Peşəkar menecerlər UNEC tələbələri ilə görüşüb

14 OKTYABR 2016 | VIEWS:
2495

Oktyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində idarəetmə sistemi ilə bağlı görüş keçirilib.

Görüşdə Fövqəladə Hallar Nazirliyinin tikinti təşkilatları ilə əlaqələndirmə və lisenziyaların verilməsinin təşkili şöbəsinin müdiri Fuad Sadıqov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında texniki tənzimlənmə üzrə Dövlət Nəzarət xidmətinin rəisi Əbülfət İmanov iştirak ediblər. Fakültə dekanı, dosent Mirağa Əhmədov müasir əmək bazarında peşəkar menecerlərə tələbin artmasından danışıb. Bildirib ki, UNEC məzunları bu bazarda özünəməxsus yer tutur.

Menecment kafedrasının müdiri, professor Kamil Şahbazov belə görüşlərin tələbələrin praktiki biliklərinin artırılmasına təkan verdiyini qeyd edib. Menecment sisteminin möhkəmləndirilməsində insan resurslarının hərəkətinin təşkili, təsərrüfat metodlarının tətbiqi, menecmentin beynəlxalq aspektləri, təşkilati münaqişələrin həlli yolları, divizional quruluşun tətbiqi xüsusiyyətlərinin müəyyənləşdirilməsindən söz açıb.

FHN-nin şöbə müdiri F.Sadıqov tələbələrə Azərbaycan tikinti şirkətlərinin yeni idarəetmə paradıqmasının forma və prinsiplərinin təkmilləşdirilməsi istiqamətlərindən danışıb.

SMPDK-nin xidmət rəisi Ə.İmanov menecmentin yeni keyfiyyət mərhələsinə yüksəlməsində motivasiyanın, təşkilatın inkişaf planlarının, idarəetmə qərarlarının hazırlanması və qəbulunun yeni üsul və metodlarını açıqlayıb.

Tədbir müzakirələrlə davam edib, sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

2496 2