Tədbir şəhid övladlarından ibarət “Zəfər Sədası” uşaq xor qrupunun təşkilatçılığı, UNEC Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daha sonra Ulu Öndər Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğını əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə “Zəfər Sədası” uşaq xor qrupunun ifasında vətənpərvərlik mövzusunda mahnılar, Qarabağ haqqında şeirlər səsləndirilib, rəqslər və kiçik səhnəciklər təqdim olunub. Həmçinin “Dost” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin iştirakçılarının ifasında “Sağ ol, Vətən!” mahnısı səsləndirilib. Şəhid övladlarının çıxışları tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Sonda UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov “Zəfər Sədası” uşaq xor qrupu tərəfindən “Əmanətlərin dostu” nominasiyası ilə təltif olunub.
Tədbirin sonunda xor qrupunun rəhbərinə və üzvlərinə, eləcə də “Dost” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin iştirakçılarına təşəkkürnamələr təqdim olunub.