Təqdimat mərasimində çıxış edən elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev əsərin aktuallığı və strateji əhəmiyyətindən bəhs edib. Bildirib ki, monoqrafiya iqtisadi hüquq və siyasi iqtisadın kəsişməsində “occupied economies” (işğal olunmuş iqtisadiyyatlar) konsepsiyasını elmi dövriyyəyə daxil etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, həmçinin vurğulayıb ki, bu əsər UNEC-də SCOPUS indeksli ilk monoqrafiya kimi universitetin beynəlxalq akademik nüfuzunun artmasına töhfə verir.
Monoqrafiyanın müəllifi Nərgiz Hacıyeva çıxışında tədqiqatın hazırlanma prosesi və aparılan araşdırmalar barədə məlumat verib. Qeyd edib ki, əsər yaxın zamanda ABŞ Beynəlxalq Konqres Kitabxanasında yerləşdirilərək beynəlxalq elmi dövriyyəyə daxil ediləcək.
Bildirilib ki, monoqrafiyanın elmi redaktorları sırasında UNEC rektoru, professor Ədalət Muradov, Miçiqan Universitetinin professoru Con Branch, Malta Universitetinin professoru Simon Grima, iqtisadçı alim İrşad Kərimli, Cozef Solomonson, Norveçin Agder Universitetinin alimləri və Hindistanın Şitqara Universitetindən professor Kiran Suds kimi nüfuzlu beynəlxalq ekspertlər yer alır.
Qeyd olunub ki, 4 fəsildən ibarət monoqrafiyada “Occupied Economy (OE)” modeli vasitəsilə işğal olunmuş iqtisadiyyat xarici nəzarət, hüquqi boşluq, institusional əvəzlənmə və resurs istismarı kimi faktorlar əsasında sistemli şəkildə izah edilir. Əsər Azərbaycanda bu sahədə ilk sistemli elmi tədqiqat olmaqla, Qarabağ reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir.
UNEC professoru İrşad Kərimli çıxış edərək monoqrafiyanın yalnız elmi yenilik deyil, həm də gələcəkdə Ermənistan tərəfindən iqtisadi kompensasiyaların tələb olunması prosesində mühüm mənbələrdən biri ola biləcəyini qeyd edib. O, əsərin dərslik və fundamental elmi mənbə kimi əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbir monoqrafiya ətrafında geniş elmi müzakirələrlə davam edib.