UNEC-də sosial biznes konsepsiyası müzakirə olunub

13 OKTYABR 2017 | VIEWS:
3280

UNEC-də “Sosial Biznes: Azərbaycanda Reallıqlar və Perspektivlər” mövzusunda konfrans keçirilib.

Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan konfransın təşkilatçıları UNEC, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycan Yunus Sosial Biznes Mərkəzidir.

Rektor, professor Ədalət Muradov bildirib ki, UNEC-in məqsədi dünya iqtisadiyyatında baş verən ən aktual məsələlərin tədqiqatında yaxından iştirak etməkdir. Bu istiqamətdə UNEC-də görülən işlərdən bəhs edən rektor dünya təcrübəsində ilk dəfə olaraq Azərbaycan neftinin dünya bazarında qiymətinin proqnozlaşdırıldığını, UNEC Tədqiqat Fondunun xətti ilə Rusiyanın rəqəmsal iqtisadiyyat və e-maliyyə üzrə tanınmış eksperti, professor Ruslan Makarovla kriptovalyuta və e-pullar mövzusunun müzakirə edildiyini diqqətə çatdırıb.

Diqqətimizi cəlb edən mövzulardan biri də sosial biznesdir, deyən Ə.Muradov cəmiyyətə azad kapitalizm ideyasının alternativi olaraq təqdim edilən sosial biznesin özəlliklərindən danışıb: “Burada sahibkarlıq fəaliyyətinin məqsədi mənfəət deyil, cəmiyyətdəki problemlərin həllidir. Bu baxımdan əminliklə deyə bilərəm ki, biz, təhsil müəssisəsi olaraq müəyyən mənada sosial bizneslə məşğuluq. Məzunlarımızın işlə təmin olunması qarşımızda çox ciddi məsələ kimi dayandıqda Nobel Mükafatçısı Məhəmməd Yunusun “sən iş axtarma, iş yarat!” fikri bizə mükəmməl bir ideya verir”.

Sosial startapların önəmindən danışan rektor məzunların işəgötürəndən asılı olmaqdansa, onlara rəqabət yaratmasını istədiklərini bildirib. Ə.Muradov məzunların öz gələcəyini təmin etməsi və yaratdıqları biznesə tələbə yoldaşlarını cəlb etməsini onların işsizlik probleminin alternativsiz həlli yolu adlandırıb.

Konfransda Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun videomüraciəti yayımlanıb. Konfransın işinə uğurlar arzulayan Nobel mükafatçısı Azərbaycana səfərini məmnuniyyətlə xatırlayaraq, BAMF prezidenti Umud Mirzəyev və UNEC rektoru Ədalət Muradovla görüşündən bəhs edib: “Görüşlərimizdə bu qənaətə gəldik ki, biz diqqətimizi sosial biznes üzərində cəmləyərək münasibətlər qura bilərik və indi də bunu uğurla icra edirik. Mən əminəm ki, Azərbaycan höküməti insanların problemlərini həll etmək istiqamətində müvafiq addımlar atır, amma insanlar da həyatlarını özləri qurmaqda fəal olmalıdırlar. Bu, mənim inamımdır”. Hər bir insanın sərhədsiz yaradıcı imkanlarla yoğrulduğunu və bunun sosial biznes ideyasının başlanğıc fikri olduğunu diqqətə çatdıran M.Yunus sosial bizneslə dünyanı dəyişmək mümkünlüyünü bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli sosial biznes konsepsiyasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə dövlət tərəfindən müvafiq işlərin aparıldığını və uğurlu nəticələr əldə olunduğunu bildirib. O, ölkə rəhbərinin tapşırığı ilə sosial biznes ideyasının ölkəmizin mövcud reallıqları əsasında tətbiqi istiqamətində işlərin aparıldığını və yaxın zamanlarda bununla bağlı ölkədə müsbət nəticələrin əldə olunacağını diqqətə çatdırıb.

BAMF-ın prezidenti Umud Mirzəyev Məhəmməd Yunus və Yunus Mərkəzi ilə uzun müddətdən bəri davam edən dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. O, M.Yunusun Azərbaycana səfəri zamanı ölkə rəhbəri ilə, bəzi rəsmilərlə görüşünün əhəmiyyətinə toxunub: “Məhəmməd Yunusun ölkəmizə səfərindən sonra cənab Prezidentin fikirləri, göstəriş və tapşırıqları sosial biznes ideyası ətrafında yeni təşəbbüs və yanaşmaların tətbiqini zəruri edib”. U.Mirzəyev M.Yunusu insanları öz ideyalarına inanmağa sövq edən ideya generatoru adlandırıb. O, UNEC, Yunus Sosial Biznes Mərkəzi və BAMF arasında bağlanan üçtərəfli memorandum sayəsində bir müddətdir ki, sosial biznesin araşdırılması, akademik tədqiqatların aparılması sahəsində görülən işlərdən söz açıb.

ABAD direktoru Rüfət Elçiyev ABAD modelinin unikal cəhətlərinə toxunub. O, ABAD-ın bir model olaraq sosial təsiri, insanların sosial biznesə təşviqi istiqamətindəki rolu barədə konfrans iştirakçılarına məlumat verib.

UNEC-in Beynəlxalq Doktorantura və Magistratura Mərkəzinin direktoru, dosent Fariz Əhmədov sosial biznes və dünya təcrübəsindən bəhs edərək, konfrans iştirakçılarına maraqlı faktlar açıqlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı sosial biznesin tətbiqində bazar araşdırmalarının əhəmiyyətinə toxunaraq, mikromaliyyənin effektinin artırılması istiqamətində işlərdən danışıb.

Ə.Muradov UNEC-də fəaliyyət göstərən Dijital Marketinq Mərkəzinin ixrac bazarlarının coğrafiyasını təhlil edərək, təklifləri təqdim edə biləcəyini bildirib. Yeni fəaliyyətə başlayan mərkəzin imkanlarından söz açan rektor, xarici bazarların internet vasitəsi ilə marketinqinin aparılmasında UNEC-in rəqabətdən kənarda olacağını diqqətə çatdırıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev sosial biznesin inkişafında regionlarda icma əsaslı birliklərin formalaşdırılması və inkişaf etdirilməsi məsələsinə önəm verdiyini qeyd edib. O, bu icmaların maliyyə mənbələrinə çıxış əldə etmələrinin vacibliyini vurğulayıb.

Konfransda çıxış edən digər məruzəçilər də sosial biznesin əhəmiyyətini, sosial startapçılıq, sosial biznesdə insan faktoru, ixrac məsələlərinin gücləndirilməsi, iqtisadi etimadın formalaşması və.s məsələlərə toxunublar. Məruzəçilər bu ideyanın vətəndaş təşəbbüslərinin artırılması, təsərrüfat sahələrinin inkişafındakı roluna diqqət çəkiblər. Konfrans müzakirələrlə davam etdirilib.

Qeyd: Məhəmməd Yunusun sosial biznes ideyasının nailiyyətlərindən sonra, 1998-ci ildə artıq 58 ölkədə oxşar metodologiyalar istifadə olunmağa başlayıb. Məhəmməd Yunus konsepsiyasının əsası yoxsulluq olmayan dünya qurmaq idi. Bu konsepsiyanın mərkəzində milli iqtisadiyyatın inkişafında Ümum Daxili Məhsul məsələsi deyil, yoxsulların faydalanacağı nəzərdə tutulan təbii insan hüququ dayanır. Başqa sözlə desək konsepsiya iqtisadi inkişafı əhalinin aşağı təbəqəsinin adambaşına düşən gəlirləri ilə ölçməyi təklif edirdi. Beləliklə məhz İNSAN faktorunun real iqtisadi həyatdakı yerinin düzgün müəyyənləşdirilməsi sosial biznes konsepsiyanın uğur qazanmasında başlıca rol oynadı. Artıq onun təşəbbüsü ilə uzun illərdir ki, “Sosial Biznes Günü” və “Qlobal Sosial Biznes Sammiti” kimi böyük tədbirlər dünyanın tanınmış elm adamlarını, sahibkarları, dövlət xadimlərini, vətəndaş cəmiyyəti təmsilçilərini, gəncləri sosial biznesin uğurlu inkişaf üçün fikir mübadiləsi aparmaq, uğurlu təcrübələri öyrənmək ətrafında bir araya toplayır. Sosial biznes praktik olaraq Amerika, Fransa, Almaniya, Hollandiya, Çin, Malaziya və digər ölkələrin diqqət mərkəzindədir.

3281 4