Elm Günləri: “Elmmetrik Təhlil: Mövcud vəziyyət və inkişaf perspektivləri”

03 APREL 2026 | VIEWS:

“Elm Günləri”nin üçüncü günü UNEC-də “Elmmetrik Təhlil: Mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda tədbirlə davam edib.

Tədbiri açan elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev universitetdə elmmetrika üzrə struktur vahidinin yaradıldığını və bu istiqamətdə UNEC-in ölkədə ilk addım atan ali təhsil müəssisəsi olduğunu bildirib.

O qeyd edib ki, müasir dövrdə universitetlərin elmi potensialının qiymətləndirilməsində beynəlxalq bazalarda indekslənən məqalələr, sitat göstəriciləri və digər elmmetrik meyarlar xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, UNEC alimlərinin son illərdə “Scopus” və “Web of Science” bazalarında nəşr olunan elmi məqalələrinin sayında artım müşahidə olunduğunu vurğulayıb və bu istiqamətdə həyata keçirilən proqramlar barədə məlumat verib.

Həmçinin, elmmetrik göstəricilərin yaxşılaşdırılması üçün gələcək hədəflərdən danışaraq, nüfuzlu jurnallarda nəşrlərin artırılması, beynəlxalq tədqiqat əməkdaşlığının genişləndirilməsi və elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində işlərin davam etdiriləcəyini bildirib.

Elmmetrika şöbəsinin müdiri Şəfa Əlizadə isə UNEC-in SciVal, InCites, Scopus və Web of Science kimi nüfuzlu elmi platformalar üzrə elmmetrik təhlilini iştirakçılara təqdim edib.

İlk olaraq, 2025-ci ilin SciVal analitik platformasında UNEC-in elmmetrik göstəriciləri haqqında ümumi məlumat verərək, son iki ilin müqayisəli təhlilini təqdim edib. Burada elmi əsərlərin sayı, istinad göstəriciləri, CiteScore kvartilləri, elmi istiqamətlər, ümumi baxış sayı və həmmüəlliflik göstəriciləri əks olunub.

Bununla yanaşı, 2024–2025-ci illər üzrə müqayisəli təhlil aparılaraq, ümumi elmi əsərlərin sayında 32%, CiteScore kvartil göstəricisində 56%, xarici həmmüəlliflik göstəricisində isə 52% artım olduğu diqqətə çatdırılıb.

2025-ci ildə elmi əsərlərə baxış göstəricilərinə əsasən qlobal miqyasda dərc edilmiş nəşrlərin ümumi baxış sayı 41 647 olub. Dünya üzrə ən çox baxılan nəşrlərin sayı 601 (53,9%), hər bir elmi nəşrə düşən orta baxış sayı 37,4, sahə üzrə baxış təsiri isə 4,14 təşkil edib. Bununla yanaşı, universitet üzrə elmi əsərlərə baxış sayının artırılması məqsədilə tövsiyələr də verilib.

Ümumilikdə, 2025-ci ildə indekslənən elmi əsərlərin 265-i sosial elmlər, 263-ü ətraf mühit elmləri, 218-i isə iqtisadiyyat, ekonometrika və maliyyə, eləcə də mühəndislik sahələrinə aid olub. İstinad sayına görə ətraf mühit elmləri üzrə 253 elmi əsərə 1965 istinad, enerji elmləri üzrə 192 elmi əsərə 1364 istinad, sosial elmlər üzrə isə 265 elmi əsərə 1240 istinad qeydə alınıb.

Web of Science bazasının nəticələri isə InCites analitik platformasının məlumatları əsasında təhlil edilərək təqdim olunub.

Bundan əlavə, Web of Science və Scopus platformaları üzrə struktur bölmələrin elmmetrik göstəriciləri təhlil edilib. Həmçinin, UNEC-də tətbiq olunan Akademik Məlumat İdarəetmə Sistemi – AVESİS platformasının struktur bölmələr üzrə istifadə səviyyəsi və effektivliyi Elmmetrika şöbəsi tərəfindən hazırlanmış analitik yanaşma əsasında qiymətləndirilərək təqdim olunub.

Elm Günləri: “Elmmetrik Təhlil: Mövcud vəziyyət və inkişaf perspektivləri”