Bu mühüm hadisələr fonunda universitetin inklüzivlik sahəsində atdığı strateji addımlar diqqətəlayiqdir. UNEC-in İnklüziv Təhsil Mərkəzi 2025-ci ildə fəaliyyətinin 10 illiyini qeyd edir və bu müddət ərzində inklüziv ali təhsilin inkişafında öncül mövqeyini möhkəmləndirib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər UNEC-in İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimovanın məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
2014-cü ildən etibarən fəaliyyətə başlayan İnklüziv Təhsil Mərkəzi bu ildən rəsmi olaraq UNEC-in struktur bölməsi kimi əlilliyi olan tələbələrin hüquqlarının təmin olunması, onların təhsilə bərabər çıxış imkanlarının yaradılması və sosial-akademik inteqrasiyasının gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görüb. Mərkəzin əsas missiyası inklüziv dəyərləri təşviq etmək və hər bir tələbə üçün açıq, bərabərhüquqlu və müasir təhsil mühitini formalaşdırmaqdır.
UNEC-in 95 illik yubileyində inklüziv təhsilin xüsusi yer tutması təsadüfi deyil. Çünki bu illər ərzində universitet yalnız akademik uğurlarla deyil, sosial məsuliyyət və cəmiyyətə inteqrasiya sahəsində də nümunəvi fəaliyyət göstərib. İnklüzivlik isə bu yanaşmanın mərkəzində dayanır.
Son 10 ildə UNEC-in tədris və inzibati binalarında fiziki mühit inklüzivliyə uyğunlaşdırılıb – panduslar, uyğunlaşdırılmış liftlər, xüsusi sanitar qovşaqları yaradılıb. Görmə və eşitmə məhdudiyyətli tələbələr üçün Braille printerləri, ekran oxuyucu proqramlar, “Audiokitab” layihəsi kimi alətlər vasitəsilə tədrisə tam çıxış təmin olunub. Universitetin veb-saytı və onlayn platformaları da bu prinsiplərə uyğunlaşdırılıb.
Fərdi yanaşma prinsipi UNEC-də tədris prosesinin təməlini təşkil edir. Müəllim və inzibati heyət mütəmadi olaraq inklüziv metodologiya üzrə təlimlərə cəlb olunur. Bu təlimlər nəticəsində 300-dən çox əməkdaş əlilliyi olan tələbələrlə effektiv işləmə bacarıqlarına yiyələnib. 2025-ci ildə nəşr olunan “İnklüziv ali təhsil” adlı vəsait isə inklüzivlik üzrə praktiki biliyi digər ali məktəblərlə bölüşmək məqsədi daşıyır.
Eyni zamanda, UNEC-də tələbələrin psixoloji rifahı unudulmur. “PsixoSən” platforması və “LOQOS” Mərkəzi ilə birgə yüzlərlə tələbəyə fərdi psixoloji dəstək göstərilib. “PREGEN – Evliliköncəsi məktəb” layihəsi isə tələbələrin ailə və sosial münasibətlərdə daha hazırlıqlı olmalarına xidmət edir.
İnklüziv dəyərlərin cəmiyyətə yayılması məqsədilə “Bərabərhüquqlu təhsil”, “Mən də UNEC-liyəm” kampaniyaları, regionlarda təşkil olunan “UNEC-HELPS” layihəsi və əl işlərindən ibarət sərgi-satış tədbirləri UNEC-in sosial məsuliyyətinin nümunələridir. Beş yüzdən artıq əlilliyi olan gəncin qatıldığı bu sərgilər onların yaradıcılıq potensialının və iqtisadi müstəqilliyinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırda UNEC İnklüziv Təhsil Mərkəzinin dəstəyi ilə 200-dən artıq əlilliyi olan tələbə ali təhsilini başa vurub. Həmin məzunlar dövlət və özəl sektorda fəaliyyət göstərməklə yanaşı, vətəndaş cəmiyyətində fəal mövqe tutur. Onların məşğulluğunu artırmaq məqsədilə “İşə hazır məzunlar bankı” yaradılıb və işəgötürənlərlə tərəfdaşlıqlar qurulub.
UNEC-in rektoru professor Ədalət Muradov bu kontekstdə bildirib: “İnklüziv təhsil təkcə əlilliyi olan tələbələr üçün deyil, bütövlükdə universitet dəyərlərinin ayrılmaz hissəsidir. İnklüzivlik bizim üçün sosial məsuliyyət deyil, strateji inkişaf istiqamətidir”.
UNEC nümunəsi artıq ölkədə inklüziv ali təhsilin modeli kimi təqdim olunur və gələcəkdə digər universitetlərə mentorluq etməyi hədəfləyir.
95 illik tarixi ərzində minlərlə mütəxəssis yetişdirmiş UNEC bu gün cəmiyyətin bütün təbəqələri üçün açıq və ədalətli təhsil məkanı olduğunu sübut edir. İnklüzivlik isə bu möhtəşəm irsin ayrılmaz hissəsi kimi, UNEC-in gələcək strateji vizyonunun əsas sütunlarından biri olaraq qalır.