Səfərin ilk günündə rektor Ədalət Muradov, Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev, professor Mahirə Hüseynova, akademik Muxtar İmanov və UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru dosent Etibar Əliyevdən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüblər.
Görüş zamanı Ceyhun Cəlilova UNEC-in təşəbbüsü barədə məlumat verilib. O, məzunu olduğu UNEC-in təşəbbüsünü yüksək qiymətləndirib. Görüşdə Naxçıvanın gələcək inkişafı ilə bağlı Prezident İlham Əliyevin tapşırıqları ilə bağlı fikir mübadiləsi aparılıb.
“Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü çərçivəsində növbəti görüş Naxçıvan Dövlət Universitetində (NDU) olub.
Nümayəndə heyəti NDU-nun kampusu və mövcud tədris-elmi infrastrukturu ilə ətraflı tanış olublar. Tanışlıq zamanı universitetdə fəaliyyət göstərən Naxçıvan İnnovasiya Mərkəzini ziyarət edilib, burada həyata keçirilən innovativ layihələr, startap təşəbbüsləri və gənclərin elmi-texnoloji inkişafına yönəlmiş fəaliyyətlər onların diqqətinə çatdırılıb. Həmçinin Pedaqoji fakültədə fəaliyyət göstərən Texnologiya Mərkəzi, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində yerləşən Biotexnologiya Mərkəzinin fəaliyyəti, eləcə də mövcud laboratoriya imkanları və elmi tədqiqat istiqamətləri barədə məlumatlandırılıblar.
Səfər çərçivəsində Tibb fakültəsinin Sitologiya və Anatomiya kabinələri, eləcə də Stomatoloji Simulyasiya Mərkəzi nümayəndə heyətinə təqdim edilib.
Bundan əlavə, nümayəndələr NDU-nun Tələbə yataqxanası, Qonaq evi və Elmi Kitabxanasını gəzərək, tələbələr və qonaqlar üçün yaradılan sosial-məişət şərait, eləcə də elmi informasiya resursları ilə yaxından tanış olublar.
Sonra isə NDU-nun professor-müəllim heyəti ilə görüş keçirilib.
Elmin populyarlaşdırılması təşəbbüsü çərçivəsində bu dəfəki tədbirdə Prezident İlham Əliyevin tövsiyələrini əsas tutularaq, ana dilinin saflığının qorunması və inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib. Rektor Ədalət Muradov UNEC-in təşəbbüsü və NDU ilə bu istiqamətdə əməkdaşlığın vacibliyindən danışıb.
Professor Mahirə Hüseynova və akademik Muxtar İmanovun Azərbaycan dili ilə bağlı fikirlərini iştirakçılar böyük maraqla dinləyiblər. UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru dosent Etibar Əliyev isə elmin populyarlaşdırılmasının əhəmiyyəti və xarici təcrübəni iştirakçılarla bölüşüb.
Görüş zamanı ali təhsil müəssisələri arasında elmi əməkdaşlıq, innovasiya yönümlü layihələrin birgə icrası və akademik mübadilə imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Sonda isə UNEC və NDU arasında Əməkdaşlığa dair Memorandum imzalanıb.