Şəhid anası: Övladımdan qalan əşyaları UNEC-in muzeyinə hədiyyə edəcəm

14 APREL 2017 | VIEWS:
8684

UNEC-in şəhid tələbəsi Baxış Hüseynovun ailə üzvləri ali təhsil ocağına gələrək, burada ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət ediblər. Şəhidin anası Diləfruz xanım və bacıları Könül, Afət, Aynur Hüseynovalar UNEC-in arxivində saxlanılan şəhidin şəxsi işi ilə tanış olub, onun ali təhsil ocağına qəbul olunarkən yazdığı imtahan vərəqəsini gözdən keçiriblər.

Şəhidin ailə üzvləri onunla bağlı xatirələrini də dilə gətiriblər.

Könül Hüseynova: Qardaşım çox zarafatcıl, həyat dolu insan idi. Onu ancaq üzündə təbəssümü ilə xatırlayırıq. Təhsilini yarımçıq qoyub, müharibəyə yollandı. İl yarım ən ağır döyüşlərdə iştirak etdi. Odun alovun içindən bir neçə saatlığa vaxt tapıb evə gələndə də öz zarafatlarından qalmır, mütləq üzümüzü güldürürdü… Onunla birlikdə həyatımızdan o sevinc, o gülüş də getdi…

Afət Hüseynova: Baxış çox qorxmaz, cəsur oğlan idi. Evə gələndə heç vaxt döyüşlərdən danışmaz, daha çox şən əhvalda görünməyə cəhd edər, ürəyimizi sevindirməyə çalışardı. Onun haqqında ancaq döyüşçü yoldaşlarından eşidib bilərdik… Elə necə şəhid olması barədə də xilas etdiyi 8 yoldaşından xəbər ala bildik… Ağır döyüşlərdə düz 8 nəfər döyüşçü yoldaşını xilas edərək, onların gözü qarşısında, qəhrəmancasına həlak olub…

Aynur Hüseynova: Mən ailənin sonbeşiyiyəm. Baxışla 11 yaş fərqimiz var idi. Mənə qədər evin kiçiyi o olmuşdu, ailənin bütün sevgisini, xüsusi diqqətini görmüşdü. Həmin sevgi və qayğını daima mənə göstərirdi. Bu gün kimi xatırlayıram, valideynlərim işdə, bacı-qardaşım məktəbdə olanda saçlarımı Baxış darayıb, hörərdi ki, səliqəsiz, baxımsız uşaq kimi görünməyim… Baxışın sığalını bu gün də saçlarımda hiss edirəm…

Diləfruz Hüseynova: Atası da, böyük qardaşı da bu ali məktəbin məzunu olublar. Mən mühasibəm. Baxış da mühasib olmağı çox arzulayırdı. Elə məktəbi bitirən kimi də öz biliyi ilə ali məktəbə qəbul olundu. Tələbə olmaq arzusu nə qədər böyük olsa da, oğlum tələbəliyi çox yaşaya bilmədi. Elə birinci kursda oxuyanda təhsilini yarımçıq qoyub, döyüşə yollandı. Ana, müharibə qurtarandan sonra oxuyaram. İndi əsas olan odur ki, torpaqlarımızı düşməndən qoruyaq. Əgər torpaqlarımızı qoruya bilməyəcəyiksə, onda bizim oxumağımızın, ali təhsil almağımızın nə mənası var deyirdi…

Baxış Hüseynovun UNEC-də xatirəsinin əbədiləşdirilməsini yüksək qiymətləndirən şəhid anası övladından yadigar saxladığı əşyaları da universitetin muzeyinə hədiyyə edəcəyini bildirib: “Biz dünyadan köçüb gedəcəyik, amma universitet daima qalacaq. Buradan minlərlə gəncin yolu keçəcək. Oğlumun xatirəsini uca tutursunuz, onun əşyalarını da göz bəbəyi kimi qoruyacağınızdan əminəm. Buna görə də UNEC-in əbədi tələbəsi Baxış Hüseynovdan qalan xatirə əşyaları muzeyinizə hədiyyə edəcəyəm”.

8685 1