UNEC-də Fərdi Tədris Planlarının Rəqəmsal Modulu tətbiq olunacaq

08 OKTYABR 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Fərdi Tədris Planlarının (FTP) hazırlanması, təsdiqi və dərs yükünün avtomatlaşdırılması proseslərinin rəqəmsal əsasda idarə olunmasını təmin edən yeni elektron modulun pilot tətbiqinə başlanılıb. 

Yeni modulun tətbiqi tədris proseslərinin daha səmərəli idarə olunmasına və tələbə yönümlü idarəetmənin təkmilləşdirilməsinə xidmət edir. Sistem vasitəsilə hər tədris ili üçün planlaşdırma və idarəetmə prosesləri mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.

Bundan əlavə, modulun tətbiqi tələbə kontingenti və qəbul planına uyğun olaraq akademik və fənn qruplarının avtomatik yaradılmasını təmin edəcək. Tələbələr fərdi tədris planları çərçivəsində fənn seçimini elektron qaydada həyata keçirə biləcək, seçimlərə əsasən müqavilələr bağlanacaq və ödəniş tələbləri avtomatik formalaşdırılacaq.

Yeni sistem, həmçinin, yay semestri və təkrar imtahan müraciətlərinin elektron şəkildə qəbulu, digər ali təhsil müəssisələrində qazanılmış kreditlərin transkriptlərə əlavə olunması, ödənişlərə möhlət və güzəştlərin tətbiqi, tədris yükünün avtomatik hesablanması, tədris planlarına nəzarət, məzun siyahılarının formalaşdırılması və diploma əlavələrinin hazırlanması imkanlarını da təmin edəcək.

Rəqəmsal modulda tələbələrin UNEC daxilində müxtəlif proqramlarda, o cümlədən ikili diplom (UDİD) və minor proqramlarında iştirak imkanları da nəzərdə tutulub.

UNEC-də Fərdi Tədris Planlarının Rəqəmsal Modulu tətbiq olunacaq