UNEC-in Təhsil və Təlimin Mükəmməlliyi şöbəsi tərəfindən universitetin akademik heyəti üçün təşkil olunan 2 günlük təlim proqramının məqsədi ixtisas rəhbərləri və kafedra müdirlərinin akademik idarəetmə sahəsində rolunu, səlahiyyətlərini və məsuliyyətlərini dərindən dərk etmələrini təmin etmək, onların müstəqil qərarvermə bacarıqlarını inkişaf etdirmək, eləcə də ali təhsil mühitində komanda əsaslı liderlik yanaşmalarını tətbiq edə bilən akademik rəhbərlər kimi formalaşmalarına dəstək olmaqdır.
Təlimin rəsmi açılış mərasimində çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov universitet idarəetməsinə dair baxışlarını diqqətə çatdırıb. O, universitetdə akademik heyət və müəllimlər üçün mütəmadi olaraq müxtəlif təlimlərin təşkil edildiyini bildirib. Akademik heyətin peşəkar bilik və bacarıqlarının davamlı şəkildə yenilənməsini ali təhsildə keyfiyyətin təmin olunmasının əsas şərtlərindən biri kimi qiymətləndirib: “Müasir dövrdə universitetlər yalnız bilik ötürən deyil, eyni zamanda tədqiqat, innovasiya və qlobal rəqabət mühiti üçün kadr hazırlayan mərkəzlər kimi fəaliyyət göstərməlidirlər. Akademik heyət üçün təşkil olunan bu cür təlimlər müəllimlərin beynəlxalq təcrübəni mənimsəməsinə, tələbəyönümlü tədris modelinin daha effektiv tətbiqinə və təhsil prosesində innovativ yanaşmaların genişlənməsinə imkan yaradır”- deyə rektor bildirib. O, təlimin iştirakçılarlna uğurlar arzulayıb.
Açılışdan sonra tədris üzrə prorektoru, i.f.d., dosent Gəray Musayev “Tədris prosesində kafedraların dəyişən rolu”, Təhsil və təlimin mükəmməlliyi şöbəsinin müdiri Sənubər Səfiyeva isə “Akademik liderlikdə beynəlxalq təcrübə” mövzusunda təlim keçiblər.
İnteraktiv fornatda keçən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.