Dünyada UNEC brendi ilə tanınan Azərbaycan Dövlət İqtisad Universiteti bu günlərdə özünün 95 illik yubileyini böyük qürur və təntənə ilə qeyd edir. Əslində, bunu təkcə bir ali təhsil müəssisəsinin yubileyi kimi xarakterizə etmək doğru olmaz. Bu, eyni zamanda Azərbaycanın iqtisadi təhsil tarixində böyük mərhələnin, ölkənin iqtisadi inkişafının təmin edilməsində, dayanıqlı insan kapitalının formalaşmasında əhəmiyyətli rol oynayan, misilsiz xidmətləri olan nəhəng bir elm ocağının yubileyi, bayramıdır.
1930-cu ildən əsası qoyulan bu elm ocağı əsrə yaxın müdrikliklə gəncliyin enerjisini birləşdirərək, hər gün elmi potensialını güclənədirən bir universitet kimi qarşısına qoyduğu böyük hədəflərə doğru inamla irəliləyir. Onun milli iqtisadiyyatın formalaşmasında və intellektual potensialın yetişdirilməsindəki müstəsna rolu danılmazdır.
95 il ərzində UNEC yalnız universitet deyil, həm də Azərbaycan iqtisadiyyatının beyin mərkəzi olub və bu funksiyanı davam etdirir.. Bu gün isə o, dünya reytinqlərindəki mövqeyi, innovativ tədris metodu və güclü elmi bazası ilə ölkənin gələcəyinin qurulmasına böyük töhfə verir.
Bu gün UNEC təkcə iqtisadiyyat sahəsində ixtisaslı kadr hazırlayan müəssisə deyil, həm də regionda fundamental elmi tədqiqatların aparıldığı, innovativ yanaşmaların tətbiq olunduğu, müasir idarəetmə və rəqəmsal təhsil modelini reallaşdıran qabaqcıl universitetlərdən biridir.
95 yaşlı UNEC-in yarandığı dövrdən bu günə uzanan uğur hekayəsi, əlbəttə, bir məqaləyə yerləşməz. Bu universitetin Azərbaycan elminə, ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələr, yetişdirdiyi böyük şəxsiyyətlər, burada təhsil vermiş və verməkdə olan görkəmli alimlər, xüsusən son 10 ildəki sözün həqiqi mənasındakı triumfu haqqında böyük bir kitab yazmaq olar. Odur ki, bu məqalədə biz yalnız universitetin tarixi haqqında qısa məlumat verib, son illərdə əldə etdiyi əsas uğurların kiçik bir hissəsini təqdim edirik.
UNEC-in keşməkeşli tarixi inkişaf yolu – kiçik fakültədən lider universitetə doğru
UNEC rektoru, professor Ədalət Muradovun dediyi kimi, Azərbaycan Dövlət İqtisad Universiteti qədər keşməkeşli tarixi olan ölkədə ikinci bir ali təhsil müəssisəsi, yəqin ki, yoxdur. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların yetişdirilməsinə hələ XX əsrin 20-ci illərində başlanılıb. Əvvəlcə Azərbaycan İnqilab Komitəsinin təşəbbüsü ilə təsis olunan Politexnik İnstitutunun beş fakültəsindən biri kimi İqtisadiyyat fakültəsi fəaliyyətə başlayıb. 1922-ci ildə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsi nəzdində İqtisad bölməsi yaradılıb və bu bölmə 1930-cu ilə qədər ölkə üçün iqtisadçılar hazırlayıb.
1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilmiş və onun müvafiq fakültələrinin bazasında müxtəlif istiqamətlər üzrə ali məktəblər təsis olunub. Bu ali məktəblərdən biri də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı ilə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin bazasında yaradılan Azərbaycan Ticarət-Kooperasiya İnstitutu olub. Beləliklə, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin əsası qoyulub.
Sonrakı illərdə müxtəlif struktur və status dəyişikliklərinə məruz qalan bu elm və təhsil ocağı 1936-cı ildən etibarən Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (AXTİ) adı ilə fəaliyyətini davam etdirib. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar bir sıra ali məktəblər kimi AXTİ də bağlanıb və 1944-cü ilin sonuna qədər yalnız Azərbaycan Dövlət Universitetinin tərkibində İqtisadiyyat fakültəsi kimi fəaliyyət göstərib.
1944-cü ildə AXTİ-nin fəaliyyəti bərpa olunub və institut Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu kimi 1959-cu ilə qədər fəaliyyət göstərib. 1959-cu ildə institutun fəaliyyəti yenidən Bakı Dövlət Universitetinin tərkibində davam etdirilib. Lakin 1966-cı ildə institut yenidən müstəqil fəaliyyətə başlayaraq bu dəfə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adı ilə fəaliyyətini davam etdirib.
1980-ci illərdə institut daxilində baş verən daxili narazılıqlar və bu narazılıqlarla bağlı Moskvaya ünvanlanan şikayət məktubları nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin qərarları ilə institutun fəaliyyəti 1987-ci ildə yenidən dayandırılıb və N.A. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı yaradılıb. Üç il bu statusda fəaliyyət göstərdikdən sonra institut 1990-cı ilin iyul ayında SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu olaraq yenidən bərpa olunub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da institut 2000-ci ilə qədər eyni adla fəaliyyət göstərib. Ümummilli Lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun və Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) yaradılıb və universitetə özünüidarə (muxtariyyət) statusu verilib.
ADİU tarixində mühüm mərhələlərdən biri də universitetin rebrendinqi və təşkilati-hüquqi formasının dəyişdirilməsi olub. 2016-cı ildə universitet beynəlxalq təhsil bazarında “UNEC” brendi ilə çıxış edəcəyini elan edib, yeni loqosu, rəngi və digər korporativ simvolları təsdiqlənib. “UNEC” brendi bu günə qədər Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Polşa, Litva, Latviya, Slovakiya, Xorvatiya kimi ölkələrdə də rəsmi olaraq qeydiyyatdan keçib.
Prezident İlham Əliyevin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə ADİU Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs statusuna malik Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilib. Bu sərəncam əsasında universitetin yeni Nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2019-cu il tarixli 365 nömrəli qərarı ilə təsdiqlənib.
Universitet fəaliyyət göstərdiyi illər ərzində bir sıra adlar altında çıxış etsə də, iqtisadi təhsilin və elmin inkişafında hər zaman aparıcı mövqeyini qoruyub saxlayıb. Bu elm və təhsil ocağında fəaliyyət göstərmiş və hal-hazırda da çalışan görkəmli iqtisadçılar iqtisad elminə mühüm töhfələr veriblər.
Bu gün UNEC, tarixi köklərinə əsaslanaraq, Azərbaycanın iqtisad sahəsində ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi olmaqla yanaşı, həm də Cənubi Qafqazın iqtisadi yönümlü ən böyük universiteti kimi tanınır. Universitet bu illər ərzində on minlərlə iqtisadçı, analitik, menecer, dövlət xadimi, alim, sahibkar və iş adamı yetişdirərək ölkənin və regionun iqtisadi mənzərəsinin formalaşmasında mühüm rol oynayıb.
10 ilə sıxışdırılan böyük uğurlar – UNEC-in tansformasiya dəsti-xətti
Heç şübhəsiz ki, Azərbaycan Dövlət İqtisad Universitetinin dünya miqyasında tanınmasına səbəb olan uğurlarının əhəmiyyətli hissəsi son 10 ildə əldə olunub. UNEC-in son on ildəki inkişafı əsl transformasiya nümunəsidir.
Universitetin regional və qlobal miqyasda nüfuzu, beynəlxalq əməkdaşlıqları və elmi tədqiqat sahəsində qazandığı uğurlar UNEC-i təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi həyatında fəal iştirak edən elm və təhsil mərkəzinə çevirmişdir.
Hazırda UNEC 4 dildə təhsil verən, xaricdə filialı olan, zəngin maddi-texniki baza və elektron resurslarla təchiz edilən, tam rəqəmsallaşdırılmış təhsil və idarəetmə sisteminə malik olan yeganə Azərbaycan universitetidir.
2014-cü ildən başlayaraq, rektor Ədalət Muradovun rəhbərliyi ilə həyata keçirilən islahatlar universiteti klassik modeldən müasir, rəqəmsallaşdırılmış, tədqiqat yönümlü və qlobal təhsil platformasına çevirib. Son on ilin əsas nailiyyətləri aşağıdakı kimi qruplaşdıra bilərik:
– Tələbə kontingenti və keyfiyyət göstəriciləri:
UNEC-də təhsil alan tələbələrin sayı artmaqla yanaşı, keyfiyyət göstəriciləri də yüksəlib. UNEC-də 25 bakalavr proqramı, 94 magistr proqramı, 14 doktorantura proqramı ixtisas üzrə 21 mindən çox təhsilalan var. İqtisad Universitetini seçən abituriyentlər arasında rəqabət ildən-ilə artır. Əgər 2013-cü ildə tələbələrin 70%-i ödənişli əsaslarla oxuyurdusa, bu gün bu göstərici 20%-ə düşüb və tələbələrin 80%-i dövlət sifarişi ilə təhsil alır. Bu, universitetə yüksək balla daxil olan, savadlı və məqsədyönlü abituriyentlərin sayının artdığını göstərir.
UNEC-də keyfiyyətli təhsilin təmin olunması məqsədilə qəbul planları əmək bazarının tələblərinə uyğun yenidən tənzimlənmiş, tədris proqramları müasirləşdirilmiş, beynəlxalq akkreditasiyalar üçün zəmin yaradılmışdır.
UNEC-də müasir tədris metodlarının tətbiqi çərçivəsində “Çevrilmiş tədris” (Flipped Learning) modeli uğurla reallaşdırılır. Bu, tələbələrin fərdi öyrənmə tempinə uyğun inkişafına və tədrisin keyfiyyətinin yüksəldilməsinə şərait yaradırr, tələbələrin kritik düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirir.
Eyni zamanda, UNEC-də tətbiq edilən “Layihə Əsaslı Təhsil” (Project-Based Learning – PBL) metodu tələbələrin real problemlər üzərində qrup şəklində işləyərək praktiki biliklər əldə etməsinə yönəlib. Bu metod nəzəri biliklərin tətbiqinə, komanda işinin və məsuliyyət hissinin formalaşmasına, həmçinin əmək bazarına uyğun bacarıqların inkişafına töhfə verir.
UNEC-in MBA proqramı maliyyə təhsili sahəsində də ciddi uğurlar əldə edib. Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutu (CFA) UNEC-in MBA proqramını akkreditasiya edərək universiteti tərəfdaş ali məktəb kimi qəbul edib. UNEC bu uğura nail olan Azərbaycanın yeganə universitetidir. Maliyyə, qiymətli kağızlar və risk menecmenti ixtisaslaşmaları üzrə hazırlanan proqramlar dünyanın ən nüfuzlu maliyyə kvalifikasiyasına – CFA-ya uyğunlaşdırılmışdır.
Bu akkreditasiya UNEC-in qlobal maliyyə təhsilində söz sahibi olmağa başladığını göstərir və universitetin məzunlarının beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli olmasını təmin edir.
Universitetdə müəllimlərin fəaliyyətinə əsaslanan diferensial maaş və reytinq sisteminin tətbiqi də tədrisin keyfiyyətinin artırılmasına mühüm təsir göstərmişdir. Aşağıda məlumat verəcəyimiz bu sistemin tətbiqi müəllimləri daim öz üzərlərində işləməyə, elmi-pedaqoji fəaliyyətlərini genişləndirməyə, tədrisi daha keyfiyyətli və müasir tələblər səviyyəsində qurmağa sövq edir.
– Reytinqlərdə yüksəliş:
Azərbaycan Dövlət İqtisad Universitetinin son onillikdə beynəlxalq reytinqlərdə nümayiş etdirdiyi irəliləyiş, ali təhsilin keyfiyyəti, elmi tədqiqat imkanları və strateji idarəetmə baxımından UNEC-in yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu yüksəliş yalnız rəqəmlərlə deyil, həm də təhsil siyasətində məqsədyönlü dəyişikliklər, elmi fəaliyyətə verilən önəm və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə təmin olunub.
UNEC 2025-ci il üçün açıqlanan “Round University Rankings” (RUR) reytinqində mühüm sıçrayış edərək 960-cı yerdən 855-ci yerə yüksəlib. Bu, 100-dən çox universiteti geridə qoymaq deməkdir və eyni zamanda UNEC-in ümumi balının son 3 ildə 12.326 vahid və ya 40%-ə yaxın artdığını sübut edir. Bu göstəricilər universitetin akademik performansı, elmi nüfuzu, təhsil infrastrukturu və beynəlxalq görünürlüğü üzrə ciddi tərəqqi etdiyini ortaya qoyur.
UNEC “Sosial Elmlər və Menecment” ixtisas qrupu üzrə ötən illə müqayisədə (501-550) 100 pillə irəliləyərək, 401-450-ci yerə yüksəlib.
Daha mühüm hadisə isə UNEC-in “QS World University Rankings 2026” siyahısında 1001-1200-cü pillədən 801-850-ci yerə qədər irəliləməsidir. Bu reytinq dünyanın ən nüfuzlu və obyektiv qiymətləndirmə mexanizmlərindən biri hesab olunur və əsas göstəricilər sırasında akademik nüfuz, işəgötürənlərin rəyi, fakültə-tələbə nisbəti, beynəlxalq əməkdaşlıq və elmi məhsuldarlıq yer alır.
UNEC-in bu siyahıda ilk 1000 universitet sırasına daxil olması həm ölkənin ali təhsil sisteminin rəqabət qabiliyyətini göstərir, həm də beynəlxalq tələbələr və tərəfdaş universitetlər üçün cəlbediciliyi artırır.
Qeyd edilməlidir ki, UNEC bu reytinqlərdə yalnız iqtisadiyyat üzrə ixtisaslaşmış universitet kimi deyil, bütövlükdə tədqiqat yönümlü, rəqəmsal və modern ali təhsil modeli nümunəsi kimi dəyərləndirilir.
UNEC-in Beynəlxalq Reyting Performansı (2022–2025)
Reytinq Adı |
2022-ci il |
2025-ci il |
Dəyişiklik |
QS World University |
1001-1200-cü yer |
801-850-ci yer |
200 pillə artım |
Round University |
960-cı yer |
855-ci yer |
105 pillə artım |
THE Impact |
— |
619-cu yer (2020) |
Azərbaycanda 1-ci |
– İnnovativ idarəetmə və rəqəmsallaşma:
Son onillikdə UNEC-də həyata keçirilən islahatlar universitetin rəqəmsal transformasiya baxımından lider mövqeyə yüksəlməsinə səbəb olub. Azərbaycanda ilk dəfə olaraq rəqəmsal universitet modelinin tətbiqi UNEC-in adı ilə bağlıdır.
Tədris prosesi tam şəkildə rəqəmsallaşdırılıb, qiymətləndirmə sistemində şəffaflıq və obyektivlik prinsipinə əsaslanan yeni mexanizmlər formalaşdırılıb. EDUMAN sistemi, Elektron Sənəd Dövriyyəsi, rəqəmsal qiymətləndirmə və şəffaf reytinq sistemi universitetin idarəçiliyində çevikliyi və obyektivliyi təmin edib. Auditoriyaların 80 faizi hibrid auditoriyaya çevrilib. 24/7 kitabxana və 5 milyonluq elektron resurs bazası UNEC-in rəqəmsal üstünlüklərini formalaşdırıb.
Elektron kitabxana resursları tədqiqatçılara və tələbələrə dünya səviyyəli bilik bazasına çıxış imkanı verir. UNEC, eyni zamanda, ölkədə ilk dəfə olaraq “ProQuest Dissertations & Theses Global” platformasına qoşularaq, tədqiqatçıların 3,6 milyon tam mətnli dissertasiyaya çıxışını təmin edən ali məktəbə çevrilmişdir.
Distant təhsilalma forması üçün mühüm komponentlərdən biri olan müəllim-müəllim, tələbə-müəllim, tələbə-tələbə və tələbə ilə inzibati heyət arasında effektiv virtual ünsiyyətin təmin olunması məqsədilə EduMan platformasında xüsusi “Kommunikasiya modulu” istifadəyə verilib.
UNEC-in EduMan sistemində təqdim olunan xidmətlərdən biri olan “Bir pəncərə” modulu vasitəsilə tələbələr eyni platformada mərkəzləşdirilmiş şəkildə təhsil arayışları, transkriptlər və digər sənədlərini rahat və sürətli şəkildə əldə edə bilirlər. Bu modul tələbələrin şəxsi elektron kabinetlərinə günün 24 saatı daxil olmağa və tələb olunan sənədləri istənilən vaxt çevik şəkildə yükləməyə imkan verir.
Zoom platformasının EduMan sistemi ilə inteqrasiyası nəticəsində dərslərə onlayn qoşulma prosesində auditoriyalarla Zoom hesablarının əlaqələndirilməsi təmin olunub. Bu inteqrasiya sayəsində onlayn və hibrid formatda keçirilən dərslərdə tələbələrin iştirak məlumatları avtomatik olaraq elektron jurnallarda qeydə alınır. Eyni zamanda, keçirilmiş video dərslərin tələbələrin şəxsi kabinetlərinə avtomatik ötürülməsi imkanı da sistemə əlavə edilib. Bundan başqa, UNEC-də ilk rəqəmsal dərslik hazırlanaraq tədris prosesinə inteqrasiya olunub.
Bununla yanaşı, UNEC-də texniki və texnoloji ixtisaslar üzrə müasir tədris standartlarına uyğun olaraq virtual laboratoriya mühiti formalaşdırılıb. Bu məqsədlə Beyond Labz, Parxi Las (İngiltərə), VRLab Academy (Almaniya), Phet, The OpenScience Laboratory, Ilab, NOVA Labs, Labster, Labbuddy və Labxchange kimi beynəlxalq platformalarla əməkdaşlıq həyata keçirilir.
UNEC-də akademik fəaliyyətin rəqəmsal idarə olunması məqsədilə AVESİS (Academic Activity Management System) sistemi tətbiq olunur. Bu platforma akademik heyətin fərdi profillərinin formalaşdırılması, elmi nəşrlərin inteqrasiyası, süni intellektin tətbiqi və elmi fəaliyyətin stimullaşdırılması kimi funksiyaları yerinə yetirir. AVESİS həmçinin bölmələr üzrə elmi potensialın təhlilinə, nüfuzlu beynəlxalq platformalarla avtomatik məlumat mübadiləsinə və tədqiqatçılararası əməkdaşlığın inkişafına xidmət edir.
Sistem vasitəsilə elmi nəşrlər, layihələr, istinadlar, patentlər, mükafatlar və digər akademik fəaliyyətlər müxtəlif meyarlarla təhlil edilir. Eyni zamanda, universitet əməkdaşlarının elmi, pedaqoji və inzibati fəaliyyətləri vahid mərkəzdə toplanaraq sistemli şəkildə arxivləşdirilir
– Tədqiqat yönümlü universitetə çevrilmə:
UNEC-in tədqiqat bazasının əsas sütunlarından biri də universitetdə fəaliyyət göstərən tədqiqat mərkəzidir. Hazırda UNEC-də 48 Tədqiqat Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 267 nəfər çalışır, onlardan 131-i 35 ölkədən olan xarici tədqiqatçılardır. Xarici mütəxəssislər arasında Türkiyə, İtaliya, İsrail, Niderland, Almaniya, ABŞ, Çin, Böyük Britaniya, Fransa, Hindistan və digər ölkələrdən alimlər yer alır. Bu mərkəzlər ixtisaslaşmış sahələr üzrə fəaliyyət göstərir və həm yerli, həm də beynəlxalq elmi layihələrdə fəal iştirak edirlər. Bu mərkəzlərin fəaliyyəti nəticəsində yüzlərlə yüksək impaktlı məqalə çap olunub. Onlar vasitəsilə tələbə və müəllim heyəti birbaşa tədqiqata cəlb olunur, həmçinin doktorantura və magistratura səviyyəsində fundamental və tətbiqi elmi araşdırmalar dəstəklənir.
2024-cü ildə “Scopus”da UNEC alimləri tərəfindən çap edilən məqalələrin 81,2%-i 123 ölkənin alimləri ilə, “Web of Science”dəki məqalələrin isə 91%-i 108 ölkədən tədqiqatçılarla birgə hazırlanıb. Bu statistika UNEC-in beynəlxalq akademik elmlə inteqrasiyasını nümayiş etdirir və onun elmi məkanda nüfuzunun getdikcə artdığını sübut edir. Qeyd etdiyimiz kimi, UNEC-in ProQuest Dissertations & Theses Global (PQDT) platformasına qoşularaq, tədqiqatçılarının 3,6 milyondan çox dissertasiyaya çıxışını təmin etməsi universitetin təkcə yerli deyil, qlobal tədqiqat resurslarına inteqrasiyasını göstərir və müəllim-tədqiqatçıların dünyada ən çox istinad edilən elmi işlərə çıxış imkanını təmin edir.
Bundan əlavə, yalnız son beş ildə UNEC tərəfindən 9 yerli və 12 beynəlxalq olmaqla ümumilikdə 21 qrant layihəsi icra olunub. 2022-ci ildən etibarən UNEC-də həm də daxili qrant layihələrinin icrasına da başlanılıb.
Eyni zamanda ProQuest Dissertations & Theses Global platformasına qoşulmaqla UNEC tədqiqatçılara milyonlarla beynəlxalq dissertasiyaya çıxış imkanı yaratmışdır.
– Beynəlxalq əməkdaşlıqlar və ikili diplom proqramları:
UNEC dünyanın nüfuzlu universitetləri ilə bakalavr, magistratura pilləsi və MBA proqramı üzrə ikili diplom proqramları həyata keçirir. Belə ki, Amerika, Fransa, Litva, İsveç, Rusiya, Türkiyə, Özbəkistan və s. ölkələrlə ikili diplom proqramları reallaşdırılır. . Bu proqramlar sayəsində tələbələr eyni zamanda həm UNEC-in, həm də tərəfdaş xarici universitetin diplomunu əldə etmək imkanı qazanırlar. Hazırda UNEC tələbələri qeyd olunan tərəfdaş universitetlərdə bir semestrlik təhsil almaq imkanından geniş şəkildə istifadə edirlər. Eyni zamanda, bir çox nüfuzlu xarici universitetlərlə həyata keçirilən müəllim mübadiləsi proqramları UNEC-də tədris prosesinin təkmilləşdirilməsi və professor-müəllim heyətinin qabaqcıl xarici universitetlərin müsbət təcrübəsindən faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd etdiyimiz kimi, UNEC MBA proqramı ölkədə yeganə olaraq CFA akkreditasiyası almışdır. Bu, universitetin maliyyə sahəsində beynəlxalq standartlara uyğun təhsil verdiyini təsdiqləyir. Hər il bu proqramın tələbələri və müəllimləri CFA proqramının təqaüdlərindən yararlanmaq imkanı əldə etmişlər.
UNEC dinamik inkişaf edən universitet olduğundan beynəlxalq əməkdaşlığın miqyasını da hər gün genişləndirir. 12–14 iyun 2025‑ci il tarixlərində UNEC 95 illik yubiley çərçivəsində “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem” mövzusunda keçiriilən konfransda 24 ölkədən 57 xarici alim iştirak etməsi UNEC-in beynəlxalq əlaqlərinin və nüfuzunu təsəvvür etməyə imkan verir. .
Bir sözlə, çoxsaylı ikili diplom proqramları, beynəlxalq tələbə və müəllim mübadiləsi proqramları, ingilisdilli ixtisaslar və 4 dildə təhsil imkanları ilə UNEC qlobal akademik məkanda tanınan bir universitetə çevrib.
– Tələbə yönümlü idarəçilik:
Son 10 ildə UNEC-in daxili mühitində demokratikləşmə prosesi də diqqətəlayiq şəkildə dərinləşmişdir. “Bir Pəncərə Xidməti”, 1846 Qaynar Xətti, İctimai Nəzarət Şurası ilə “Açıq Qapı” günləri, imtahan sessiyasında 24/7 fəaliyyət göstərən oxu zalları və sosial şəbəkələr üzərindən operativ geribildirim mexanizmləri UNEC-in tələbə mərkəzli strukturunu formalaşdırmışdır. Tələbələrin istəklərinin və problemlərinin dinlənilməsi, onların məmnunluğunun təmin olunması UNEC-də idarəetmənin əsas prinsipinə çevrilmişdir. UNEC-in Elmi Şurasının qəbul etdiyi qərara əsasən, hər kursda ən yüksək bal toplamış 15 tələbəyə ikinci “əlaçı” təqaüdü verilir. UNEC-də 15 tələbə təşkilatı fəaliyyət göstərir, “Tələbə rektor” mövcuddur. Bu təşkilatların rəhbərləri, eləcə də tələbə rektor tələbələr tərəfindən seçilir.
UNEC-də əlilliyi olan tələbələrin də təhsil hüquqlarını təmin etmək və inklüziv təhsili təşviq etmək məqsədilə İnklüziv Təhsil Mərkəzi fəaliyyət göstərir. Görmə və eşitmə məhdudiyyətli tələbələrin tədrisə inteqrasiyası üçün Braille printerləri, ekran oxuyucular və digər texnologiyalar tətbiq olunub, kitabxana resursları uyğunlaşdırılıb, “Audio-kitab” layihəsi çərçivəsində səsli mühazirələr hazırlanıb. Son 10 ildə 300-dən çox müəllim və inzibati heyət üzvü inklüziv tədris üzrə təlimlərə cəlb olunub. UNEC-də təhsil alan həssas kateqoriyadan olan tələbələrin sayı 240-ı keçib.
UNEC-in son onillikdəki elmi uğurları göstərir ki, bu universitet artıq yalnız tədris mərkəzi deyil, elmi biliklərin istehsalçısı və ixracatçısıdır. Universitet süni intellekt, rəqəmsal iqtisadiyyat, maliyyə analitikası, innovasiya idarəçiliyi kimi sahələrdə yeni biliklər yaradır, tətbiq edir və yayır. Bu prosesin nəticəsində UNEC tədricən Azərbaycan elmi sisteminin aparıcı aktorlarından birinə çevrilir.
– Elmi stimullaşdırma:
UNEC-də elmi fəaliyyətin stimullaşdırılması məqsədilə rektor Ədalət Muradovun təşəbbüsü ilə müəllimlərin fəaliyyətinə əsaslanan reytinq sistemi tətbiq olunmuş, pedaqoji və tədqiqatçı fəaliyyətləri ayrı-ayrılıqda qiymətləndirmək üçün H-indeks, Scopus istinadları, xarici dil bilikləri və digər elmi meyarlar əsasında stimullaşdırıcı mexanizmlər qurulmuşdur.
Bu sistemdə 100-dən çox kriteriyaya əsasən, o cümlədən 70%-i tədqiqat fəaliyyəti üzrə, müəllimlərin maaşı müəyyən edilir. Tədqiqatçı statusu alan müəllimlərə maaş artımı (50%) və əlavə üstünlüklər təqdim olunur. Bu statusu almaq üçün “Scopus” bazasında son 5 ildə ən azı 100 istinad, H indeksi isə 8-dən az olmamalıdır. Bu yanaşma UNEC-də elmi məhsuldarlığın keyfiyyət əsaslı olmasına şərait yaradır.
Eyni zamanda xarici dil sertifikatı təqdim edən müəllimlərə 15%-ə qədər əlavə ödəniş verilməsi və tədqiqatçı müəllimlər üçün mütəmadi olaraq beynəlxalq elmi tədbirlərdə iştirak imkanlarının yaradılması, elmi fəaliyyətin davamlı təşviqini təmin edir. Bu istiqamətlərdə aparılan siyasət, müəllimlər arasında elmi fəaliyyətə marağın yüksəlməsinə səbəb olmaqla yanaşı, UNEC-i yaxın illərdə daha nüfuzlu beynəlxalq reytinqlərdə daha da yuxarı sıralara daşıyacaq əsas platformadır.
– Elmi tədqiqatlarda böyük yüksəliş:
UNEC-in son on ildə elmi potensial sahəsində qazandığı nailiyyətlər təkcə ölkə üzrə deyil, beynəlxalq miqyasda da nümunəvi hesab olunur. Universitetin “Web of Science” və “Scopus” elmi bazalarındakı fəaliyyətində kəmiyyət və keyfiyyət baxımından qeyri-adi artım dinamikası müşahidə olunub.
“Scopus” və “Web of Science” bazalarında UNEC alimlərinin məqalələrinin sayı son 10 ildə müvafiq olaraq 277 və 301 dəfə artıb. İstinadların sayı isə “Scopus” üzrə 1000 dəfədən çox, “Web of Science” üzrə 310 dəfə artıb. Bu məqalələrin dünyanın 100-dən artıq ölkəsinin alimləri ilə birgə çap olunub. Belə bir artım tempi dünyanın aparıcı tədqiqat universitetlərində belə nadir hallarda müşahidə olunur və bu, UNEC-in tədqiqat yönümlü universitetə çevrilmək yolunda ciddi dönüş nöqtəsidir.
Üstəlik, bu məqalələrin və istinadların təxminən 98%-i son 10 ilin, daha dəqiq desək, 2015–2024-cü illərin payına düşür. Bu isə bir daha sübut edir ki, universitetin elmi fəallığı əsasən son illərdə həyata keçirilən idarəetmə və motivasiya islahatlarının nəticəsidir.
Təkcə 2024-cü ildə UNEC əməkdaşlarının “Web of Science” platformasında 662 elmi məqaləsi dərc olunub və bu nəşrlərə 3 932 istinad edilib.
2024-cü ilin yekunlarına əsasən, UNEC-in akademik heyəti tərəfindən elmi və tədris fəaliyyəti üzrə mühüm nəticələr əldə olunub. İl ərzində 9 monoqrafiya, 14 dərslik, 16 dərs vəsaiti, 129 fənn proqramı və metodik material, 572 elmi məqalə və 107 tezis nəşr edilib.
2020–2024-cü illər ərzində UNEC-in “Web of Science” platformasında dərc olunan elmi məqalələri Azərbaycan üzrə bütün ali təhsil və elmi müəssisələrin eyni dövrdəki ümumi məqalələrinin 19 %-ni təşkil edib.
2024-cü il ərzində Scopus bazasında UNEC müəlliflərinə məxsus 845 elmi əsər indekslənmiş, bu əsərlərə 6374 istinad olunmuşdur.
UNEC-də alimlərin tədqiqat fəaliyyəti üçün bir sıra istiqamətlər üzrə labaratoriyalar açılıb. Məsələn, Nobel Mükafatı lauratı Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası onlardan biridir.
UNEC müəllim və tədqiqtçılarının elmi fəaliyyətlərinin nəşrini təmin etmək üçün universitetdə “The Æournal of Economic Sciences: Theory and Practice”, “UNEC Æournal of Engineering and Applied Sciences”, “UNEC Tələbə Tədqiqatları jurnalı”, “Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri”, “UNEC EKSPERT” kimi elmi jurnallar fəaliyyət göstərir. UNEC-in ingilis dilində nəşr olunan yeni “UNEC Æournal of Engineering and Applied Sciences” (UNEC ÆEAS) elmi jurnalı Scopus elmi bazasında indeksləşdirilmişdir.
Rektor Ə. Muradovun məlumatına görə, UNEC-in elmi nəşr sahəsində fəaliyyətini genişləndirmək məqsədilə bu ildən daha 3 yeni jurnal tədqiqatçılara təqdim edilib: UNEC Æournal of Economics and Management Advances, UNEC Journal of Computer Science and Digital Technologies, Dizaynın Aktual Problemləri.
Aparılan işlərin təhlili göstərir ki, UNEC son on ildə yalnız bir təhsil müəssisəsi kimi deyil, həm də güclü bir elmi-tədqiqat mərkəzi, analitik düşüncə laboratoriyası və elmi liderliyə iddialı akademik platforma kimi formalaşıb. Elmi nəticələrin beynəlxalq reytinqlərdə tanınması, fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi, elmi fəaliyyətin stimullaşdırılması mexanizmlərinin qurulması və süni intellekt texnologiyalarının tətbiqi bu transformasiyanın əsas dayaqlarıdır.
Bu gün UNEC-in elmi ambisiyaları artıq lokal deyil – universitet UNEC-100 konsepsiyasına uyğun olaraq regionun iqtisadi və sosial elmi mərkəzinə, perspektivdə isə qlobal elmi şəbəkənin nüfuzlu üzvünə çevrilməyi hədəfləyir.
Rektor Ədalət Muradovun vizyonu və islahat fəlsəfəsi
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) son on ildə keçdiyi sürətli inkişaf yolu, həyata keçirilən genişmiqyaslı islahatlar və qazanılan beynəlxalq uğurlar bu ali təhsil müəssisəsini yeni keyfiyyət mərhələsinə daşıyıb. Bu transformasiyanın mərkəzində duran və onu ardıcıl, strateji və milli maraqlara uyğun şəkildə yönəldən şəxs isə universitetin rektoru, professor Ədalət Muradovdur. Onun rəhbərliyi dövründə UNEC sadəcə iqtisadçı kadrlar hazırlayan bir təhsil müəssisəsi deyil, müasir universitet modeli, tədqiqat və innovasiya mərkəzi, rəqəmsal təhsil laboratoriyası, şəffaf idarəetmə nümunəsi və ölkənin intellektual inkişafında öncül rol oynayan bir akademik platformaya çevrilmişdir.
Ədalət Muradov rektor təyin olunarkən Prezident İlham Əliyev tərəfindən qarşıya qoyduğu vəzifələrin bu gün artıq reallığa çevrildiyini söyləmək olar. UNEC-in beynəlxalq reytinqlərdə yüksəlişi, beynəlxalq elmi platformalarda iştirakı, ikili diplom proqramları, startap mərkəzləri və tələbəyönümlü idarəetmə modeli məhz onun rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsidir.
O, idarəetmədə şəffaflıq və nəticəyönümlü yanaşmanı əsas prinsip kimi götürmüş, tələbə məmnunluğunu artırmağa yönələn “açıq qapı” günləri, ictimai nəzarət şuraları və qaynar xətti kimi mexanizmləri uğurla tətbiq etmişdir. UNEC artıq təkcə təhsil məkanı deyil, həm də araşdırma, innovasiya və əmək bazarına inteqrasiya platformasıdır.
Rektor Ədalət Muradovun UNEC-də həyata keçirdiyi islahatların başlıca fəlsəfəsi universitetin milli və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq, tələbə və müəllim mərkəzli müasir idarəetmə modelini tətbiq etmək və təhsilin keyfiyyətini sistemli şəkildə yüksəltmək olmuşdur. Onun təşəbbüsü ilə tətbiq edilən dəyişikliklər forma xarakteri daşımayıb – bu islahatlar dərin məzmuna, ölçülə bilən nəticələrə və davamlı struktur dəyişikliklərinə əsaslanır.
Ən mühüm istiqamətlərdən biri olaraq, universitetdə rəqəmsallaşma prosesi həyata keçirilmiş və ölkədə ilk dəfə rəqəmsal universitet modeli reallaşdırılmışdır. Bu modelin tətbiqi UNEC-in dərs, imtahan, qiymətləndirmə və sənəd dövriyyəsi kimi bütün əsas fəaliyyət sahələrində obyektivlik, şəffaflıq və çeviklik təmin etmişdir.
UNEC-in yuxarıda qeyd olunan bütün nailiyyətləri heç şübhəsiz professor Muradovun vizyonu ilə bağlıdır. Rektorun fəaliyyətindəki əsas prioritetlər kimi bunları göstərə bilərik:
– Şəffaf idarəetmə və hesabatlılıq;
– Tədqiqat yönümlü təhsil sisteminin qurulması;
– Müəllim və tələbə reytinqlərinin obyektiv kriteriyalarla müəyyənləşdirilməsi;
– İkili diplom proqramları və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi;
– Startap və innovasiya mühitinin yaradılması;
– UNEC brendinin daha geniş coğrafiyada tanınması və yayılması.
Professor Ədalət Muradovun təbirincə desək: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni rektor təyin edərkən qarşıma bir vəzifə qoymuşdur: ‘Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır’. Bu gün biz qürurla deyə bilərik ki, bu tapşırıq uğurla yerinə yetirilib”.
UNEC-in gələcək strateji hədəfləri: Yeni dövrə doğru
Bütün bu uğurlar UNEC-in artıq yalnız iqtisadiyyat üzrə ixtisaslaşan universitet deyil, eləcə də qlobal elmi liderlik potensialına malik bir ali məktəbə çevrildiyini sübut edir.
95 illik tarixi olan UNEC bu gün Cənubi Qafqazın aparıcı iqtisadi təhsil ocağı olmaqla yanaşı, həm də müasir idarəetmə, rəqəmsallaşma, beynəlxalqlaşma və elmi nailiyyətlər baxımından bir nümunəyə çevrilmişdir. Bu yubiley təkcə bir mərhələ deyil, eyni zamanda gələcəyə doğru yeni mərhələnin başlanğıcıdır. UNEC-in qazandığı uğurlar, formalaşdırdığı brend, yetirdiyi kadrlar və qurduğu sistem bu universitetin gələcəkdə daha böyük zirvələr fəth etməsinə zəmin yaradır.
Təsadüfi deyil ki, UNEC-in 100 illik yubileyinə gedən yolda əsas hədəflərdən biri universitetin tədqiqat yönümlü ali məktəb kimi tam institusional transformasiyasıdır. UNEC-100 vizionunda aşağıdakı istiqamətlər strateji əhəmiyyət daşıyır:
– Elmi nəticələrin kommersiyalaşdırılması: startaplar, innovativ layihələr və tətbiqi tədqiqatlar nəticəsində yaranan biliklərin iqtisadi dəyərə çevrilməsi;
– İnterdisiplinar tədqiqatların təşviqi: iqtisadiyyatla yanaşı, hüquq, mühəndislik, süni intellekt və sosial elmlər arasında körpülərin qurulması;
– Qlobal tədqiqat şəbəkələri ilə inteqrasiya: Avropa İttifaqının “Horizon Europe”, Asiyanın elmi konsorsiumları və Türk Dövlətləri Təşkilatları ilə birgə layihələrin icrası;
– UNEC Tədqiqat Fondunun yaradılması: gənc tədqiqatçıların, doktorantların və tələbələrin təşəbbüslərini maliyyələşdirmək üçün müstəqil elmi fondun qurulması, ikili diplom proqramlarının sayını artırmaq;
– UNEC elmi jurnallarının beynəlxalq indekslərə daxil edilməsi: jurnalların Scopus və Web of Science bazalarına salınması ilə universitetin elmi nüfuzunun yüksəldilməsi;
– QS və Times Higher Education reytinqlərində ilk 500-lüyə daxil olmaq, regional universitetlər üçün akademik və texnoloji model rolunu oynamaq;
– Süni intellekt və rəqəmsal transformasiyaya əsaslanan yeni təhsil modullarını tətbiq etmək və s.
Qeyd edək ki, rektor Ədalət Muradovun son çıxışlarında UNEC-in elmi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi süni intellekt texnologiyalarına xüsusi yer ayırması diqqəti çəkir. Rektorun fikirləri göstərir ki, süni intellekt artıq təhsil və elmdə “opsional texnologiya” deyil, zərurətə çevrilib. UNEC də bu sahədə qabaqcıl mövqe tutaraq, AI əsaslı tədris metodları, idarəetmədə alqoritmik qərar modelləri və elmi araşdırmalarda maşın öyrənməsi üsullarının tətbiqinə başlamışdır.
Universitetin məqsədi yalnız bu texnologiyaları qəbul etmək deyil, süni intellekt sahəsində tədqiqatlar aparmaq, rəqəmsal iqtisadiyyatın və AI idarəetmə sistemlərinin nəzəri əsaslarını yaratmaqdır. Bu istiqamətdə UNEC-də Süni İntellekt və Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin yaradılması nəzərdə tutulur. Həmçinin tələbələrə süni intellekt alqoritmləri üzrə baza bilikləri verən yeni fənlər və modullar artıq bəzi ixtisaslara inteqrasiya olunub.
Rektor Ədalət Muradov bu barədə belə deyir: “Elmi fəaliyyətin bütün mərhələlərini – tədqiqat təşəbbüsündən başlayaraq nəticələr yayımlanana qədər olan mərhələləri rəqəmsal mühitə keçirməklə şəffaflıq, məsuldarlıq və qlobal inteqrasiya səviyyəsini yüksəltmək dövrün əsas tələbədir”.
Onun fikirləri göstərir ki, UNEC-in elmi strategiyasında süni intellekt təkcə vasitə deyil – bu, yeni bir elmi paradiqmadır.
Qeyd olunanlar və bu məqalədə əks olunmayan çoxsaylı uğurlu işlər, böyük hədəflərə doğru inamlı yürüş göstərir ki, Azərbaycan Dövlət İqtisad Universiteti 95 illik inkişaf yolu ilə yalnız zəngin keçmişə deyil, eyni zamanda möhkəm təmələ və aydın gələcəyə sahibdir. UNEC bu gün dünənkindən daha böyük əzmlə ölkənin iqtisadi intellektual potensialının formalaşmasına, rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsinə və beynəlxalq təhsil məkanında Azərbaycanın mövqeyinin gücləndirilməsinə xidmət edir.
UNEC-in gəncləşən və güclənən siması təkcə maddi-texniki yeniliklərdə deyil, həm də elmə, şəffaflığa, innovasiyaya və inkişafa əsaslanan yeni dəyərlərində öz əksini tapır. Bu isə onu göstərir ki, UNEC gələcək nəsillər üçün də etibarlı bilik ünvanı olaraq qalacaq!
İsmayıl İsmayılov
UNEC-in “Biznes və logistika” kafedrasının dosenti