“Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”

17 MAY 2018 | VIEWS:
1251

UNEC və “Səs” media qrupunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda konfrans keçirilib.

UNEC-də keçirilən konfransda millət vəkilləri, tarixçi alimlər, media qurumlarının rəhbərləri, professor-müəllim heyəti və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları öncə Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət foto-sərgi ilə tanış olublar. Sərgidə cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən dövrün əhəmiyyətli sənədlərinin fotoları nümayiş etdirilib.

Konfransda UNEC-in rektoru, professor Ədalət Muradov Şərqdə ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin hər bir azərbaycanlının qürur mənbəyi olduğunu bildirib. Rektor ulu öndər Heydər Əliyevin “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək bir o qədər də ağır və mürəkkəbdir” fikrinə diqqət çəkərək, məhz ümummilli liderin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin əbədi və sarsılmaz olduğunu vurğulayıb. O, cümhuriyyət tarixinin ilk dəfə ulu öndərin rəhbərliyi dövründə təhlil olunduğunu bildirərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ə.Muradov dövlət başçısının sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini bunun bariz nümunəsi adlandırıb.

“Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev AXC-ni Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi kimi səciyyələndirib. Bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırıb. Prezident İlham Əliyev isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirib.

AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı AXC-ni zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyan, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayan demokratik respublika kimi xarakterizə edib.

AXC-nin qanunvericilik siyasətindən bəhs edən millət vəkili Musa Quliyev Milli Şuranın formalaşması prosesi və fəaliyyətindən danışıb. Millət vəkili Elman Nəsirli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin mühüm səhifəsini təşkil edir.

Millət vəkilləri Aydın Hüseynov AXC dövründə həyata keçirilən iqtisadi islahatlardan söz açıb, Rauf Əliyev müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyətin çox mühüm qərarlar qəbul etdiyini vurğulayıb, Azər Badamov məhz bu dövrdə Şərqdə ilk dəfə qadınlara seçki hüququ verildiyini, dövlət strukturları, nizami milli ordu yaradıldığını diqqətə çatdırıb.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik cümhuriyyətin yaradılmasını mühüm əhəmiyyət kəsb edən və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edən tarixi hadisə adlandırıb.

Tədbirdə iştirak edən görkəmli tarixçi alimlər ADPU-nun prorektoru Asəf Zamanov, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Sakit Hüseynov, BDU-nun kafedra müdirləri Anar İsgəndərov, İradə Hüseynova, tarixçi alim Boran Əziz və digərləri AXC-nin xalqımıza verdiyi töhfələrdən bəhs edərək, qısa hakimiyyətləri dövründə Azərbaycan tarixində 350 ilkə imza atıldığını diqqətə çatdırıblar. Çıxış edənlər belə bir mühüm tədbirin UNEC-də qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq, bu universitetin Azərbaycan ali təhsil sisteminə bir çox yeniliklər gətirdiyini bildiriblər.

UNEC news

1252 1