Dəyəri bilikdən önə çıxaran təhsil: İlham Əliyev modeli

24 DEKABR 2025 | VIEWS:

“Azərbaycan” qəzeti

“Azərbaycan” qəzeti (PDF)

Dəyərlər hər bir xalqın mədəniyyətinin, tarixi yaddaşının və milli kimliyinin əsas dayağıdır. Təhsil isə bu dəyərlərin cəmiyyətə ötürülməsi, qorunması və inkişaf etdirilməsi üçün mühüm sosial institutdur. Müasir qlobal dəyişikliklər, rəqəmsallaşma, informasiya məkanının genişlənməsi, texnologiyaların həyatın bütün sahələrinə nüfuz etməsi dəyərlərin transformasiyasını sürətləndirir və bu proses ali təhsil sistemindən yeni adaptasiya mexanizmləri tələb edir. Azərbaycan kimi həm qədim mədəniyyətə malik, həm də sürətli modernləşmə həyata keçirən dövlətlər üçün dəyərlərin təhsildə rolu daha da əhəmiyyətlənir.

Təhsil tarix boyu cəmiyyətin mədəni yaddaşını saxlayan və gələcək nəsillərə ötürən ən mühüm institutlardan biri olmuşdur. Başqa sözlə, təhsil – yalnız bilik deyil, dəyər daşıyıcısıdır. Təhsil cəmiyyətin dəyərlər sisteminin formalaşmasında sosial funksiya (fərdin cəmiyyətə sosial inteqrasiyasını təmin edir), mədəni funksiya (milli-mədəni dəyərlərin ötürülməsi və qorunmasını reallaşdırır), həm də etik-fəlsəfi funksiya (insanın mənəvi dünyasının formalaşmasına təsir edir) kimi üç əsas funksiyanı yerinə yetirir. Bu, xüsusilə ali təhsil üçün aktualdır.

Həm də qeyd edilməlidir ki, təhsil yalnız bilik ötürmə vasitəsi deyil. O, eyni zamanda cəmiyyətin sosiallaşması, mədəniyyətin qorunması, etik-mənəvi normaların, vətənpərvərlik və milli kimliyin formalaşması üçün mühüm mexanizmdir. Xüsusən ali təhsildə dərin elmi biliklə yanaşı, cəmiyyətin gələcək intellektual və vətənpərvər mütəxəssisləri formalaşır. Başqa sözlə, universitet həm də şəxsiyyətin, dünyagörüşünün, dəyərlərin yetişdirildiyi məkandır.

Dəyərlərin təhsilə inteqrasiyası cəmiyyətdə sosial həmrəyliyi və milli-mənəvi dayanıqlılığı təmin edir və bütün təhsil prosesini – kurikulumdan tutmuş müəllim-tələbə münasibətlərinə, akademik etikadan tutmuş mədəni-sosial mühitə qədər əhatə edir.  

Heydər Əliyev və təhsildə dəyərlərin önəmi

Ulu Öndər Heydər Əliyev təhsili millətin gələcəyinin təminatçısı hesab etmiş və  müasir Azərbaycan dövlətinin inkişaf strategiyasını qurarkən ali təhsili yalnız kadr hazırlığı sahəsi kimi deyil, həm də milli-mənəvi dayanıqlığın strateji sütunu kimi müəyyənləşdirmişdir.

Onun üçün təhsil həm də milli kimliyin əsas dayağı idi. Heydər Əliyev savadlı, vətənpərvər və milli ruhlu gənclərin yetişdirilməsinin vacibliyini önə çəkirdi, universitetləri yalnız təhsil müəssisəsi elm-mədəniyyətin mərkəzi kimi də görürdü.  

O, hər zaman qeyd edirdi ki, hər xalqın öz adət-ənənəsi, milli-mənəvi və dini dəyərləri var və azərbaycanlılar bunlarla fəxr edirlər.

Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Milli-mənəvi dəyərlər və azərbaycançılıq – bu sözləri hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəs hesab edən Ulu Öndər  həm də milli ruhun, milli şüurun simvolu olaraq, tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması kimi dəyərləndirir. Keçmişin bütün buxovlarından azad olduqdan sonra Azərbaycanda əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Azərbaycan xalqının həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olmasını Ümummilli Lider Heydər Əliyev xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsi hesab etmişdir. Müasirliyin əhəmiyyətini azaltmayan Heydər Əliyev ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdətini azərbaycanlıların milli ideologiyasının bu günü və gələcəyi kimi görürdü.

Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti Azərbaycan cəmiyyətində yuxarıda qeyd edilmiş dəyərlərin qorunması və inkişaf etdirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Onun təhsillə bağlı fikirlərində bir neçə mühüm xətt xüsusilə  seçilir:

  1. Təhsil milli kimliyin əsas qoruyucusudur.
  2. Ali təhsil milli kadrların formalaşması və dövlətin inkişafı üçün strateji sahədir.
  3. Universitet mühiti milli-mənəvi dəyərlərin mərkəzidir.
  4. Təhsilin keyfiyyəti dövlətin gələcəyini müəyyən edir.

Bir sözlə, Heydər Əliyevin qənaətinə görə, “təhsil millətin gələcəyidir” və hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır.

Prezident İlham Əliyev: modernləşmə və milli dəyərlərin sintezi

Hal-hazırda İlham Əliyevin təhsil siyasətində də Heydər Əliyevin təhsil strategiyası davam etdirilir, ali təhsilin modernləşdirilməsi, beynəlxalq inteqrasiya və eyni zamanda milli-mənəvi dəyərlərin qorunması daim diqqətdə saxlanılır.  

Ölkəmizdə təhsil islahatları, beynəlmiləlləşmə siyasəti, universitet mühiti, innovasiya və elm sahəsində görülən işlər Azərbaycan ali təhsil sisteminin həm qlobal, həm də milli dəyərlərə söykənən modern modelini formalaşdırmaqdadır. Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyindəki çıxışı təhsildə dəyərlər məcəlləsi kimi xarakterizə edilə bilər: “Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə, Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. 

Gənclər vətənpərvər olmalıdırlar. Bu, yoxdursa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. 

Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir – bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”.

Azərbaycan Gəncləri Gününə həsr olunmuş 1 fevral 2019-cu il tarixdə respublika toplantısında çıxışında da İlham Əliyev dəyərləri bir daha önə çəkmişdi: “Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”.

27 iyul 2020-də Prezident İlham Əliyev Emin Əmrullayevi təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul etdiyi zaman çıxışında təhsildə dəyərlərə xüsusi diqqət ayıraraq qeyd etmişdi ki, “Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlər boyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib”.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət yetirilməlidir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidirlər. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar.

Prezident İlham Əliyev müasir dövrün çağırışlarını nəzərə alaraq təhsilin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləlləşmə, innovasiya siyasətini formalaşdırmışdır. Bu siyasətin mərkəzində aşağıdakı dəyərlər dayanır:

* milli maraqlar və dövlətçilik ideyası;

* elmi-texnoloji inkişaf;

* tolerantlıq, multikulturalizm, humanizm;

* gənclərin mütərəqqi düşüncə tərzinin formalaşması.

Başqa sözlə, təhsilin qarşısında duran əsas vəzifə müasir Azərbaycan gəncini həm milli dəyərlərə bağlı, həm də qlobal rəqabətə hazır bir şəxsiyyət kimi formalaşdırmaqdır.

Mehriban Əliyeva: dəyərlərin qoruyucusu

Ailə dəyərlərini, milli-mənəvi dəyərləri və mədəniyyəti Azərbaycan xalqını qoruyan amillər kimi səciyyələndirən Mehriban xanım Əliyeva mərhəməti, xeyirxahlığı, dürüstlüyü müasir cəmiyyətin dayağı kimi qiymətləndirir, Azərbaycanın milli mədəni irsinin qorunmasına  diqqətlə yanaşmağı tövsiyə edir.

Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu yarandığı ilk gündən qarşısına çox mühüm vəzifələr qoymuşdur. Sosial problemlərin həlli, cəmiyyətimizin ən zəif təbəqələrinə yardımla yanaşı, tarixi, mədəni, mənəvi irsimizin qorunub saxlanılması, ona dərin hörmətlə yanaşma fondun ən vacib məqsədlərindən biridir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil, mədəniyyət və humanitar sahələrdə fəaliyyəti dəyərlərin qorunması baxımından da xüsusi əhəmiyyət daşıyır:

* milli-mədəni irsimiz beynəlxalq səviyyədə tanıdılır;

* mədəniyyət və təhsil layihələri genişləndirilir;

* humanizm və sosial məsuliyyət ideyalarını təşviq edir;

* gənclər arasında tolerantlıq və mədəni irsin dəyəri haqqında geniş maarifləndirmə həyata keçirilir.

Təhsildə dəyərlərin rolunun artırılması ilə bağlı tövsiyələrin sistemli şəkildə reallaşdırılması işinə Mikayıl Cabbarovun təhsil naziri olduğu dövrdə başlanmışdır. O qeyd edirdi ki, təhsilin dəyərinin qaldırılması, cəmiyyətdə təhsilə həm bilik, həm də dəyər və keyfiyyət baxımından düzgün münasibətin qurulması əsas məsələdir. Ali təhsil sistemində dəyərlərin əhəmiyyəti təhsilin sosial statusunun yüksəldilməsi, tədrisdə keyfiyyət və dürüstlük mədəniyyətinin gücləndirilməsi, tələbə və müəllimin mədəni-intellektual inkişafı üçün şəraitin genişləndirilməsi kimi vurğulanırdı.

Beləliklə, ali təhsildə dəyərlərin həm struktur, həm mühit, həm də idarəetmə səviyyəsində inteqrasiya olunmasının əhəmiyyəti aydın görünür və ali təhsil yalnız bilik verən müəssisə deyil, milli kimliyin, mədəniyyətin, vətənpərvərliyin, etik-mənəvi dəyərlərin qorunub inkişaf etdirildiyi strateji platformadır. 

Aparıcı xarici universitetlərin təcrübəsi də göstərir ki, dəyərlər təhsilin ayrı-ayrı elementi deyil – ali təhsil sisteminin struktur komponentidir. Belə universitetlərdə təhsil alan tələbələr təkcə “peşəkar bilik” deyil, həm də “əxlaqi və sosial məsuliyyət” sahibi kimi formalaşırlar. Bu da ali təhsilin dünyagörüşü, etik baxış, mədəni anlayış kimi funksiyalarını gücləndirir. Qeyd etmək yerinə düşər ki, belə universitetlər mövcuddur və Cənubi Koreya, Yaponiya və Sinqapur universitetləri ənənəvi dəyərlərlə yüksək texnologiyanın birləşdirilməsi nəticəsində xüsusilə böyük uğur qazanıblar.

Dəyərlərin ali təhsilə inteqrasiyası zəruridir və bunun əsas istiqamətləri kimi kurrikuluma inteqrasiyanı (fənlərin məzmununda etik, sosial məsuliyyət, milli və qlobal dəyərlərin əks olunması); universitet mühitinin mədəni-etik standartlarını; tələbələrin liderlik, vətənpərvərlik və vətəndaş məsuliyyəti kompetensiyalarının inkişafını; akademik etika və akademik dürüstlük mədəniyyətini əsas götürmək vacibdir. Beləliklə, ali təhsil dəyərləri həm bilik, həm davranış, həm şəxsiyyət formalaşması səviyyələrində ötürür.

Rəqəmsallaşma və təhsildə milli dəyərlərə yeni çağırışlar

Süni intellekt və rəqəmsallaşma ali təhsildə effektivliyi artırsa da, bu proseslər etik, sosial və mədəni suallar doğurur. Tədqiqatlar göstərir ki, süni intellektin təhsil sistemlərinə tətbiqi zamanı “mənəvi dəyərlər”, “ədalət”, “təhsil məqsədləri” kimi məsələlər ön plana çıxır – yəni texnologiyadan istifadə təhsil prosesində yalnız effektivlik üçün deyil, dəyərlərin qorunması, fərdin inkişafı, etik-insanpərvərlik baxımından da nəzərdən keçirilməlidir.  

Rəqəmsal tədris, onlayn mühit, beynəlxalq kurslar, müxtəlif mədəniyyətlərin qarışması kimi amillər milli-mənəvi dəyərlər, milli kimlik, dil, mədəniyyət kimi aspektlər üçün yeni çağırışlar yaradır. Bu halda universitetlər kurikulum, pedaqogika, metodologiya, akademik mühit və sosial fəaliyyətlərlə milli və etik dəyərlərin qorunması üçün xüsusi yanaşma hazırlamalıdır. Bu baxımdan cari ilin 15 İyununda – Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının Şuşada keçirdiyi beynəlxalq konfransda rəqəmsallaşma və süni intellektin milli dəyərlərə yaratdığı çağırışların ayrıca panel səviyyəsində Azərbaycanda ilk dəfə geniş müzakirə edilməsi xüsusilə təqdirəlayiqdir. 

Dəyərlər təhsilini kurikulumun ayrılmaz hissəsinə çevirmək; etik, mədəni, milli identlik, vətənpərvərlik mövzularını mühazirə, seminar, debat və tələbə-ictimai layihələrinə daxil etmək; onlayn təhsil və texnologiyanın etik çərçivələrini müəyyənləşdirmək kimi yanaşma həm modernləşmə, həm də dəyərlərin qorunması zərurətinə uyğun gəlir.

Rəqəmsallaşma və süni intellekt ali təhsildə dəyərlərin zəifləməsi; plagiat və akademik pozuntuların artması; milli kimlik üzərində informasiya təzyiqi; sosial təcrid və fərdiləşmə; kütləvi informasiya manipulyasiyası kimi risklər yaradır. Bütün bunlarla yanaşı, rəqəmsallaşma və süni intellekt təhsildə misilsiz imkanlar da yaradır.

Belə ki, texnologiyalar fərdiləşdirilmiş təhsil, daha geniş informasiya əlçatanlığı, mədəniyyətin rəqəmsal qorunması və sair yollarla dəyərlərin daha yaxşı tədrisinə şərait yaradır.

Dəyərlərin təhsilə inteqrasiyasında mədəniyyətin rolu

Təhsil mədəniyyətin, dilin, tariximizin, ədəbiyyatımızın, milli kimliyimizin qorunması və inkişafı üçün əsas mexanizmdir. Universitetlərdə mədəni və milli dəyərlərin tədris materialına, mədəniyyət fənlərinə, milli tarixə, ədəbiyyata, dilə və mədəniyyətlərarası dialoqa yer verilməsi öz milli kimliklərini unutmadan gələcək nəsillərin yetişməsinə imkan yaradır. Bu proses həm fərdi (tələbənin şəxsiyyəti, mənəvi dünyası), həm də cəmiyyət səviyyəsində (milli davamlılıq, mədəni varlıq, sosial həmrəylik) əhəmiyyətə malikdir.

Mədəniyyət ali təhsil üçün əlavə sahə deyil – təhsilin mərkəzində duran konseptdir. Universitet mədəniyyəti milli kimliyin qorunması, dil və ədəbiyyatın təşviqi, mədəniyyətlərarası dialoq, tolerantlıq və multikulturalizm, yaradıcı düşüncənin inkişafı kimi vacib funksiyaları yerinə yetirir.

UNEC-də dəyərlərin ali təhsilə inteqrasiyası 

UNEC-də həyata keçirilən beynəlmiləlləşmə, müasir proqramlar, beynəlxalq təhsil standartlarına inteqrasiya, tədris və elmi fəaliyyətin modernləşdirilməsi, müəllim heyətinin peşəkarlığının artırılması, müasir texnologiyaların tətbiqi təkcə kəmiyyət deyil, keyfiyyət və dəyər baxımından da atılan addımlardır.  

Dəyərlərin təhsilə inteqrasiyası sahəsində UNEC fəaliyyətini dörd əsas istiqamətdə həyata keçirir:

  1. Akademik mühitdə dəyərlər: akademik dürüstlük mədəniyyətinin təşviqi, müəllim-tələbə münasibətlərinin etik kodeks əsasında qurulması, proqramlarda milli-mənəvi dəyərlərə dair komponentlərin genişləndirilməsi, şəffaflıq və hesabatlılıq. Hələ 14 sentyabr 2018-ci ildə UNEC Elmi Şurası “UNEC dəyərləri”ni təsdiq etmiş və həmin dəyərlərə aşağıdakılar daxil edilmişdir:

– Akademik azadlıq: tədqiqat, tədris və sosial xidmət fəaliyyətində elmi prinsiplərə sadiqlik;

– Akademik etika: bütün fəaliyyətində akademik etikanı qorumaq və müəlliflik hüquqlarına hörmətlə yanaşmaq; 

– Layiqlilik: akademik və inzibati vəzifələri həyata keçirmək üçün hər kəsə bərabər imkanlar yaratmaq;

– Keyfiyyətlilik: bütün fəaliyyətində yüksək keyfiyyət prinsipinə sadiq qalmaq.

– Fərqliliklərə hörmət: bütün maraqlı tərəflərin fərqli fikirlərinə hörmətlə yanaşmaq;

– Cəmiyyət mənafeyini düşünmək: bütün fəaliyyətini ilk növbədə cəmiyyət mənafeyini düşünərək həyata keçirmək və s.

Eləcə də 14 sentyabr 2020-ci ildə UNEC əməkdaşlarının və təhsilalanlarının Etik Davranış Kodeksi qəbul olunmuşdur. Bu kodeks UNEC əməkdaşlarının əməl etməli olduğu etik dəyərləri və prinsipləri özündə birləşdirir. Kodeksin məqsədi UNEC əməkdaşlarının üzləşdikləri etik problemlərin həllində və həmkarları, tələbələri, universitetin rəhbər işçiləri, universitetdən kənarda olan fərdlər və təşkilatlarla münasibətlərində və milli və beynəlxalq ictimaiyyətlə əlaqələrində tətbiq edəcəkləri prinsipləri müəyyənləşdirməkdir. UNEC əməkdaşları dürüstlük və məsuliyyətlilik prinsipinə əsaslanaraq etik davranış standartlarına uyğun hərəkət etmək öhdəliyi daşıyırlar.

Kodeks həqiqət axtarışında olmanın və mükəmməl olanı əldə etmək üçün çalışmanın; etik prinsip və idealların reallaşdırılması baxımından elmi tədqiqat, öyrənmə,  öyrətmə, biliyin bölüşülməsi, fikir bildirmə, ünsiyyəti özündə ehtiva edən akademik azadlığın qorunmasının, hamı üçün bərabər fürsət və imkanlar yaradılmasının zəruriliyini vurğulayır.

UNEC təhsilalanları universitetdə qeydiyyatdan keçdiyi andan etibarən qeyd edilən etik dəyər və prinsipləri bütün fəaliyyətlərində rəhbər tutacaqlarına söz verirlər.

UNEC-də 20-dən çox  xarici ölkədən 1000-dən çox tələbə təhsil alır. Bu, tələbələr arasında mədəni müxtəlifliyə hörmət, tolerantlıq, qlobal dünyagörüş, mədəniyyətlərarası kommunikasiyanın inkişafı kimi dəyərlərin formalaşdırılması əsas vəzifələrdən biridir.

UNEC inklüziv təhsilə böyük önəm verir və xüsusi qayğıya ehtiyacı olan tələbələrə zəruri şərait yaradılır. Bu məqsədlə 29 iyun 2015-ci ildən fəaliyyət göstərən UNEC İnklüziv Təhsil Mərkəzi ən son yanaşmaları təbliğ edir.

Azərbaycan Dövlət İqtisad Universiteti əlilliyi olan tələbələrin inkişaf resursları və imkanları, eləcə də onların təhsil prosesinə inteqrasiyasının təmin edilməsi ilə bağlı hüquqlarını tanıyır və əlilliyi olan tələbələr üçün maneələrin aradan qaldırılmasını və onların universitetin xidmətlərindən, proqramlarından və digər imkanlarından istifadə etməsi üçün lazımi şəraitin yaradılmasını hədəfləyir. Eləcə də “UNEC İnklüziv təhsilə dəstək” tələbə təşkilatı əlilliyi olan tələbələrə xüsusi dəstəyi ilə seçilir və onların cəmiyyətdə inteqrasiyası üçün həmrəylik nümayiş etdirir.

2022-ci ildən UNEC Psixoloji Xidmət Mərkəzi işə başlamışdır. Bu xidmət UNEC-də təhsilalanların akademik nailiyyətlərinin artırılması, universitetdə təhlükəsiz və sağlam mühitin yaradılması, əməkdaş və təhsilalanların mənəvi-psixoloji sağlamlığını dəstəkləmək məqsədilə fəaliyyət göstərir. Mərkəz təhsilalanlara və əməkdaşlara  ödənişsiz, məxfilik və könüllülük əsasında ilkin müayinə və diaqnoza uyğun sonrakı məsləhət (dəstək) prosesini həyata keçirir.

UNEC-in elm mərkəzləri, tələbə təşkilatları, mədəniyyət klubları milli kimlik, Azərbaycan mədəniyyəti, mədəni diplomatiya və dəyərlər mövzularında layihələr həyata keçirir. Bu baxımdan “Cross Cultural Club” və “UNEC Türk Dünyası Gənclər Təşkilatı” kimi tələbə təşkilatlarının rolunu qeyd etmək yerinə düşər. 

Beləliklə, təhsil cəmiyyətin dəyərlər sisteminin formalaşması üçün ən mühüm platformadır. Azərbaycan modeli bu sahədə həm milli-mədəni irsi, həm də innovativ, qlobal dəyərləri özündə birləşdirən balanslı yanaşma təqdim edir. Heydər Əliyev siyasətinin əsasını təşkil edən təhsil-mədəniyyət-milli dəyərlər strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilir. UNEC bu strategiyanın  uğurlu icrasını təmin etmək üçün əzmlə çalışır. Çünki qeyd edildiyi kimi, dəyərlərin təhsilə inteqrasiyası gələcəyin daha təhsilli, daha məsuliyyətli, daha mədəni, daha innovativ, daha vətənpərvər gənclərinin yetişdirilməsinə xidmət edir. UNEC bu istiqamətdə yorulmaz fəaliyyətini davam etdirəcək.                                                            

Ədalət MURADOV, 
UNEC-in rektoru, professor

Dəyəri bilikdən önə çıxaran təhsil: İlham Əliyev modeli