UNEC-in professor-müəllim heyəti Sumqayıt Kimya Sənaye Parkında olublar

07 DEKABR 2016 | VIEWS:
2813

Dekabrın 7-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olublar.

İqtisadiyyat nazirliyinin təşkilatçılığı ilə rellaşdırılan görüşdə nəhəng infrastruktur şəbəkəsinə malik olan SKSP-nin ölkəmizdə davamlı iqtisadi inkişafın təmin edilməsindəki rolundan danışılıb. Nazir müavini Niyazi Səfərov bildirib ki, ümumi ərazisi 300 hektara yaxın olan parkda 9 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb edilən investisiyaların ümumi həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcək. N.Səfərov əlavə edib ki, belə layihələr sayəsində Azərbaycan Qafqaz regionunun kimya-sənaye mərkəzinə çevrilə biləcək.

Görüşdə parkın ərazisində inşa edilən 500 tələbənin təhsil ala biləcəyi Peşə Tədris Mərkəzində sənayenin müxtəlif istiqamətləri üzrə 30-a yaxın peşə hazırlığı həyata keçiriləcəyi bildirilib. Tədris Mərkəzinin işini Avropa standartlarına uyğun qurmaq məqsədilə Almaniya təhsil sisteminin kurikulumlarına müvafiq olaraq, “Paralel təhsil” modeli tətbiq olunacaq.

UNEC rektoru Ə.Muradov ölkə başçısının sənayeləşmə siyasəti nəticəsində innovativ və müasir texnologiyalara əsaslanan bu tipli sənaye müəssisələrinin, parkların yaradılmasını yüksək qiymətləndirərək, onların gələcəkdə Azərbaycanın iqtisadi inkişafında lokomativ rolunu oynayacağını bildirib. Əmək bazarının tələblərinə cavab verən kadr hazırlığında praktiki biliklərin vacibliyini vurğulayan rektor, UNEC-in SKSP ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Bu əməkdaşlığın hər iki tərəfə fayda verəcəyini diqqətə çatdırıb. Rektor SKSP-də fəaliyyətə başlayacaq Peşə Tədris Mərkəzində tədrisin UNEC tərəfindən təşkil edilməsini təklif edib. Elmi-tədqiqat yönümlü universitet olmaq niyyətində olan UNEC-in SKSP-dan praktik baza kimi istifadə edərək, birgə elmi tədqiqatlar apara biləcəyini vurğulayıb. Eyni zamanda, UNEC magistrlərının nazirliyin sifarişi əsasında tədqiqat apara biləcəklərini də qeyd edib.

Ə.Muradov bildirib ki, UNEC SKSP-də islehsal edilən məhsulların xarici bazarlara çıxarılmasında öz töhfəsini verə bilər. Belə ki, UNEC-in əməkdaşlıq etdiyi xarici universitetlərin yerləşdiyi ölkələrin bazarlarının öyrənilməsində dəstək ola bilər.

N.Səfərov nazirlikdə sənaye ilə bağlı yaradılan işçi qruplarına UNEC əməkdaşlarının cəlb edilə biləcəyinin mümkünlüyünü ifadə edib.

Sonra UNEC-in professor-müəllim heyəti sənaye parkının ilk rezidenti olan “Azertexnolayn” MMC və “SOCAR Polymer”in fəaliyyəti ilə yaxından tanış olublar, istehsal müəssisələri haqda təqdimatları  dinləyiblər.

Sonda əməkdaşlığın gələcək perspektivlərinə dair müzakirələr aparılıb.
*
VİDEO
*

2814 3