rufat_gulmamedovtex.e.n., dos. Gülməmmədov Rüfət Həsən oğlu

8 yanvar 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)  mexanika-riyaziyyat  fakültəsinə daxil olmuşdur. 1985-ci ildə həmin fakültəni riyaziyyatçı ixtisası üzrə bitirmişdir.

1989-1993-cü illərdə Təbii Ehtiyatların Kosmik Tədqiqi elmi-tədqiqat institutunun aspiranturasında təhsilini qiyabi davam etdirmiş, 1997-ci ildə “Çoxölçülü panoram verilənlərin təhlili əsasında yerüstü obyektlərin sinifləşməsi və adlandırılması üçün effektiv metod və alqoritmlərin işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.

1985-2000-ci illərdə Təbii Ehtiyatların Kosmik Tədqiqi elmi-tədqiqat institutunda elmi-tədqiqat və praktik işləri aparmışdır. Həmin institutda kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və sektor müdiri vəzifələrində işləmişdir. 1990-1991-ci illərdə Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzində və Rusiya Kosmik Uçuşların İdarəetmə Mərkəzində təcrübə kursları keçmişdir.

1994-cü ildən 2000-ci ilədək Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsində saat hesabı dərs demişdir.

2000-ci ilin sentyabrından isə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi informatika və AİS” kafedrasında baş müəllim, “İnformasiya iqtisadiyyatı” kafedrasında dosent, rektorun informasiya texnologiyalarının tətbiqi üzrə köməkçisi və “İqtisadi informatika” elmi-tədqiqat laboratoriyasının rəhbəri vəzifələrində işləyib. Azərbaycan Dövlət İqtisad Universitetinin böyük Elmi Şurasının və Tədris-Metodiki Şüranın üzvü olub. 1997-2005-ci illərdə həmçinin, Yeni Azərbaycan Partiyasında texniki və proqram təminatı işlərinə rəhbərlik edib.

2004-cü il dekabrın 20-dən 2005-ci il martın 1-dək müqavilə əsasında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində işləyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin böyük Elmi Şurasının qərarı əsasında 2005-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” elmi adı verilib.

 

 

*

2005-ci il mart ayının 1-dən 2006-cı ilin iyul ayının 6-na qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji Planlaşdırma və Elmi Potensial şöbəsinin Elmi Potensial sektorunun müdiri, 2006-cı il iyul ayının 6-dan 2010-cu il avqust ayının 3-dək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri, 2010-cu ilin avqust ayınından 2013-cü ilin mart ayınadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafı analitik sektorunun müdiri, 2013-cü ilin mart ayından 2016-cı ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri vəzifələrində işləmişdir. Hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. Dövlət qulluğunun baş müşaviridir. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal iqtisadiyyat və informasiya-kommunikasiya texnologiyaları” kafedrasının dosenti vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir. “İnformasiya təminatı texnologiyaları bazasında regionların innovasiyalı inkişafının problemləri” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.

R.Gülməmmədov 2011-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən informasiya texnologiyaları üzrə “2011-ci ilin beynəlxalq adamı” elan edilib və müvafiq sertifikatla təltif olunub.

Əsasən xarici jurnallarda ingilis və rus dillərində çap olunmuş 70-dən çox elmi məqalənin, o cümlədən 2 dərs vəsaitnin – “İnternetin əsasları” və “İqtisadi münasibətlərdə informasiya sistemləri” kitablarının, həmçinin «Fərdi elektron hesablama maşınlarında tədris təcrübəsi», «İqtisadi informasiyanın işlənməsinin kompüter texnologiyaları» və «Beynəlxalq iqtisadi münasibətlərdə informasiya sistemləri» fənləri üzrə bakalavrlar üçün tədris proqramlarının müəllifidir.

Müxtəlif beynəlxalq sərgi, konfrans və treninqlərdə (ABŞ, Çin, Tunis, Rusiya, Tailand, İsveç, İsveçrə, Sloveniya və s.) iştirak etmiş, müvafiq sertifikatlara layiq görülmüşdür.

Türk, rus, ingilis (orta), fransız (zəif) dillərini bilir.

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. İki övladı var.