Belə ki, onlar içərisində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 4 tələbəsi yer alır.
Onlar – Rəyyan Şabanova, Cabir Ömər, Zaman Tahirli və Nilufər Zeynnalıdır. Hər biri Beynəlxalq İqtisadiyyat Məktəbində (lSE) “Maliyyə” ixtisası üzrə təhsil alır.
AzEdu.az həmin tələbələrlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.
Təqaüdə layiq görülən Rəyyan Şabanova məktəb illərindən etibarən təhsil aldığı sahəyə xüsusi marağının olduğunu qeyd edib:
“Hər zaman çalışmağa və öyrənməyə maraqlı biri olmuşam. Düşünürəm ki, insan daim özünü inkişaf etdirməlidir. Gələcək məqsədim peşəkar biliklərimi dərinləşdirərək ölkəmizin inkişafına böyük töhfə verən gənclərdən biri olmaqdır. Buna nail olmaq üçün əlimdən gələni etməyə hazıram.
Bu təqaüd mənim üçün çox böyük əhəmiyyət daşıyır, çünki o, sadəcə maddi dəstək deyil, həm də motivasiya mənbəyidir. Bu, gənclərin əməyinə və səylərinə göstərilən yüksək qayğının göstəricisidir. Ölkəmizin çalışqan şagirdlərə göstərdiyi dəstək bizim üçün çox dəyərlidir.
Motivasiyalarımdan biri məqsədlərimə olan inamım və səbrlə irəliləməyimdir. Müəllimlərim, dostlarım və xüsusilə də ailəm bu yolda mənəvi cəhətdən mənə böyük dayaq olublar. Hətta deyərdim ki, ən böyük motivasiyam məhz onların dəstəyidir. Düşünürəm ki, ən güclü xüsusiyyətim səbirli və məsuliyyətli olmaqdır. Qarşıma çıxan hər bir çətinliyi inam və imanla qarşılamaq mənə güc verir.
Uğurlu tələbə olmaq üçün yalnız dərs oxumaq kifayət deyil. Elm bilikdən daha geniş anlayışdır — o, həm də dəyərləri və məsuliyyəti əhatə edir. Oxuduğumuz bilikləri həyatla əlaqələndirməyi, onları cəmiyyətə faydalı şəkildə tətbiq etməyi bacarmaq da vacibdir. Gələcəkdə, Allahın izni ilə, ixtisasım üzrə peşəkar mütəxəssis olub ölkəmizin iqtisadi inkişafına töhfə vermək, eyni zamanda beynəlxalq təcrübə qazanaraq əldə etdiyim bilikləri Azərbaycanda tətbiq etmək istəyirəm.
Tövsiyəm odur ki, heç vaxt yalnız nəticəyə fokuslanmasınlar, çünki əsas olan düzgün yolda irəliləməyi bacarmaqdır. Unutmasınlar ki, hər bir çətinlik bir sınaqdır və səbir edən üçün sonda həmişə xeyir vardır. İstərdim ki, təhsil sistemi daha çox praktik biliklərə və yaradıcılıq yönümlü düşüncəyə əsaslansın. Gənclərin innovativ ideyalarına xüsusi yer verilsin. Həmçinin yaxşı olardı ki, təhsil sistemində mənəvi və insani dəyərlərin aşılanmasına da diqqət yetirilsin”.
Həmsöhbətimiz Cabir Ömərin sözlərinə görə, Prezident təqaüdünə layiq görülmək böyük qürur və motivasiya mənbəyidir:
“2014-cü ildə Bakı şəhəri Xətai rayonu 261 nömrəli məktəb-liseyin I sinfinə daxil olmuşam. Məktəb illəri ərzində hər zaman fəal şəkildə dərslərdə iştirak etmiş, bütün illəri yüksək nəticələrlə başa vurmuşam.
Təhsil aldığım müddətdə bir çox məktəbdaxili və respublika səviyyəli yarışlarda iştirak etmişəm. 2015-ci ildə “Bebras” və 2019-cu ildə “AlpLogo-2019” proqramlaşdırma olimpiadasında Respublika üzrə III yerə layiq görülmüşəm. 2020-ci ildə isə “Lütfi Zadə” adına məktəblilərarası V Məntiq Olimpiadasının final turuna yüksəlmişəm.
2025-ci ildə Bakı şəhəri Nəsimi rayonu UNİSER MMC-nin nəzdində fəaliyyət göstərən tam orta məktəbin 11-ci sinfini bitirmişəm. Həmin il qəbul imtahanlarında 677,8 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) Maliyyə (tədris ingilis dilində) ixtisasına qəbul olunmuşam.
Prezident təqaüdünə layiq görülmək mənim üçün böyük qürur və motivasiya mənbəyidir. Bu, sadəcə dərslərdə yüksək nəticə göstərmək deyil, həm də mənə duyulan inamın təzahürüdür. Bu etimad məni daha çox öyrənməyə, öz üzərimdə işləməyə və gələcəkdə uğurlu bir şəxsiyyət kimi formalaşmağa ruhlandırır”.
“Mən bu təqaüdü həm zəhmətimin bəhrəsi, həm də qarşıdakı illər üçün məsuliyyət kimi qəbul edirəm”,- deyə fikrinə əlavə edib:
“Bu uğura gedən yolda məni ən çox motivasiya edən amillər özümə qoyduğum hədəflər, qətiyyətim, inamım, eləcə də valideynlərimin, yaxınlarımın və müəllimlərimin mənə göstərdiyi dəstək oldu. Onların mənə olan güvəni daim motivasiya mənbəyimə çevrildi. Eyni zamanda, gələcəkdə özümü inkişaf etdirərək həm ölkəm üçün, həm də fərdi olaraq uğurlu və faydalı bir şəxsiyyətə çevrilmək arzusu mənə həm güc, həm də istiqamət verirdi.
Mənim bir çox müsbət xüsusiyyətim olsa da, xüsusilə düşüncə tərzimi və hadisələrə yanaşma qabiliyyətimi vurğulamaq istərdim. Düşünürəm ki, düşünmə tərzim və baxış bucağım bir qədər fərqlidir. Bu fərqlilik mənə özümü daha xüsusi hiss etdirməklə yanaşı, daim inkişaf etməyə və daha yaxşı nəticələr əldə etməyə əlavə motivasiya verir.
Uğurlu tələbə olmaq üçün təkcə dərs oxumaq kifayət deyil. Uğur yalnız bir istiqamətə köklənməklə deyil, balanslı və dolğun bir tələbə həyatı yaşamaqla mümkündür. Vaxtı düzgün bölmək, dərslərlə yanaşı şəxsi inkişafa, istirahətə və sosial həyata da yer ayırmaq vacibdir. Tələbə müxtəlif fəaliyyətlərdə iştirak etməklə, ünsiyyət qurmaqla və yeni təcrübələr qazanmaqla həm dünyagörüşünü genişləndirir, həm də öyrəndiklərini daha dərindən mənimsəyir.
Gələcəkdə özümü əsasən maliyyə və investisiya sahəsində görürəm. Mənim üçün əsas məqsəd şəxsi inkişafımla yanaşı ağıllı maliyyə qərarları verərək uğurlu layihələrdə iştirak etməkdir. Bu sahədə daha çox təcrübə qazanmaqla həm özümü təkmilləşdirmək, həm də ətrafımdakı insanlara faydalı olmaq istəyirəm.
Mənim kimi uğur qazanmaq istəyən gənclərə tövsiyəm odur ki, motivasiyanızı və intizam səviyyənizi qoruyun. Dəqiq məqsədlər müəyyən edin, dərslərinizə məsuliyyətlə yanaşın, eyni zamanda günün digər saatlarında sizi ruhlandıran fəaliyyətlərlə məşğul olun. Xarici dil öyrənməyə çalışın – bunun üçün filmlər izləmək, musiqi dinləmək, müxtəlif mənbələrdən faydalanmaq çox önəmlidir. Dünyagörüşünüzü artırın, dünyada baş verən hadisələri izləyin, müxtəlif xalqların mədəniyyətini tanımağa çalışın. Bu, həm istirahətinizi səmərəli edəcək, həm də şəxsiyyət kimi inkişafınıza töhfə verəcək.
İmtahanlara hazırlaşdığım dövr ərzində mənə dəstək olan bütün müəllimlərimə, xüsusilə repetitor müəllimlərimə dərin təşəkkürümü bildirirəm. Uğurumda əsas rol oynayan amillərdən biri məhz intizamım və məqsədyönlülüyümdür. İbtidai siniflərdən etibarən dərslərə hər zaman hazırlıqlı olmuşam. Bəzən aşağı nəticə göstərəndə, öz üzərimdə daha çox çalışaraq nailiyyətimi artırmağa nail olmuşam. Hər zaman davamlı və məsuliyyətli şəkildə oxumağa çalışmışam.
Bu keyfiyyətlərin formalaşmasında valideynlərimin və müəllimlərimin rolu danılmazdır. Onlara xüsusi təşəkkürümü bildirirəm. İbtidai sinif şagirdlərinə və onların valideynlərinə tövsiyəm budur ki, bu dövrü maksimum səmərəli keçirsinlər və baza biliklərini möhkəmləndirməyə çalışsınlar – gələcəkdə bunun faydasını mütləq görəcəklər.
Mənim fikrimcə, təhsilin inkişafı üçün ilk növbədə şagirdlərə təhsili sevdirmək lazımdır. Nəzəri biliklərlə yanaşı, praktiki fəaliyyətlərə, yaradıcılığa və müasir texnologiyalardan səmərəli istifadəyə geniş yer verilməlidir. Eyni zamanda, qiymətləndirmə sistemi şagirdlərdə stres yox, motivasiya yaratmalı, onları təşəbbüskar və özünəinamlı olmağa həvəsləndirməlidir”.
ZamanTahirli gələcəkdə özünü şəxsi sektorda gördüyünü bildirib:
“Nizami rayonunda yerləşən 129 nömrəli tam orta məktəbin məzunuyam. Buraxılış imtahanından 295, qəbul imtahanından isə 382,6 bal olmaqla cəmi 677.6 bal toplamışam. Prezident təqaüdünə layiq görülmək mənim üçün sərf etdiyim zaman və əməyin göstəricisidir. Ən çox motivasiya edən faktor gələcəyə ümid hesab edirəm.
Digərlərinə nisbətən təmkinli olmağımı güclü cəhətlərimdən biri kimi sayıram. Oxumaqla əlavə məşğul olduğum sahədə müəyyən motivasiya və dəqiq məqsədlərin olması vacibdir.
Gələcəkdə özümü şəxsi sektorda görürəm. Səbirli olmağı və özünə müəyyən məqsəd qoymağı gənclərə tövsiyə edirəm. Orta məktəblərdə dərsdənkənar məşğuliyyətlərə daha çox yer ayırılmağını arzu edərdim”.
Təqaüdə layiq görülən digər tələbə Nilufər Zeynallı Beynəlxalq İqtisadiyyat Məktəbində (lSE) “Maliyyə” ixtisası üzrə təhsil alır. Onunla təəssüratlarını bilmək üçün əlaqə saxlamağa çalışsaq da o, bununla bağlı açıqlama vermək istəmədiyini qeyd edib.