“Differensial əməkhaqqı sistemi müəllimlər arasında elmi rəqabəti gücləndirib”

17 FEVRAL 2017 | VIEWS:
3533

UNEC-də “Professor-müəllim heyətinin elmi fəaliyyətinin qiymətləndirilməsi sistemlərində əsas götürülən nəşrlər” mövzusunda elmi seminar keçirilib.

Seminarın moderatoru, UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov mövzunun əhəmiyyəti barədə danışıb. Bildirib ki, ölkədə elmin inkişafına daim dövlət tərəfindən diqqət və qayğı göstərilib. Lakin buna baxmayaraq, bəzən müdafiə şuraları əhəmiyyətsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılması, müdafiəsi və elmi adların verilməsinə tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər olmur. Bu isə akademik etik qaydalara tam ziddir. Z.Məmmədov “yırtıcı” elmi nəşrləri müəyyənləşdirən, öz elmi fəaliyyətini və UNEC-in bu kimi elmi nəşrlərdə adının istifadəsinin qarşısını almaq məqsədilə təkliflərini bildirib. UNEC-də akademik etik qaydalalar haqqında əsasnamə hazırlandığını vurğulayıb.

UNEC-də pedaqoji fəaliyyətə başlayan amerikalı professor Bülend Aybar Amerika universitetlərində elmi fəaliyyətin qiymətləndirilməsində əsas meyarlardan danışıb. Bildirib ki, Amerikada bu dəyərləndirmə 3 istiqamət üzrə aparılır: elmi, tədris və ictimai fəaliyyət. B.Aybar bu qiymətləndirmənin dünya universitetlərdə fərqli olduğunu da diqqətə çatdırıb: “Dəyərləndirmə universitetlərə görə dəyişə də bilir. Belə ki, bəzi universitetlərdə müəllimlərin dəyərləndirilməsində tələbə məmnuniyyəti, hazırladları dərs vəsaitləri, yeni texnologiyalardan istifadə və innovasiya bacarığı, universitetin inkişafında xidməti, fərdi və ictimai fəaliyyəti ön plana çıxarılır”.

UNEC rektorunun müşaviri Elşən Bağırzadə ötən bir ildə differensial əməkhaqqı sisteminin elmi nəşrlər baxımından universitetə qazandırdığı nailiyyətlərdən danışıb. Sistemin tətbiqindən sonra professor-müəllim heyəti arasında elmi rəqabətin gücləndiyini və dünyanın nüfuzlu elmi jurnallarında dərc etdirdikləri məqalələrinin sayında artımın olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu rəqabət dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters”in ali təhsil müəssisələri üçün qlobal elmi bazası olan “Web of Science”a  daxil olan elmi nəşrlərin sayında da özünü göstərməkdədir: “UNEC əməkdaşlarının 2000-2016-cı illərdə çap edilən elmi əsərlərinin 35%-i məhz son üç ilin (2014-2016) payına düşüb. Ümumiyyətlə, 2016-cı il ərzində UNEC əməkdaşlarının 864 elmi məqaləsi və 16  monoqrafiyası, 27 dərslik, 48 dərs vəsaiti, 246 proqram və metodik vəsaiti nəşr olunub. Eləcə də, dünyanın nüfuzlu xarici jurnallarında UNEC əməkdaşlarının 253 elmi məqaləsi çap edilib”. E.Bağırzadə bu göstəricilərin UNEC-in son 3 ildə dünyanın nüfuzlu beynəlxalq reytinqlərdə yer almasında mühüm rol oynadığını iştirakçıların diqqətinə çatdırıb.

Sonda differensial əməkhaqqı sistemində qiymətləndirmənin gələcəkdə müxtəlif istiqamətlər üzrə aparılması barədə təkliflər səsləndirilib. Pedaqoji heyətin elmi məqalələrini dərc etdirərkən həmin jurnalların nüfuzunu nəzərə almaları tövsiyə edilib. Seminar müzakirələrlə davam edib.

3534 2