UNEC Zaqatala filialı regionun ali təhsil mərkəzinə çevrilir

20 FEVRAL 2026 | VIEWS:

“Azərbaycan müəllimi” qəzeti

“Biz regionun gələcəyini formalaşdırırıq” – UNEC Zaqatala filialının direktoru

Zaqatalanın səhəri sakit, amma bir o qədər də işgüzar qarşılayır insanı. Dağların ətəyində yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialı bu sakitliyin içində öz dinamizmi ilə seçilir. “Azərbaycan müəllimi” olaraq bölgədə ali təhsilin inkişafını yaxından izləmək üçün bu gün filialdayıq. Direktor Raqif Qasımovıa söhbətimiz filialın yenilənmiş kampusunda başlayır. Auditoriyalarda tələbələrin müzakirə aparması, koridorlarda elmi təqdimatlara hazırlaşan gənclərin addım səsləri hiss etdirir ki, burada təhsil anlayışı yalnız dərs otaqları ilə məhdudlaşmır. 

Biz də bu canlı ritmin içində direktorla ətraflı söhbətə başlayırıq.

– UNEC Zaqatala filialının əsas strateji hədəfləri nələrdir?

-Biz filialın inkişafını “UNEC-100” İnkişaf Strategiyası ilə sinxronlaşdırmışıq. Məqsəd regionda elm, təhsil və sosial məsuliyyət baxımından lider ali təhsil mərkəzinə çevrilməkdir. Bunun üçün 7 strateji məqsəd müəyyən etmişik:

  1. Keyfiyyətli ali təhsil verən filial olmaq;
  2. Elmi-tədqiqat işlərini təkmilləşdirmək;
  3. Filial–əmək bazarı əməkdaşlığını genişləndirmək;
  4. Sosial xidmətlərdə aparıcı təhsil ocağına çevrilmək;
  5. Beynəlxalq əlaqələri sistemli şəkildə inkişaf etdirmək;
  6. Çevik universitet idarəetmə modelini həyata keçirmək;
  7. Ölkənin yüksək reytinqli filialları sırasında mövqeyimizi gücləndirmək.

Bu hədəflər konkret fəaliyyət planı ilə müşayiət olunur və mərhələlərlə icra edilir.

– Son illər beynəlxalq əməkdaşlıq sahəsində hansı yeni təşəbbüslər formalaşıb?

– 2025/2026-cı tədris ilində beynəlxalq əməkdaşlıqlarımız ciddi şəkildə genişlənib. Dağıstan Dövlət Universitetinin Xasavyurt filialı ilə ilkin əməkdaşlıq razılığı əldə etmişik. Türkiyənin Sakarya Universiteti, Bolu Abant İzzet Baysal Universiteti və Süleyman Dəmirəl Universiteti ilə praktiki əməkdaşlıq prosesinə başlanılıb. İsparta Tətbiqi Elmlər Universiteti ilə mövcud Memorandum əsasında əməkdaşlığı daha da dərinləşdirmişik, müəllim mübadiləsi, birgə təlimlər və akademik fəaliyyətlər artıq real layihələr səviyyəsinə keçib. Türkiyəyə etdiyimiz işgüzar səfər çərçivəsində Hacettepe, Gazi, Hacı Bayram Veli və ODTÜ ilə də yeni perspektivləri dəqiqləşdirdik. Bu universitetlərlə əməkdaşlıq şəbəkəsinin qurulması filialın beynəlxalq profilləşməsi üçün böyük addımdır.

– Xarici universitetlərlə imzalanan memorandumların real nəticələri nələrdir?

– Memorandumlar kağız üzərində qalmır, real fəaliyyətə çevrilir. İsparta Tətbiqi Elmlər Universiteti ilə birgə tədqiqat qrupu formalaşdırılıb və rəqəmsal iqtisadiyyat, rəqəmsal turizm sahələrində araşdırmalar aparılır. İki ortaq məqalə alimlər tərəfindən hazırlanır. Bundan başqa, 270 nəfərin iştirakı ilə “Rəqəmsal Gələcəyə Birgə Baxış” onlayn təlim proqramını təşkil etmişik. Sakarya və Bolu Abant İzzet Baysal universitetlərinin professorları filialımızda dərs deyiblər. Daşkənd Dövlət İqtisad Universiteti ilə bir semestrlik dərs fəaliyyəti və müəllim mübadiləsi planlaşdırılır. Bu əməkdaşlıqlar həm elmi, həm də akademik təcrübənin beynəlxalq mühitlə inteqrasiyasını gücləndirir.

– Beynəlxalq layihələrdə müəllim və tələbələrin iştirakı nə səviyyədədir?

– 2024-cü ilin mayında Türk Dünyası Birliyinin Orhun Mübadilə Proqramında müəllimimiz Ramil Mirəliyev Bursa Uludağ Universitetində “Yumşaq bacarıqlar” fənnini tədris etdi. Universitet onun dərs metodikasını yüksək qiymətləndirdi və bu, bizim üçün böyük göstəricidir. Bu, həm də UNEC Zaqatala filialının beynəlxalq akademik arenaya çıxış imkanlarının artdığını göstərir.

– Filialın regionun sosial-iqtisadi inkişafına töhfəsi hansı mexanizmlərlə həyata keçirilir?

–Burada əsas məqsəd yerli kadr bazasını gücləndirməkdir. Tələbələrin ali təhsilə əlçatanlığını artırır, ixtisaslı kadr hazırlayırıq. Yerli və xarici qurumlarla əməkdaşlıq çərçivəsində praktiki məşğələlər, təlimlər və məşğulluq proqramları həyata keçirilir. Regionda iqtisadi təfəkkürün inkişafı üçün bu mexanizmlər çox vacibdir.

– Region üçün kadr hazırlığında hansı ixtisaslar prioritetdir?

-Bu gün iqtisadiyyat, maliyyə, mühasibat, menecment, marketinq, turizm, biznesin idarə edilməsi və informasiya texnologiyaları üzrə hazırlıq region üçün ən vacib istiqamətlər sayılır. Tələbələr sistemli bilik və praktiki bacarıqlar qazanır, analitik düşünmə və qərarvermə vərdişləri formalaşdırılır.

– Cari tədris ilində qəbul göstəriciləri necə olub?

– Bu il 352 tələbə qəbul olunub. Bu, əvvəlki illərlə müqayisədə artımdır. Maksimal qəbul balı 464 olub. Ən diqqətçəkən məqam isə tələbələrin 13 iqtisadi rayondan qəbul olunmasıdır. Bu fakt UNEC Zaqatala filialının artıq regional deyil, respublika səviyyəsində tanınan ali təhsil mərkəzinə çevrildiyini göstərir.

– Tələbələrin məşğulluğu üçün hansı tərəfdaşlarla işləyirsiniz?

– “Kainat” Tədris Mərkəzi, “Balxurma” MMC, “Competo MMC (UMİCO)”, “Atena” MMC, “Labstyle” Hospital, “Yeni Çinar” Hotel, “Lecheq Farm&Distillery”, “Premium” Hotel və bir çox yerli müəssisələrlə əməkdaşlıq edirik. Bu tərəfdaşlıqlar tələbələr üçün həm təcrübə, həm də iş imkanları yaradır.

– Tədrisin keyfiyyətinin artırılması üçün hansı innovativ metodlardan istifadə olunur?

-Frontal sorğu, fəal təlim metodları, kiçik qruplarla iş, yazılı testlər, case study və layihə əsaslı dərslər tədris prosesini dinamik edir. “EDUMAN” Elektron Universitet Modeli bütün fəaliyyətlərin rəqəmsal idarə edilməsinə imkan verir.

– Rəqəmsal təhsil istiqamətində hansı yeniliklər tətbiq edilir?

-Yeni kompüter laboratoriyası, İKT otağı, yüksək sürətli wi-fi, elektron sənəd sistemi və turniket sistemi fəaliyyət göstərir. EDUMAN və Zoom inteqrasiyası dərsə davamiyyəti avtomatik qeydə alır. Tələbələr 24/7 elektron arayış ala bilirlər. 

– Elmi-tədqiqat fəaliyyəti hansı mərhələdədir?

– 2025-ci ildə 34 məqalə dərc olunub, onların 10-u “Scopus” indekslidir. Bu, filial üçün mühüm irəliləyişdir. Akademik heyətin tədqiqat bacarıqlarının artırılması prioritet istiqamətdir.

– Tələbə evi və idman zalının fəaliyyəti haqqında nə deyə bilərsiniz?

– Tələbə evinin tutumu 73-dən 155 yerə qaldırılıb. Otaqlar smart-kart sistemi, wi-fi, kondisioner və sanitar qovşaqlarla təchiz olunub. Ayrıca istirahət otağı, oxu zalı və yeməkxana fəaliyyət göstərir. İdman zalı isə 535 kvadratmetr ərazidə basketbol, voleybol və fitnes üçün xüsusi sahələrə malikdir.

– Filialın beynəlmiləlləşmə strategiyasının gələcək istiqamətləri necə müəyyənləşdirilib?

– Hədəfimiz tələbə və müəllim mobilliyini artırmaq, ikili diplom proqramları yaratmaq, elmi layihələri beynəlmiləlləşdirmək və xarici tələbələrin sayını artırmaqdır. Bu, həm filialın nüfuzunu, həm də akademik keyfiyyətini yüksəldəcək.

Müsahibədən ayrılarkən kampusda həyat davam edirdi: bir auditoriyada tələbələr müzakirəyə hazırlaşır, başqa bir otaqda proqramlaşdırma üzrə layihə komandasının iclası gedirdi. Aydın görünürdü ki, bu filial yalnız bir təhsil məkanı deyil, regionun gələcək kadrlarını formalaşdıran düşüncə mərkəzidir.

UNEC Zaqatala filialı bölgənin ali təhsil xəritəsində mühüm yer tutur və direktor Raqif Qasımovun sonda dediyi kimi: “Biz Zaqatalada yalnız diploma doğru yol açmırıq, regionun gələcəyini formalaşdırırıq”.

UNEC Zaqatala filialı regionun ali təhsil mərkəzinə çevrilir