Elmi Şuranın yeni tədris ilində ilk iclası keçirilib

10 SENTYABR 2025 | VIEWS:

UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib.

UNEC rektoru, professor Ədalət Muradov şura üzvlərini yeni tədris ilinin başlaması münasibətiə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Rektor UNEC-də həyata keçirilən yeniliklərin müsbət nəticələr verdiyini diqqətə çatdıraraq, yeni tədris ilində UNEC-ə bakalavriatura, magistratura səviyyəsinə qəbulun, eləcə də əcnəbi tələbələrin qəbulunun uğurla aparıldığını bildirib. Professor Ədalət Muradov yeni tədris ilində bir sıra yeniliklərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Elmi Şurada UNEC İmtahan mərkəzinin direktoru Tahir Bədəlov 2024/2025-ci tədris ilinin yaz semestrinin sessiya imtahanlarının nəticələri haqqında hesabatla çıxış edib.

Sonra Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev 2024/2025-ci tədris ilinin Yay semestrinin yekunları haqqında məlumat verib. Bildirib ki, Yay semestrində UNEC, Zaqatala filialı və digər universitetlərdən ümumilikdə 1098 tələbə iştirak edib. O, qeyd edib ki, ölkə üzrə Yay məktəbinə müraciət edən tələbə sayı ən çox UNEC-in payına düşür. Hesabatda bildirilib ki, hibrid formada təşkil olunan Yay semestrində 34,6 faiz tələbə dərsləri ənənəvi, 65,2 faizi onlayn, 2 faiz isə qarışıq formada dinləyib.

Tədris üzrə prorektor dos. Gəray Musayev isə yeni tədris ilində qarşıda duran vəzifələr haqqında danışıb. Bildirib ki, II kursda təhsil alan tələbələr üçün XDİAK-IV fənni üzrə imtahanlar Aptis imtahan formatında Britaniya Şurasının tərəfindən aparılacaq. Eyni zamanda bu tədris ilində ixtisas, eləcə də seçmə ixtisas fənlərinin imtahanları yazılı, qeyri-ixtisas fənlərinin imtahanları isə test formasında təşkil olunacaq. Prorektor bu istiqamətdə həyata keçiriləcək tədbirləri də şura üzvlərinin diqqətinə çatdırıb.

Şurada Xarici Dillər Departamentinin direktoru dos. Aysel Xəlilova XDİAK fənninin qiymətləndirilməsi ilə bağlı Qaydalara dair təklifləri səsləndirib.

İclasda həmçinin “Tələbə-dekan fəaliyyəti və seçkilərinin keçirilməsi haqqında” Əsasnamə, eləcə də “UNEC Karyera və İnkişaf” təşkilatı haqqında Əsasnamə təsdiq edilib.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib. 

Elmi Şuranın yeni tədris ilində ilk iclası keçirilib