UNEC-də müzakirə: “Riçard H.Thalerin davranış iqtisadına töhfələri”

14 NOYABR 2017 | VIEWS:
2097

UNEC-də “2017-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Riçard H.Thaler və onun davranış iqtisadına töhfələri” mövzusunda elmi seminar keçirilib.

Seminarda UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə R.H.Thalerin “Arzuolunmaz davranış: davranış iqtisadının formalaşması” kitabının Azərbaycan dilinə tərcümə olunması istiqamətində Nobel mükafatçısı ilə danışıqlar aparıldığını bildirib. Kitabın Azərbaycanda davranış iqtisadını araşdıran tədqiqatçılara töhfə olacağını bildirən E.Bağırzadə UNEC-də bu istiqamətdə tərcümələrin davamlı olacağını qeyd edib.

Seminarda Amerikanın PBS kanalının R.H.Thalerlə hazırladığı reportaj Azərbaycan dilində nümayiş olunub.

“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri, professor Ümidvar Əliyev “Riçard H.Thaler və davranış iqtisadına verdiyi töhfələr” mövzusunda təqdimatla çıxış edib. UNEC professoru qərarların qəbul edilməsinin psixoloji faktoru və riskin psixoloji amillərinin təsiri, o cümlədən qeyri-müəyyənliyin qərarların qəbuluna təsirindən danışıb. Bildirib ki, alim Nobel mükafatına insanın qərarvermə prosesini daha yaxşı anlamaq məqsədilə iqtisad və psixologiyanın nailiyyətlərindən istifadə edən davranış iqtisadının formalaşmasındakı fundamental tədqiqatlarına görə layiq görülüb. O, davranış iqtisadına Riçard H.Thalerin verdiyi töhfələri şərh edərək, onların fərdi qərarların psixoloji və iqtisadi təhlili, məhdud rasionallıq, sosial üstünlük, özünə nəzarətin natamamlığı və bu amillərin bütövlükdə bazara təsiri olduğunu bildirib.

Seminar müzakirələrlə davam edib.

2098 1