Elmi Şuranın yeni tərkibdə ilk iclası keçirilib: Struktur islahatları və imtahan sessiyasının yekunları müzakirə olunub

13 FEVRAL 2026 | VIEWS:

UNEC-in Elmi Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

İclasda UNEC İmtahan Mərkəzinin direktoru Tahir Bədəlov 2025/2026-cı tədris ilinin qış imtahan sessiyasının təşkili və yekunları haqqında hesabatla çıxış edib. Hesabatda bildirilib ki, imtahan sessiyasında 13.690 nəfəri bakalavr, 3953-ü isə magistr olmaqla, ümumilikdə 17 643 tələbə iştirak edib. Sessiyanı 14.643 tələbə uğurla başa vurub, imtahanlarda ümumi müvəffəqiyyət göstəricisi 82 faiz təşkil edib. İmtahanlarla bağlı daxil olan apelyasiya müraciətlərinin 89 faizi əsassız hesab edilib. T.Bədəlov bildirib ki, sessiya dövründə texniki problem yaransa da qısa zamanda aradan qaldırılıb. Elmi Şuranın qərarı ilə sessiyanın nəticələri və imtahan prosesinin təşkili qənaətbəxş hesab olunub.

İclasda həmçinin universitetin struktur fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bır sıra qərarlar qəbul edilib. Belə ki, Əcnəbilərin UNEC-ə qəbulu prosesini daha səmərəli təşkil etmək məqsədilə “Əcnəbi tələbələrlə iş şöbəsi” yaradılıb.

Doktorantura şöbəsinin müstəqil fəaliyyət göstərməsi ilə əlaqədar, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin adı beynəlxalq standartlara uyğunlaşdırılaraq “UNEC Magistratura Məktəbi” (UNEC Graduate School – UNEC GS) adlandırılıb.

Bununla yanaşı, XDİAK fənlərindən ötən tədris ilindən akademik borcu yaranmış əyani tələbələrin həmin fənləri fərqli qruplarda dinləməsi və imtahanların onların qəbul illərində tətbiq olunan qaydalar əsasında təşkil edilməsi qərara alınıb.

Şurada magistr dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları da təsdiq edilib.

Universitetdə tələbə ekosisteminin genişləndirilməsi, fərdi potensialın üzə çıxarılması, yaradıcı təşəbbüslərdə aktiv iştirakın təmin edilməsi məqsədilə tələbələrin təşəbbüsü ilə “EcoUNEC”, “UNEC Mədəni İrsin Təbliği”, “UNEC Sinema”, “UNEC Kitabsevərlər klubu” və “Gənc dizaynerlər” adlı yeni tələbə klubları və təşkilatları yaradılıb.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Elmi Şuranın yeni tərkibdə ilk iclası keçirilib: Struktur islahatları və imtahan sessiyasının yekunları müzakirə olunub