“Bərpa olunan enerji sahəsində gənc qadınların karyera və liderlik potensialının inkişafı” layihəsinə qeydiyyat başlayıb

13 YANVAR 2026

Layihə çərçivəsində həyata keçiriləcək təlim və təhsil səfəri, bərpa olunan enerji sahəsində təhsil alan qız tələbələrin və məzunların bilik və bacarıqlarını artırmaq, onları sektorda fəal iştirakçıya çevirmək və gələcəkdə bu sahədə qadın mütəxəssislərin sayını artırmaqdır.

Məlumat paketi ilə buradan tanış ola bilərsiniz!

Ümumilikdə layihə 2 ay müddətində həyata keçiriləcək və dörd əsas mərhələdən ibarət olacaq:

  1. Təlim:31 yanvar-1 fevral tarixlərində
  2. Təhsil səfəri: 2 fevral
  3. Davamlılıq fəaliyyətləri:fevral-mart ayları arasında
  4. Yekun panel müzakirəsi: martın sonu

*
Təlim 31 yanvar saat 09:00-19:00, 1 fevral saat 09:30-19:00 aralığında ibis Baku City Hotel-də Gender Hub Azərbaycan İctimai Birliyi tərəfindən təşkil olunacaq. 2 günlük təlim müddətində 25 nəfər qız iştirakçı ilə bərpa olunan enerji və iqlim dəyişikliyi mövzularını bir araya gətirən müzakirələr və praktiki sessiyalar keçiriləcək. Eyni zamanda təlim çərçivəsində iştirakçılar məişət zorakılığı ilə mübarizə yolları, bu hallarda müraciət edilə biləcək qaynar xəttlər, erkən nikahların qarşısının alınması, qadınların əmək bazarına çıxışı və təhsil hüququ kimi mövzularda da ictimai məlumatlandırma ilə əhatə olunacaqlar.

Təlimdən sonra 2 fevral tarixində iştirakçılar ilə təhsil səfəri həyata keçirələcək. Bu təhsil səfəri sayəsində iştirakçılar günəş və külək sistemlərinin işləməsi, istehsalı, enerji səmərəliliyi layihələri, layihə idarəçiliyi ilə bağlı real təcrübə əldə edəcəklər.

Təlim və təhsil səfərindən sonra iştirakçılar öz icmalarında maarifləndirici fəaliyyətlər həyata keçirməli, layihənin davamlılıq məqsədlərinə töhfə verməlidirlər. Sonda bu fəaliyyətləri uğurla həyata keçirən iştirakçılar sertifikatla təltif olunacaq və panel müzakirəyə dəvət ediləcəklər.

İştirak üçün tələblər:

  • Bakı və Gəncə şəhərlərində aşağıda göstərilən sahələrdən biri üzrə təhsil alan 3-cü və 4-cü kurs qız tələbələr, həmçinin qeyd edilmiş sahələr üzrə 3 ildən artıq olmamaq şərti ilə məzunlar;               
  1. enerji;
  2. ekologiya və mühəndislik;
  3. sənaye və tikinti;
  4. memarlıq.
  • Məişət zorakılığını təşviq edən diskriminativ yanaşmalara qarşı durmaq, müxtəlifliyə hörmətlə yanaşmaq və cəmiyyət daxilində bərabərliyi təşviq etmək;
  • Qarşılıqlı dinləmə, natiqlik, kommunikasiya və şəxslərarası bacarıqları yüksək olmaq;
  • Layihənin ümumi müddəti ərzində (2 ay: fevral-mart) aktiv olmaq və xüsusilə 2 günlük təlim (31 yanvar – 1 fevral tarixlərində) və təhsil səfəri müddətində (2 fevral) fiziki şəkildə iştirak etmək;
  • Təlim sonrası davamlılıq fəaliyyətini həyata keçirmək.

Qeyd: Yalnız qeydiyyat mərhələsini uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibələr Bakıda yaşayanlar üçün ofis şəraitində, region iştirakçıları üçün isə onlayn formatda keçiriləcək.

Həmçinin nəzərinizə çatdırırıq ki, müraciətlərin sayının çoxluğu səbəbilə yalnız növbəti mərhələyə keçən şəxslərlə əlaqə saxlanılacaq. Bu, həm ilkin qeydiyyatdan, həm də müsahibə mərhələsindən sonra keçərlidir.

Regionlardan gələn iştirakçılar üçün qonaqlama və nəqliyyat xərclər qarşılanır.

📌 Qeydiyyat üçün son tarix: 18 yanvar, 2026

QEYDİYYAT