“Dizayn” kafedrasının baş müəllimi Əli Əliyevin müəllifi olduğu kitab Qərbi Azərbaycandan olan 38 rəssamın həyat və yaradıcılığını əhatə edir. Kitabda onların sənət üslubları, əsərləri və Qərbi Azərbaycan mədəniyyətinə verdikləri töhfələr haqqında geniş məlumat yer alıb.
UNEC rektoru, professor Ədalət Muradov kitabın tarixi və mədəni baxımdan böyük əhəmiyyətindən söz açıb. Qeyd edib ki, nəşr Qərbi Azərbaycandan olan rəssamların zəngin yaradıcılıq irsini və sənət ənənələrini geniş auditoriyaya tanıtmaq baxımından əvəzsizdir: “Qərbi Azərbaycan rəssamlarının yaradıcılığı yalnız fərdi sənət nümunələri kimi qiymətləndirilməməli, həm də milli mədəniyyətimizin qorunması və inkişafı kontekstində nəzərdən keçirilməlidir. Bu kitab vasitəsilə biz həmin əsərlərin tarixi və mədəni kontekstini elmi əsaslarla təqdim edir, onların milli incəsənətimizin formalaşmasındakı rolunu göstərmiş oluruq”, – deyə rektor bildirib.
Kitabın müəllifi Əli Əliyev çıxışında kitabın ərsəyə gəlməsi prosesi və mövzusu barədə iştirakçılara məlumat verib. Qeyd edib ki, bu kitab yalnız rəssamların yaradıcılığını sənətsevərlərə təqdim etmir, həm də onların yaradıcılığının milli mədəniyyətimizin inkişafında oynadığı rolu elmi baxımdan analiz etməyə imkan verir.
Təqdimat mərasminidə “Yeni Qaleri” Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədov və Azərbaycan Milli İncəsənət Muzeyinin müdiri Əsad Quluyev kitabla bağlı təəssüratlarını bölüşüblər. Bildiriblər ki, kitabda təqdim olunan əsərlər yalnız sənət nümunələri kimi deyil, həm də bölgənin tarixi və mədəni həyatını əks etdirən vacib sənədlərdir. Əsərlərin bölgənin sosial həyatını, incəsənət ənənələrini və rəssamların yaradıcılıq prosesini anlamaq baxımından əvəzsiz olduğu xüsusilə vurğulanıb.