UNEC-də Oriyentasiya Günü keçirilib

15 SENTYABR 2025 | VIEWS:

Sentyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) I kurs tələbələri üçün Oriyentasiya Günü təşkil olunub.

Bütün tədris binalarında təşkil olunan Oriyentasiya Günündə prorektorlar birinci kursları tələbə adını qazanmaları münasibətilə təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıblar. Tələbələrə UNEC-in onlar üçün yaratdığı təhsil imkanlarından maksimum dərəcədə faydalanmağı tövsiyə edən prorektorlar onları əzmli, təşəbbüskar və universitetin ictimai-sosial həyatında fəal olmağa çağırıblar.

Oriyentasiya Günündə tələbələr Beynəlxalq əməkdaşlıq departamenti, Karyera Mərkəzi, kitabxana və tələbə təşkilatlarının məlumat guşələrinə yaxınlaşaraq, hər birinin fəaliyyəti barədə məlumat alıblar. UNEC könüllüləri tələbələrə bələdçilik edərək, onları dekanlıq, kitabxana, auditoriyalar, idman zalı və digər inzibati otaqlarla tanış ediblər.

UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub, əyləncəli idman yarışları, sual-cavab viktorinası keçirilib. Viktorinada qalib gələnlərə universitet tərəfindən hədiyyələr təqdim olunub. Gün ərzində Yaradıcılıq Mərkəzinin üzvləri müxtəlif musiqi nömrələri ilə çıxış edərək, UNEC ailəsinə yeni qatılan tələbələrə xoş anlar yaşadıblar.

Qeyd edək ki, 2025/2026-cı tədris ilində 600 və daha yüksək bal toplayaraq UNEC-ə qəbul olan abituriyentlərin sayı 309 nəfərdir. Bu il ən yüksək nəticə – 677,9 bal isə Beynəlxalq İqtisad Məktəbinin (ISE) “Maliyyə” ixtisasına məxsusdur.

UNEC-də Oriyentasiya Günü keçirilib