qiymətlərlə bitirib.

2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsi fakültəsinə daxil olub. 2022-ci ildə həmin universiteti bitirib.

2022-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. İlk hərbi xidmətini Gəncə şəhəri N saylı hərbi hissədə, daha sonra Şuşa şəhərində N saylı hərbi hissədə davam etdirib.

Xidmət müddətində bir neçə dəfə Laçın istiqamətində lokal döyüş əməliyyatlarında iştirak edib. Xidmət etdiyi müddət ərzində döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunub (30 iyun 2023). 2023-cü ilin 19-20 sentyabrında baş vermiş antiterror əməliyyatlarında Xocalının Muxtarkənd, Daşkənd azad edilməsində iştirak edib, Xankəndi şəhərinin “Xaç Postu” deyilən yüksəklik uğrunda gedən döyüşlərdə şəhid olub.

Məmmədhəsənov Qasım Bilal oğlu 21 sentyabr 2023-cü ildə yaşadığı Qaraqaşlı kəndində dəfn edilib. Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğma kəndində abidə kompleksi inşa edilib.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə” medaları ilə təltif edilib.

Şəhid Qasım Məmmədhəsənovun təltifləri