UNEC nümayəndə heyəti Qırğızıstanda: Manas Universiteti ilə əməkdaşlıq imkanları genişləndirilir

26 NOYABR 2025 | VIEWS:

UNEC-in bir qrup nümayəndə heyəti universitetlərarası əlaqələri genişləndirmək və yeni tərəfdaşlıq imkanlarını dəyərləndirmək məqsədilə Qırğızıstanda işgüzar səfərdədir.

Səfərin ilk günündə tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova, elmi katib Ərəbiyyə Mustafayeva, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov, Daxili audit şöbəsinin müdiri, dosent Rəşad Muradov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova Qırğızıstan–Türkiyə Manas Universitetində olublar.

Görüş Azərbaycan Respublikasının Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovun dəstəyi və iştirakı ilə baş tutub. Universitetin rektoru, Prof. Dr. Alparslan Ceylan ilə keçirilən görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası və qarşılıqlı akademik mübadilə imkanları müzakirə olunub.

Səfir Lətif Qəndilov çıxışında türk dünyası ölkələri arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində ali təhsil müəssisələrinin əməkdaşlığının xüsusi önəm daşıdığını vurğulayıb. O, Azərbaycanın aparıcı universiteti olan UNEC ilə Manas Universiteti arasında qurulan münasibətlərin həm təhsil, həm də elm sahəsində mühüm töhfələr verəcəyindən əminliyini ifadə edib.

Daha sonra Manas Universitetinin dekanları və müvafiq struktur rəhbərlərinin iştirakı ilə müəllim-tələbə mübadiləsi, akademik əməkdaşlıq, ikili diplom proqramları, birgə elmi nəşrlər və digər istiqamətlər üzrə geniş müzakirələr aparılıb.

Tərəflər əməkdaşlığın rəsmiləşdirilməsi məqsədilə memorandum imzalanması barədə razılığa gəliblər.

Səfər çərçivəsində UNEC nümayəndələri, həmçinin, Manas Universitetinin təşkil etdiyi beynəlxalq simpoziumda da iştirak ediblər.

Türk dünyası ölkələrinin bir sıra ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi simpoziumda dosent Səadət Qəndilova və professor Əvəz Ələkbərov UNEC-in rəqəmsal tədris və idarəetmə modeli, təhsil mühiti və beynəlxalq əməkdaşlıq imkanları barədə iştirakçıları məlumatlandırıblar.

UNEC nümayəndə heyəti Qırğızıstanda: Manas Universiteti ilə əməkdaşlıq imkanları genişləndirilir