Telman Əlihüseyn oğlu Hüseynov – NEKROLOQ

04 AVQUST 2016 | VIEWS:
2194

Azərbaycan iqtisad elminə ağır itki üz vermişdir. Görkəmli iqtisadçı alim, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Əməkdar elm xadimi, Əməkdar iqtisadçı, Əməkdar müəllim, iqtisad elmləri doktoru, professor Telman Əlihüseyn oğlu Hüseynov 2016-cı il avqustun 4-də ömrünün 82-ci ilində vəfat etmişdir.

Telman Hüseynov 1934-cü il dekabrın 28-də Cəbrayıl rayonunda anadan olmuşdur. 1955-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və həmin institutu “Sənayenin iqtisadiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olmuş, aspiranturanı bitirdikdən sonra 1967-ci ilədək orada kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1967-ci ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamış Telman Hüseynov ali məktəbdə işlədiyi 50 ilə yaxın müddətdə professor elmi adına layiq görülmüş, kafedra müdiri, fakültə dekanı, prorektor və rektor əvəzi vəzifələrində çalışmışdır.

1967-ci ildə namizədlk dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi, 1989-cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Professor Telman Hüseynov elm sahəsində əldə etdiyi nailiyyətləri ilə respublikada iqtisad elminin inkişafına sanballı nəzəri-praktik töhfələr vermişdir. O, görkəmli alim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Yaradıcı ömrünü  iqtisadçı mütəxəssislərin, pedaqoq və alimlərin hazırlanmasına həsr edən Telman Hüseynovun zəngin elmi-pedaqoji təcrübəsi iqtisadiyyat üzrə insan resurslarının inkişafında mühüm rol oynamışdır. Pedaqoq kimi fəaliyyəti dövründə Telman  Hüseynov onlarca elmlər namizədi  və elmlər doktoruna elmi rəhbər və məsləhətçi olmuş, uzun müddət Azərbaycan Respublikasının Prezidenti  yanında  Ali ­Attestasiya Komissiyasının  Ekspert ­Şurasının sədr müavini işləmişdir.

Respublikamızın tanınmış iqtisadçı alimlərindən  biri olan  Telman Hüseynov  sənaye iqtisadiyyatı sahəsində, nəinki, ölkəmizdə, hətta bu sahədə çalışan MDB dövlətlərinin alimləri arasında xüsusi nüfuz qazanmışdır. Onun elmi-tədqiqat işləri Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında, inkişafında xüsusi yeri və rolu olan neftmaşınqayırma sənayesi ilə üzvi surətdə bağlı olmuşdur.

Professor Telman Hüseynov 15 adda monoqrafiya, dərslik, dərs vəsaitinin, habelə 150-dən çox elmi məqalə və tədris proqramının müəllifi olmuşdur.  Onun “Azərbaycan neftmaşınqayırmasının əsas fondları  və onlardan istifadənin yaxşılaşdırılması yolları” monoqrafiyası 1969-cu ildə SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin bürünc medalı ilə mükafatlandırılmışdır. Professor Telman Hüseynovun müstəqil Azərbaycanın iqtisadi təhsilinin təşkilində mühüm əhəmiyyət kəsb edən “Sənayenin iqtisadiyyatı”, “Müəssisənin iqtisadiyyatı”, “Firmanın iqtisadiyyatı” adlı dərslikləri bu gün də öz aktuallığını saxlayır. Məhz bu məhsuldar və yaradıcı elmi fəaliyyətin nəticəsi olaraq o, 1991-ci ildə “Əməkdar iqtisadçı”, 2006-cı ildə isə “Əməkdar müəllim”, 2015-ci ildə  “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülmüşdür.

Professor Telman Hüseynovun  Azərbaycan iqtisad elminə verdiyi töhfələr ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş və o, 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı  ilə  “Şöhrət” ordeninə layiq ­görülmüşdür.

Professor Telman Hüseynovun uzun illər çalışdığı Azərbaycan  Dövlət İqtisad Universitetinin professor-müəllim heyəti, tələbələri, eləcə də çoxsaylı məzunları  tərəfindən sevilməsi onun prinsipiallığı və yüksək  ­insani keyfiyyətləri ilə bağlı olmuşdur.

Tanınmış alim, gözəl pedaqoq və nəcib insan Telman Əlihüseyn oğlu Hüseynovun xatirəsi  onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

2195 1