UNEC-də ilk dəfə universitet vəsaiti ilə tələbə startap müsabiqəsi keçirilir

22 DEKABR 2025 | VIEWS:

UNEC-də startap hərəkatının genişləndirilməsi istiqamətində növbəti yeniliyə imza atılıb.

İlk dəfə olaraq, UNEC-in daxili vəsaiti hesabına “Tələbə-StartUp” müsabiqəsi təşkil olunub və tələbələr öz ideyalarını sınamaq, inkişaf etdirmək və startap kimi formalaşdırmaq imkanı qazanıblar.

Tələbələr tərəfindən təqdim olunan layihələr müsahibə mərhələsində dəyərləndirilib və nəticədə 9 startap ideyası qalib seçilib. Qalib komandalar UNEC rektoru professor Ədalət Muradov ilə görüşərək, layihələri və gələcək planları barədə müzakirə aparıblar.

Görüş zamanı professor Ədalət Muradov tələbələrin ideyalarının real layihələrə çevrilməsini universitet üçün vacib istiqamət kimi qiymətləndirib və tələbə startaplarının sayının artırılmasının UNEC-in əsas prioritetlərindən biri olduğunu vurğulayıb: “Bu müsabiqə tələbələri yaradıcı düşünməyə, risk almağa, yeni ideyaları sınaqdan keçirməyə, səhv etməkdən çəkinməməyə və sahibkarlıq dünyası ilə erkən tanış olmağa təşviq edən və dəstək göstərən bir platformadır.”- deyə, rektor bildirib. O, tələbələrin yeni düşüncələrinə və təşəbbüslərinə dəstəyin davamlı olacağını qeyd edib.

Qalib komandalar üçün daha bir vacib addım da atılıb. Belə ki, layihələrə StartUp şəhadətnaməsinin alınması və müəlliflik hüquqları ilə bağlı sənədlərin əldə olunmasına dəstək göstərilməsi barədə rektor tərəfindən müvafiq tapşırıq verilib.

Tələbələr ideyalarına göstərilən dəstəyi yüksək qiymətləndirərək, bu cür təşəbbüslərin onların özlərinə inamını artırdığını, gələcək planlarını daha aydın görmələrinə kömək etdiyini və onlarda real biznes düşüncəsi formalaşdırmaq üçün mühüm fürsət yaratdığını bildiriblər.

“Tələbə-StartUp” müsabiqəsinin qalibi olan layihələr isə bunlardır: “CVE.Labs. Every CVE deserves a lab”, “PixelSwift No-Code Website Builder Platform”, “Qaraj – Avtomobil sahibləri üçün ani xidmət platforması”, “Renter.az”, “FOODO”, “Yumio – Yemək və məkan kəşfi üzrə ağıllı naviqasiya platforması”, “TapSür”, “YumaX – Azərbaycanın ilk mobil avtoyuma xidməti və marketplace platforması” və “Büdcə Dostu”.

UNEC-də ilk dəfə universitet vəsaiti ilə tələbə startap müsabiqəsi keçirilir