2024/2025-ci tədris ilinin Yay semestrinə (Yay məktəbinə) müraciət edən tələbələrin diqqətinə!

10 İYUL 2025

UNEC-də cari tədris ilinin Yay semestri 22 iyul 2025 – 01 sentyabr 2025 tarixlərində təşkil ediləcək.

Yay məktəbinə digər ali təhsil müəssisəsinin tələbələri də müvafiq sənəd təqdim edərək qoşula bilərlər.

Yay semestrinin təşkili ilə bağlı əmrə əsasən Yay semestri universitetin hibrid auditoriyalarında təşkil ediləcək və tələbələrə hüquq təqdim edilir ki, Yay semestrində açılacaq fənlər üzrə mühazirə-məşğələ sessiyasına istəklərindən asılı olaraq onlayn qaydada ev şəraitindən (faktiki olduqları yerdən), istəsələr isə universitetin hibrid auditoriyalarında fiziki iştirak edərək qoşulsunlar. Tələbələrin Yay semestrinin imtahan sessiyasında (istər aralıq qiymətləndirmə, istərsə də sessiya imtahanlarında) iştirakı isə universitetin imtahan zallarında təmin ediləcəkdir.

Tələbələrin Yay semestrində iştirakları ilə bağlı müqavilələr iki formada bağlanılmaqdadır. Onlayn qoşulacaq tələbələrlə hibrid auditoriyalardan qoşulanlar üçün fərqli müqavilə formaları hazırlanıb. Tələbə mühazirə sessiyasına qoşulma üsullarından hansını seçsə, sessiyanın sonuna kimi həmin üsulla tədris prosesində iştirak etməlidir. Yəni, mühazirə sessiyasının hər hansı bir məqamında tədris formasını dəyişməsi istəyinə icazə verilməyəcək.

Tələbə Yay semestrində onlayn qaydada iştirakı seçdiyi halda dərs prosesinə yalnız kompüter və ya noutbuk vasitəsilə qoşulmağı, dərs prosesində görüntüsünün və müəllimlə ünsiyyət zamanı səsinin daima açıq olmasını, həmçinin internetə çıxışının stabil olmasını təmin etməlidir. Əks halda yaranacaq bütün problemlərə görə məsuliyyəti tələbə daşıyacaqdır.

Tələbələrlə Yay semestrinə qeydiyyatdan keçəcəkləri fənlərlə bağlı müqavilələrin bağlanılması tələbələrin həm universitetdə fiziki imzalarını təqdim etmələri yolu ilə, həm də uzaqdan müqaviləni birtərəfli imzalayıb və skan edib göndərmələri ilə təmin edilməkdədir. Bu, tələbənin istəyi və seçimi əsasında reallaşdırılır. Müqavilənin skan olunmuş variantını göndərən tələbələr tərəfindən müqavilələrin fiziki təsdiqlənməsi onlar universitetə aralıq imtahanları üçün gəldikləri zaman fakültə tyutorları tərəfindən təmin ediləcəkdir.

Tələbələr təhsil haqlarını dərslər başlayanadək ödəməlidirlər.

Magistratura səviyyəsində bütün fənlərin qiymətləndirilməsi yazılı üsulda, bakalavriat səviyyəsində, əyani təhsilalma formasında isə UNEC Elmi Şurasının qərarı  ilə təsdiq olunmuş yazılı və test üsulunda qiymətləndirilən fənlərin siyahısına uyğun olaraq müvafiq üsullarda keçiriləcəkdir.

 Yay semestrində tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi 2024/2025-ci tədris ilində tətbiq olunmuş qiymətləndirmə qaydaları əsasında aparılacaqdır.

Tələbələrin ayrı-ayrı fənlər üzrə davamiyyətsizlik limitləri dərs saatlarının 25 faizi qədərdir. Yəni, dərs satlarının 25 faizindən çoxunda iştirak etməyən tələbələr imtahanda iştirak hüququnu itirmiş olacaqlar.

UNEC Zaqatala filialının tələbələri Yay semestrində iştirak üçün müraciət etdikləri fənlər UNEC-in Bakı kampusunda açılacağı halda qeydiyyatdan keçərək öz istəkləri əsasında dərslərə hibrid formada Bakıdakı dərs otaqlarından və ya məsafədən qoşula biləcəklər. UNEC Zaqatala filialının tələbələri Yay semestrində aralıq və sessiya imtahanlarını istəklərindən asılı olaraq UNEC-in Bakı kampusunda və ya Zaqatala filialında imtahan zallarında vermək imkanına malik olacaqlar.

Yay semestrində laboratoriya və qabiliyyət tələb edən fənlər ənənəvi formada 3 saylı tədris binasında, digər fənlərin tədrisi hibrid (ənənəvi və online) formada 1 saylı (əyani və qiyabi təhsil forması üçün) tədris binalarındakı müvafiq auditoriyalarda keçiriləcəkdir.

Tələbələr Yay semetrində açılan fənlərə qeydiyyatdan keçməklə bağlı təhsil aldıqları fakültənin tyutorlarına müraciət etməlidirlər.

Yay semestrinə qeydiyyat prosesi 17 iyul 2025-ci il tarixinə kimi davam edəcəkdir.

UNEC Yay məktəbi Facebook səhifəsi (https://www.facebook.com/unecyaymektebi2021/) yaradılıb. Tələbələr Yay semestri ilə bağlı suallarını həmin səhifəyə yaza bilərlər.

Əlaqə: (012) 564 38 92

FƏNLƏRİN SİYAHISI