Qırğız Milli Universitetinin rektoru UNEC tələbələri üçün beynəlxalq seminar keçirib

19 FEVRAL 2026 | VIEWS:

Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin rektoru, professor Dogdurbek Çontoyev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələri üçün beynəlxalq əhəmiyyətli seminar keçirib.

Seminar çərçivəsində professor Dogdurbek Çontoyev Rus İqtisad Məktəbinin və Maliyyə və mühasibatlıq fakültəsinin tələbələri qarşısında çıxış edərək Qırğızıstanda və ümumilikdə Mərkəzi Asiya regionunda su resurslarının idarə olunması, su təhlükəsizliyi, iqlim dəyişmələrinin təsirləri və ekoloji dayanıqlılıq mövzularında geniş təqdimatla çıxış edib.

Rektor çıxışında qeyd edib ki, su ehtiyatlarının səmərəli və ədalətli idarə olunması artıq təkcə regional deyil, qlobal təhlükəsizlik məsələsinə çevrilib. İqlim dəyişmələri, əhali artımı, urbanizasiya və sənayeləşmə su resurslarına təzyiqi artırır və bu da ölkələr arasında əməkdaşlığın gücləndirilməsini zəruri edir. Xüsusilə transsərhəd su hövzələrinin birgə idarə olunması, su diplomatiyası və innovativ texnologiyaların tətbiqi müasir dövrün əsas prioritetləri kimi vurğulanıb.

Tədbirdə su ehtiyatlarının qorunması ilə yanaşı, su–enerji–ərzaq təhlükəsizliyi əlaqəsi, yaşıl iqtisadiyyat, dayanıqlı maliyyələşdirmə mexanizmləri və universitetlərin davamlı inkişaf gündəliyində rolu kimi məsələlər də müzakirə olunub. Qeyd olunub ki, ali təhsil müəssisələri yalnız bilik ötürən deyil, eyni zamanda qlobal çağırışlara cavab verən elmi-tədqiqat və innovasiya mərkəzləri kimi çıxış etməlidirlər.

Seminar interaktiv müzakirələrlə davam edib. Tələbələr su resurslarının iqtisadi qiymətləndirilməsi, karbon izinin azaldılması, yaşıl investisiyalar və dövlət–özəl sektor tərəfdaşlığının rolu ilə bağlı suallar ünvanlayıblar. Professor Dogdurbek Çontoyev isə praktik yanaşmalar, region üzrə aktual statistik məlumatlar və beynəlxalq əməkdaşlıq perspektivləri barədə ətraflı izah verib.

Tədbirin sonunda tələbələr beynəlxalq təcrübənin paylaşılması və qlobal dayanıqlılıq məsələlərinin müzakirəsi baxımından seminarın əhəmiyyətini vurğulayaraq təşəkkürlərini bildiriblər.

Qırğız Milli Universitetinin rektoru UNEC tələbələri üçün beynəlxalq seminar keçirib