Noyabr ayının məzununu qürurla təqdim edirik!
Anar Bayramov – 1985-ci ildə İsmayıllı şəhərində anadan olub. 2002-ci ildə İsmayıllı şəhər 1 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. Bakalavr təhsilini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə alan A.Bayramov magistr dərəcəsini də Azərbaycan Dövlət İqtisad Universitetində alıb.
Azgranata Ticarət və Dağıtım şirkətinin baş direktorudur. Eyni zamanda, biznes təlimçi və biznes konsultant kimi fəaliyyət göstərir. Azərbaycanın ən böyük biznes tədbiri olan Milli Marketinq Forumunun və ən populyar marketinq təlimləri hesab edilən Marketinq AİR-in həmtəsisçisidir. UNEC məzunu biznes yazar kimi də fəaliyyətim göstərir. “Biznes nə istəyir?” və “Biznes və menecmentin əsasları” kitablarının müəllifidir, fikirlərini mütəmadi olaraq www.anarbayramov.com bloqunda yazır.
Anar Bayramov öz uğur hekayəsini belə danışır:
Karyerama hələ III kursda oxuyanda, maliyyə müəllimimiz Şahin Sadıqovun tövsiyəsi ilə Müller İnteryer şirkətində mühasib kimi başlamışam. İlk işimin karyerada sürətlə addımlamağımda böyük rolu oldu. 22 yaşımda iki il əvvəl mühasib kimi işə başladığım şirkətin direktoru təyin edildim.
Özümü top menecer kimi təsdiq etdikdən sonra müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə çalışmışam. Yaxşı ki, Müller İnteryer kimi orta ölçülü şirkətdə işə başlamışdım. Çox böyük şirkətlərdə böyümək, inkişaf etmək, öyrənmək əksər hallarda bu qədər asan olmur.
Bu gün böyük bir şirkətin rəhbəriyəm. Rəhbər olmaq o deməkdir ki, sənə işləməyə meydan verilib. “Necə idarə etmək lazımdır” nümunəsini ortaya qoymağına heç kim mane olmur. Bu, həm də əlavə məsuliyyət yaradır. Boş-boş danışmaq lüksun yoxdur, bacarığını əməldə göstərməlisən. Yəni kənardan rəhbərliyi qınamaq çox asandır, özün rəhbər olanda isə hamı səndən nəticə gözləyir.
Böyük şirkətləri idarə etməyi hələ tələbəlikdən arzulayırdım. Bu istiqamətdə önəmli məsafə qət etsəm də, məncə daha böyük uğurlar qarşıdadır. Heç vaxt dayanmaq olmaz – daha çox öyrənmək, inkişaf etmək, cəmmiyyətə faydalı olmaq lazımdır.
Uğura gedən yolda UNEC-də aldığım təhsil çox kömək oldu. Mənim çox yaxşı müəllimlərim olub. Onlar tələbəni doğru istiqamətləndirirdilər. Bu gün Aida Quliyeva, Anar Rzayev, Sevər Məmmədova, Gündüz Kərimov, Söhrab Fərhadov, Ramin İsayev, rəhmətlik İsa müəllim və başqa adını çəkmədiyim dəyərli müəllimlərimi minnətdarlıqla xatırlayıram.
İndi dünyada “oxumadan da mümkündür” trendi sürətlə yayılsa da, hesab edirəm oxumadan mümkün deyil! Nəzəriyyəsiz praktika çox kövrək qalır. Əsas nəzəriyyədir, bilikləri praktika ilə bərkitmək lazımdır. Tələbələrə demək istəyirəm ki, “əsas praktikadır” deyənlərə fikir verməsinlər, dərslərinə çox əhəmiyyət versinlər, sonra əmin olacaqlar ki, düz ediblər. Amma onu da unutmasınlar ki, bütün hallarda universitetdə öyrəndiklərimizlə kifayətlənmək doğru olmaz. Uğur əldə etmək istəyən şəxs daim yenilikləri izləməli, öyrənməli, ixtisası üzrə biliklərini dərinləşdirməlidir. Əks halda rəqabətə tab gətirə bilməyəcək!
UNEC mənim üçün çox doğmadır. UNEC-ə, tələbəlik xatirələrinə görə İstiqaliliyyət küçəsi Bakıda ən çox sevdiyim yerdir. Bu gün universitet bizim oxuduğumuz vaxtla müqayisədə xeyli inkişaf edib. Son illərdə UNEC-in nüfuzu, marka dəyəri əhəmiyyətli dərəcədə artıb. Bu uğurda rolu olan hər kəsi təbrik edir, bir məzun kimi onlara təşəkkürümü bildirirəm. Gediləcək yol hələ çoxdur, inanıram ki, daha da yaxşı olacaq.
Sentyabr ayının məzunu – Aydın Quliyev: “Dünyada 100 nəfərdən biri olacağımı planlaşdırmırdım”
Oktyabr ayının məzunu – Həsən Quliyev: “Universitetin qazandırdığı vizyon karyeramda uğurlara yol açdı”