Ali təhsildən gözləntilər

24 NOYABR 2017 | VIEWS:
1409

“Azərbaycan müəllimi”

Həm kəmiyyət, həm də keyfiyyətdə dinamik artım var

Artıq 4 ildir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində dinamik artım müşahidə olunur. Sadəcə keyfiyyət deyil, kəmiyyətdə də yüksəliş, Azərbaycan ali təhsil müəssisələrinin qarşısında duran əsas hədəflər, bir sözlə, “Ali təhsildən gözləntilər” Fransız-Azərbaycan Universitetində Təhsil Nazirliyinin və “Azərbaycan müəllimi” qəzetinin təşkilatçılığı ilə keçirilən seminarın mövzusu olub.Təhsil Nazirliyinin nümayəndələri, media kapitanları, təhsil ekspertləri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri və KİV təmsilçiləri qəbul imtahanlarının nəticələrində müşahidə olunan müsbət dinamika fonunda ali təhsilin qarşısında duran vəzifələri müzakirə ediblər.

Seminarda “Tələbə qəbulunun nəticələrinin təhlili” mövzusunda təqdimatla çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev son 4 tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı məlumat verib. Həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin artdığını deyib.

Gösrəriciləri təhlil edən şöbə müdirinin sözlərinə görə, statistik təhlillər son 4 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu proqnozunun 14.6 faiz artdığını göstərib. Buna baxmayaraq, dövlət sifarişi 2.1 faiz azalıb.

Y.Piriyev deyib ki, ötən illərdə tələbə qəbulu 32-34 min nəfər arasında dəyişirdi. 2017-2018-ci tədris ilində tələbə statusu qazananların sayı 37 min 624 nəfər təşkil edib. Üstəlik, imtahanlara qatılanların sayının 24.2 faiz azalmasına rəğmən. Y.Piriyev bu məqamı müşahidə edilən müsbət tendensiyalardan biri kimi xüsusi qeyd edib: “Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda cari ilin məzunlarının 60-64 faizi iştirak etdiyi halda, qəbul olunanların payı 83-84 faiz arasında dəyişib. 2013-2014-cü tədris ilinin rəqəmlərinə baxsaq, orada məzunların 56.9 faizinin qatıldığı imtahanlarda qəbul göstəricisinin 78 faiz təşkil etdiyini görürük”.

Son 4 ildə I-IV ixtisas qrupları üzrə tədrisin keyfiyyəti nəzərəçarpacaq dərəcədə artıb. Son illərdə minimum bal 200-dən aşağı olmayıb. Qəbul olunanların orta bal göstəricisində yüksəliş isə öz növbəsində ali təhsil müəssisələrinin orta balının artmasına gətirib çıxarıb. Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin 25 faizində orta bal 400-dən çox olub.

Keyfiyyət göstəriciləri dinamik olaraq artıb 

2014-2015-ci tədris ilində qeydə alınan 34.7 faizlik keyfiyyət göstəricisi cari ildə 50.6 faiz olub. Bu da keyfiyyətdə nəzərəçarpacaq dərəcədə artım deməkdir.

2017-2018-ci tədris ili üçün keçirilən qəbul imtahanlarında 2475 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Təkcə 600-dən çox bal toplayanların sayında 1750 nəfər artım olub. Bu il 15 nəfər 700 bal toplayıb. Bu, sadəcə ötən illə müqayisədə 50 faiz artım deməkdir.

2015-2016-cı tədris ilində I-IV ixtisas qrupunda 600 baldan yuxarı yığanlar 21.4 faiz təşkil edibsə, bu göstərici indi 43.3 faizdir. Eyni zamanda, 200 baldan çox yığanlar da 3.2 faizdən 11.3 faizə qalxıb.

Prezident təqaüdçüləri UNEC və BDU-dadır

Ali təhsil müəssisələrində Prezident təqaüdçülərinin tədris illəri üzrə sayı və artım dinamikasından danışan Y.Piriyev deyib ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində Prezident təqaüdçülərinin sayı təxminən 6 dəfə artıb. IV ixtisas qrupunda bütün yerləri Azərbaycan Tibb Universitetinin tələbələri tutub. II-III ixtisas qruplarında isə UNEC və BDU tələbələrinin qazandığı yerlər 66.6 faiz təşkil edib.

Özəl ali təhsil müəssisələrinə qəbulda da artım var

Bu tədris ilində tələbə statusu qazanaraq dövlət ali təhsil müəssisələrini seçənlərin sayı 33759 nəfərdir. Bu, abituriyentlərin 92.7 faizini təşkil edib. Ötən il həmin rəqəm 30391 idi və bütövlükdə abituriyentlərin 87.6 faizini təşkil edirdi. Rəqəmlər ötən illə müqayisədə dövlət ali təhsil müəssisələrinə qəbul olunanların sayının 10 faiz artdığını göstərir.

Özəl ali təhsil müəssisələrinə qəbulda da artım müşahidə olunub. Belə ki, qəbul planının azalmasına baxmayaraq, qəbul olunanlar ötən illə müqayisədə 45 faizdən 61 faizə yüksəlib.

Əmək bazarında rəqabətdə mütəxəssislərimizin dil biliklərinin böyük rolunu qeyd edən şöbə müdiri ali məktəblərin tədrisi ingilis dilində aparılan ixtisaslarına qəbul olunan tələbələrin sayının artdığını göstərib. Onun sözlərinə görə, ingilisdilli ixtisasların sayı təxminən 30 olduğu halda, qəbul planı 780 nəfər olub. 2017-2018-ci tədris ilində isə bu rəqəm iki dəfə artıb. Beləliklə, tədrisi ingilis dilində aparılan ixtisaslara tələbə qəbulu üzrə proqnoz 1615 nəfər olub. Onun 87 faizi dolub.

Magistraturaya qəbulda 36,3 faiz artım

Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb. Ötən illə müqayisədə sənəd verib imtahana gəlməyənlərin sayı 15 dəfə azalıb. Y.Piriyev magistraturaya sənəd verənlərin sayının azalmasının bir sıra səbəblərindən də danışıb: “İmtahanlar ödənişli olduğundan təsadüfi sənəd verənlərin sayı kəskin azalıb. Sadəcə magistratura səviyyəsində təhsil almaq istəyində qəti olanlar sənəd verib. Sənəd verənlər arasında oğlanların sayında da artım müşahidə olunub. Belə ki, ötən illə müqayisədə magistraturaya qəbul olunan oğlanların sayı 73,6 faiz artaraq 1193 nəfərdən 2771 nəfərə qalxıb. Bunu da daha çox hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə əlaqələndirmək olar”.

Məlum olduğu kimi, bu il SABAH qruplarının ilk buraxılışı olub. 720 nəfər SABAH məzununun yarısı magistraturaya qəbul imtahanlarına qatılıb. İmtahanlarda iştirak edənlərin 80 faizi artıq magistrdir. 219 nəfər yerli, 115 nəfər isə xarici ali təhsil müəssisələrində təhsilini davam etdirəcək.

Seminarda qeyd olunub ki, bu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı ötən illərlə müqayisədə artaraq 5410 nəfər təşkil edib. Ali təhsil müəssisələrində Dövlət Proqramı ilə xaricdə təhsil almış 100-dən çox əməkdaş çalışır.

Orta ixtisas təhsilində ali təhsil proqramları

Sonra tədbir müzakirələrlə davam edib. Y.Piriyev müzakirə əsnasında qeyd edib ki, gələcəkdə ali təhsil proqramlarının orta ixtisas təhsilində (kollec) tətbiqi nəzərdə tutulur. Onun sözlərinə görə, hazırda ixtisasların təsnifatı hazırlanır: “Gələcəkdə ali təhsildə olan ixtisasların təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya olunmalıdır. Təbii ki, hər iki təsnifat eyni olmalıdır. Məqsəd bakalavr ali təhsilinə rəvan keçidi təmin etməkdir. Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ təhsil müddətləri azalsın”.

Təhsildə yeni anlayışlar

Y.Piriyev ali təhsildə kreditlərlə bağlı bəzi məqamlara da aydınlıq gətirib: “Tədrisə tam cəlb olunma yalnız dövlət sifarişli ixtisaslarda təhsil alan tələbələrə şamil olunacaq. Tədrisə cəlb olunan tələbələr hər semestrdə 30 kredit dərs, bundan əlavə də 10 kredit dərs götürə bilərlər”.

Y.Piriyev deyib ki, tədrisə qismən cəlb olunan tələbələr oxuduğu müddətdə çalışmaq imkanına da malikdirlər: “Tədrisə qismən cəlb olunma qiyabi təhsil forması deyil. Qiyabi təhsil formasında təhsil alanlar ildə 1 dəfə bir ay müddətində sessiyada iştirak edirlər. Onlar imtahana qatılır, növbəti sessiyaya cəlb olunurlar. Qismən cəlb olunmada tələbələr ən azı 2 fənni dinləyərək tədris almalıdırlar. Belə təhsil alanlar 20 kreditdən çox olmamaq şərtilə müəyyən bir müddətdə ali məktəbdə tədrisi bitirə bilərlər. Bu da imkan yaradacaq ki, aztəminatlı tələbələr həm çalışıb, həm də təhsili davam etdirsin. Əgər tələbənin il ərzində təhsil haqqını ödəmək imkanı yoxdursa, onda tələbə 2 fənni seçə və fənlərə – kreditlərə müvafiq təhsil haqqını ödəyib universitetdə təhsil ala bilər”.

Azərbaycanda bütün ali təhsil müəssisələrinə maliyyə muxtariyyətindən sonra akademik muxtariyyətin verilməsi istiqamətində də işlər görülür. Y.Piriyevin sözlərinə görə, universitetlər bu imkanlardan yararlana bilmək üçün hazırlıqlı olmalıdırlar. Bu baxımdan ali təhsil müəssisələrinin dekanları üçün “Tədrisin təşkili” mövzusunda təlimlərin keçirilməsinin əhəmiyyətinin böyük olduğunu da deyib.

8 ixtisasa bal məhdudiyyəti

Y.Piriyev 8 ixtisasa bal məhdudiyyəti tətbiqindən də danışıb: “Bunlardan 4-ü texniki və texnoloji, 4-ü isə təbiət ixtisasları qrupuna aiddir. Həmin ixtisaslar üzrə minimal keçid balı 250-dir”.

Onun sözlərinə görə, gələcəkdə zərurət yarandığı halda bəzi ixtisaslar üzrə keçid balları qaldırıla bilər.

Ali təhsil müəssisələrindən 3 universitet…

Tədbirdə “Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə də çıxış edib. O, 2015-ci ilin dekabr ayından başlanan dünyanın aparıcı elmi platforması olan “Web of Science” ilə əməkdaşlıqdan danışıb. Bu əməkdaşlığın nəticəsində Azərbaycan təhsil müəssisələrinin müəllim və tələbələrinin bu elmi bazada indekslənən məqalələrinin sayında 57 faiz artım müşahidə olunub. Beləliklə, son 3 ildə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrinin impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı 950-yə çatıb. Onun sözlərinə görə, təkcə 2016-cı ilin rəqəmləri ilə 2015-ci ilin göstəriciləri arasında 50 faiz artım qeydə alınıb. Bu artımı ayrı-ayrı universitetlərin fəallığının nəticəsi hesab edən çıxışçı Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universitetinin adını xüsusi qeyd edib.

Azərbaycan təhsil müəssisələri tərəfindən təqdim olunan publikasiyalara ən çox istinad da məhz ötən il qeydə alınıb. Bu da alimlərimizin araşdırdığı mövzulara dünya alimlərinin marağının göstəricisidir.

Araşdırmalar yenə də fundamental elmləri əhatə edib. Riyaziyyat, tətbiqi riyaziyyat, materialşünaslıq, fizika və kimya ən çox araşdırılan elm sahələri olub.

Bazadan istifadə aktivliyində də artım dinamikası müşahidə olunub. İlin başa çatmamasına baxmayaraq, artıq 2017-ci ildə əvvəlki illə müqayisədə 75 faiz artım qeydə alınıb. Bazadan istifadəyə görə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) fərqlənib.

Beynəlxalq əməkdaşlıq layihələrində də fəallıq nümayiş etdirən Azərbaycan alimləri, xüsusən, qonşu ölkələrdən olan alimlərlə, o cümlədən Qərbi Avropadan Almaniya, Portuqaliya, İspaniya alimləri ilə birgə layihələrə imza atıblar.

Azərbaycan alimlərində yeni keyfiyyətlər

A.Babazadə təlimlər zamanı ölkənin aparıcı universitetlərində inkişaf etməkdə olan sahibkarlıq xüsusiyyətindən də danışıb: “BDU, UNEC, ADNSU, ATU artıq yalnız tədqiqat, elmlə deyil, həmin tədqiqatların iqtisadiyyata transformasiyasında da maraqlı görünürlər. Bunun da səbəbi indiki alimlərdə əlavə keyfiyyətlərin formalaşmasıdır. Belə ki, əvvəllər alimlər tədqiqatı elmi nəticə əldə edənə qədər aparırdı. İndiki alimlər isə əldə etdiyi elmi nəticənin iqtisadiyyata, sənayeyə transformasiyasında maraqlıdır”.

Ruhiyyə DAŞSALAHLI

1410 1