UNEC-in nümayəndəsi Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycanın strateji mövqeyini təqdim edib

30 İYUL 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri, dosent Söhrab İsayev 24-25 iyul 2025-ci il tarixlərində Çin Xalq Respublikasının Henan əyalətində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Media və Beyin Mərkəzləri üzrə Sammitində iştirak edib.

Sammit Çin Sosial Elmlər Akademiyası, Henan Əyaləti Hökuməti və Sinxua Xəbər Agentliyinin birgə təşkilatçılığı ilə “Şanxay ruhunu irəli aparın, birgə ahəngdar vətən quraq” şüarı altında keçirilib. Tədbirdə ŞƏT-ə üzv, müşahidəçi və dialoq üzrə tərəfdaş ölkələrin media qurumlarının, beyin mərkəzlərinin və hökumət nümayəndələrinin iştirakı təmin olunub.

Forum çərçivəsində çıxış edən dosent Söhrab İsayev Azərbaycan Respublikasının “Bir kəmər və bir yol təşəbbüsü” və ŞƏT çərçivəsində dialoq üzrə tərəfdaş ölkə statusu ilə regional və qlobal miqyasda artan rolundan bəhs edib. O, Azərbaycanın iqtisadi, nəqliyyat və logistika potensialının bölgədə əsas oyunçulardan birinə çevrildiyini vurğulayıb.

Söhrab İsayev Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər mühüm infrastruktur layihələri vasitəsilə Azərbaycanın regionda nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin daha da gücləndiyini qeyd edib. Həmçinin ölkəmizin enerji resursları, bərpa olunan enerji sahəsindəki təşəbbüsləri, coğrafi-strateji mövqeyi, inklüziv və sabit cəmiyyət modeli və çoxşaxəli diplomatiyası ilə “Bir kəmər və bir yol təşəbbüsü”nə verdiyi töhfələr önə çəkilib.

Çıxışının sonunda UNEC nümayəndəsi Azərbaycanın sadəcə tranzit ölkə deyil, təşəbbüs irəli sürən, əməkdaşlığı təşviq edən və uzunmüddətli tərəfdaşlıqlar formalaşdıran bir dövlət kimi çıxış etdiyini vurğulayıb. Bu mövqeyin regionun və bütövlükdə Avrasiya məkanının dayanıqlı inkişafında mühüm rol oynayacağı sammit iştirakçılarının diqqətinə çatdırılıb.

UNEC-in nümayəndəsi Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycanın strateji mövqeyini təqdim edib