UNEC-də “Elm aylığı” çərçivəsində Nobel məruzələri davam edir

03 NOYABR 2016 | VIEWS:
1628

Noyabrın 3-də “Ümumdünya Elm Günü” münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələrin növbəti dinləmələri keçirilib.

UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov Elm günlərinin mahiyyəti barədə danışıb. Elm aylığı çərçivəsində keçirilən silsilə tədbirlərin universitetə verəcəyi töhfələri diqqətə çatdırıb.

Biznesin idarə edilməsi kafedrasının professoru Rəşad Muradov 2015-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatçısı Enqus Styuart Diton barədə məruzə ilə çıxış edib. E.Diton mükafata “İstehlak, yoxsulluq və rifahla bağlı təhlilləri”nə görə layiq görülüb. Bildirib ki, E.Diton rifahı yüksəldən və yoxsulluğu minimuma endirən iqtisadi siyasəti formalaşdırmaq üçün fərdi istehlak seçimlərinin dərk edilməsinin zəruriliyi vurğulayıb. Onun fərdi istehlak seçimləri ilə əldə edilən nəticələri bir-birinə bağlayan araşdırması mikro və makroiqtisadiyyat, eləcə də inkişaf iqtisadiyyatı sahələrində mühüm dəyişikliyə səbəb olub.

UNEC-in rəsmi facebook səhifəsindən canlı yayımlanan tədbir böyük maraqla dinlənilib.

Qeyd edək ki, UNEC-də oktyabr-noyabr aylarında “Elm aylığı” çərçivəsində silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Ölkənin tanınmış elm xadimlərinin də qatıldığı tədbirlərdə elmi seminarlar, dəyirmi masalar keçirilir, elmi müzakirələr aparılır. Proqrama uyğun olaraq, “Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsi də keçiriləcək. “Elm aylığı”na noyabrın 10-da “Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü”ndə yekun vurulacaq. Tədbirdə UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması olacaq.

1629 1