UNEC-də “Elm Günləri”: Qərbi Azərbaycana Qayıdış dövlət siyasətinin prioritet istiqamətlərindəndir

02 APREL 2026 | VIEWS:

“Elm Günləri” aprelin 2-də “Qərbi Azərbaycana qayıdış konsepsiyası” mövzusunda tədbirlə davam edib.

Tədbiri giriş sözü ilə açan UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, “Qərbi Azərbaycana qayıdış konsepsiyası” mövzusu xalqımızın yaddaşında dərin iz buraxmış tarixi əsaslara söykənir. Bu, yalnız keçmişə nəzər salmaq deyil, eyni zamanda gələcəyə yönəlmiş strateji baxışın formalaşdırılması deməkdir. O qeyd edib ki, burada təkcə bir ideya deyil, həm də tarixi ədalətin bərpasına yönəlmiş konseptual yanaşma müzakirə edilir:

“Qərbi Azərbaycana qayıtmaq təkcə coğrafi məkana qayıtmaq deyil, həm də Qərbi azərbaycanlıların özünə, doğma yurd-yuvasına, poeziyasına və milli kimliyinə qayıdışıdır. Bu mövzuda emosional yanaşmadan daha çox, faktlara və hüquqi əsaslara söykənən mövqenin gücləndirilməsi vacibdir. Qərbi Azərbaycandan olan soydaşlarımızın mədəni irsi, adət-ənənələri, toponimləri və tarixi yaddaşı ümummilli sərvətimizdir. Bu irsin qorunaraq gələcək nəsillərə çatdırılması isə hər birimizin borcudur.

İlham Əliyev tərəfindən imzalanan müvafiq sərəncam və təsdiq edilən konsepsiya bu qayıdışın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bir daha göstərir”, – deyə rektor bildirib.

Mövzu ilə bağlı çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycanda soyqırımına və vandalizmə məruz qalan tarixi-mədəni irs bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 60 milyonluq Azərbaycan xalqının hər bir üzvünün mədəni irsi hesab olunur:

“Qərbi Azərbaycan ərazisində azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq, məscid, tarixi abidə, yaşayış məntəqəsi dağıdılıb, yer adları dəyişdirilib və bu irsin izləri silinməyə çalışılıb. Bu təkcə maddi irsə qarşı deyil, həm də xalqın tarixi yaddaşına və kimliyinə qarşı yönəlmiş siyasətdir. Bu irsin dirçəldilməsi və qorunması yalnız Qərbi Azərbaycandan olan insanların deyil, bütün Azərbaycan xalqının mənəvi borcudur”, – deyə o bildirib.

Tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib. Qərbi Azərbaycana qayıdışın gələcək perspektivləri, milli kimliyin və yaddaşın möhkəmləndirilməsi, tarixi-mədəni irsin qorunması və bərpası kimi məsələlərlə bağlı təkliflər səsləndirilib.

UNEC-də “Elm Günləri”: Qərbi Azərbaycana Qayıdış dövlət siyasətinin prioritet istiqamətlərindəndir