UNEC-də professor Ərəstun Axundovun 100 İllik yubileyi qeyd olunub

04 MART 2026 | VIEWS:

UNEC-də görkəmli iqtisadçı-alim, “Vaxta qənaət qanunu” konsepsiyasının müəllifi, Əməkdar elm xadimi, professor Ərəstun Axundovun anadan olmasının 100 illik yubileyi qeyd edilib.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Elçin Eyvazov UNEC-də görkəmli alimlərin xatirəsinin uca tutulması ənənəsindən bəhs edərək, bu sahədə universitetdə görülən işlər haqqında ətraflı məlumat verib. 

Sonra “İqtisadiyyat” kafedrasının dosenti Xankişi Xankişiyev alimin həyat yolu, çoxşaxəli elmi fəaliyyəti, pedaqoji irsi və formalaşdırdığı elmi məktəb haqqında geniş təqdimatla çıxış edib. Bildirilib ki, Ərəstun Axundovun irəli sürdüyü “Vaxta qənaət qanunu” konsepsiyası iqtisadi proseslərin səmərəliliyinin artırılması baxımından mühüm nəzəri əsas kimi dəyərləndirilir.

Tədbirdə Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, professor Ümüdvar Əliyev, Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov və dosent Asiman Quliyev çıxış edərək Əməkdar elm xadimi Ərəstun Axundovla bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər alimin Azərbaycan iqtisad elminə və ali təhsilin inkişafına verdiyi töhfələrdən, eləcə də yüksək insani keyfiyyətlərindən söz açıblar. 

Tədbirin sonunda professor Ərəstun Axundovun qızı Renara Axundova atası ilə bağlı xatirələrini bölüşüb. Universitetin inkişafında elmi xidmətləri olmuş alimlərin irsinin yaşadılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

UNEC-də professor Ərəstun Axundovun 100 İllik yubileyi qeyd olunub