UNEC-də IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya keçirilib

13 MART 2026 | VIEWS:

UNEC-də Elm və Təhsil Nazirliyinin (ETN) təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi, UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına dair infosessiya təşkil olunub.

Tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşları Cavad Abışov, Tural Adıgözəlov və Fərəh Məcidli proqram haqqında tələbələrə ətraflı məlumat veriblər.

Təqdimatda bildirilib ki, “Rəqəmsal gələcək” şüarı ilə keçirilən proqram 4 ay davam edəcək, “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçılar ETN-nin müxtəlif struktur bölmələrində və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər.

Proqram Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistratura səviyyəsində təhsil alan tələbələr, həmçinin təhsilini son 3 il ərzində başa vurmuş məzunlar üçün nəzərdə tutulub. Proqramın əsas məqsədi tələbə və yeni məzun olmuş gənclərə real iş mühitində təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini praktikada tətbiq etmələrinə və peşəkar vərdişlər əldə etmələrinə dəstək olmaqdır.

Qeyd edilib ki, 2024-2025-ci illərdə proqram artıq üçüncü dəfə ardıcıl olaraq uğurla həyata keçirilib və ümumilikdə 102 nəfər məzun proqramı tamamlayıb. Həmçinin bildirilib ki, UNEC-in tələbə və məzunları qalib “Maarifçi”lər arasında çoxluq təşkil edir.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

UNEC-də IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya keçirilib