UNEC-də Mini MBA proqramının məzunlarına sertifikatlar təqdim olunub

13 APREL 2026 | VIEWS:

Synergia Academy-nin təşəbbüsü və dəstəyi ilə Türkiyənin Sabancı Universitetinin və UNEC-in birgə həyata keçirdiyi Mini MBA proqramını uğurla başa vuran 15 nəfərə sertifikatlar təqdim olunub.

2025-ci ilin sentyabr ayında start götürən və biznes liderləri üçün nəzərdə tutulan  Beynəlxalq Mini MBA Proqramı 35 kredit və biznesin əsas istiqamətlərini əhatə edən 9 moduldan ibarət olub.

Beynəlxalq təcrübəyə əsaslanan proqram real biznes mühitində tətbiq oluna bilən praktiki bacarıqların inkişafına yönəlib və müasir, effektiv tədris modeli kimi qiymətləndirilib. Proqramı uğurla tamamlayan iştirakçılar UNEC, “Synergia Academy” və Sabancı Universiteti tərəfindən imzalanmış sertifikatlarla təltif ediliblər.

UNEC-də icra olunan bu proqram sahibkarlar, biznes sahibləri, eləcə də orta və yüksək vəzifələrdə çalışan mütəxəssislər və biznes sahəsində dərin, praktik biliklər əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub.

Tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov proqramı uğurla tamamlayan iştirakçıları təbrik edib. O bildirib ki, bu təşəbbüs müasir biznes təhsili modelinin qurulması istiqamətində növbəti mühüm addımdır.

Rektor qeyd edib ki, proqramın əsas məqsədi real sektorla əməkdaşlıq çərçivəsində əmək bazarının tələblərinə uyğun biznes təhsili təqdim etmək, eyni zamanda xarici universitetin iştirakı ilə qlobal bilikləri yerli kontekstə uyğunlaşdırmaqdır.

Tədbirdə çıxış edən Synergia Academy-nin baş icraçı direktoru Rəna Əfəndiyeva təşəbbüsə göstərilən dəstəyə görə təşəkkürünü bildirib və məzunları təbrik edib.

UNEC-də Mini MBA proqramının məzunlarına sertifikatlar təqdim olunub