UNEC rektoru: Akademik transformasiya: UNEC-in 2026-cı ildə Təhsil Gündəliyi

05 YANVAR 2026 | VIEWS:

2025-ci ili tarixin arxivinə UNEC üçün uğurlu il kimi yola saldıq. Uğurların davamlılığını təmin etmək və yeni-yeni sahələrdə ilklərə imza atmaqla təhsil missiyasını davam etdirmək və dünyanın aparıcı universitetlərilə rəqabət aparmaq qabiliyyətini artırmaq 2026-cı ildə UNEC-in qarşısında duran əsas vəzifədir. Yeni ildə UNEC-in təhsil gündəliyinə baxışını həyata keçirilmiş dəyişikliklər, əldə edilmiş nəticələr və gələcək hədəflər formalaşdırır. İlk növbədə, vurğulamaq istəyirik ki, UNEC 2026-cı ildə akademik transformasiyanı, tədris keyfiyyətinin davamlı yüksəldilməsini və akademik innovasiyaya strateji sadiqliyini davam etdirəcək və əsas diqqətini dörd istiqamətə yönəldəcək:

  1. Tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi;
  2. Müəllim heyətinin dəstəklənməsi;
  3. Tədris metodlarının institusional transformasiyası;
  4. Dayanıqlı idarəetmə, dəyişikliklərin əlaqələndirilməsi və təsirinin ölçülməsi.

TƏDRİSİN TƏKMİLLƏŞDİRİLMƏSİ. Bu missiyanı yerinə yetirmək məqsədilə UNEC-də tədris keyfiyyətinin artırılması və metodologiyasının təkmilləşdirməsi  üçün müəllimlərə dəstək gücləndiriləcək. Müəllim heyəti üçün davamlı mentorluq və peşəkar inkişaf imkanları təmin ediləcək və innovativ tədris yanaşmalarının  tətbiqi genişləndiriləcək. Tədris innovasiyalarının akademik qaydalar, tənzimləmələr və universitet strategiyası ilə uyğunlaşdırılması sistemi təkmilləşdiriləcək. Eləcə də, akademik transformasiyanın təsirinin  ölçülməsi sistemləşdiriləcək və davamlılığı təmin ediləcək.

Bu zaman əsas prinsip vahid bir tədris metodunu məcburi şəkildə tətbiq etmək deyil, müəllimlərin öz tədris təcrübələrini təhlil etməsi, real tələblərə uyğunlaşdırması və inkişaf etdirməsinə şərait yaratmaqdır.

Bunun üçün aşağıdakı yanaşma əsas tutulacaq:

– tədrisin təkmilləşdirilməsi müəyyən mənada kontekstdən asılıdır və vahid formada tətbiq edilə bilməz – müxtəlif fənlər, kurslar və müəllimlər fərqli yanaşmalar tələb edir;

– müəllimlər təlim nəticələrini daha effektiv dəstəkləmək məqsədilə sillabus, kursun dizaynı, məzmunun təqdimatı və qiymətləndirmə üsullarını dəyişməyə təşviq olunacaqlar;

– yeni metodologiyaların tətbiqi uyğunluq və motivasiya nəzərə alınmaqla həyata keçiriləcək.

Əsas məqsəd seçilən metoddan asılı olmayaraq, hər bir müəllimin tədrisi daha səmərəli, cəlbedici  etmək barədə aktiv düşünməsinə nail olmaqdır. Mentorluq, dialoq və praktiki dəstək vasitəsilə  müəllimlər arasında davamlı inkişaf, peşəkar özünəinam və pedaqoji məsuliyyət mədəniyyətinin artırılması davam etdiriləcək. UNEC proqramların yenidən dizaynına dəstək, tədris metodologiyaları üzrə ixtisasartırma, qiymətləndirmə üzrə məsləhətlər, innovativ tədris pilotlarına dəstək kimi strukturlaşdırılmış xidmətləri  gücləndirəcək.

LAYİHƏ VƏ TƏŞƏBBÜSLƏRİN DƏSTƏKLƏNMƏSİ. Paralel təşəbbüslərin effektiv idarə olunması üçün layihə idarəetmə sistemi tətbiq ediləcək. Bu məqsədlə tapşırıqların icrasının sistemləşdirilmiş monitorinqi, məqsədlər, fəaliyyətlər və nəticələr arasında uyğunluq, iş yükü və irəliləyişin şəffaflığı, rüblük hesabatlar və strateji qərarların qəbulu dəstəklənəcək. Hesabatlar əsasən nəticələrə, çətinliklərə və tədris keyfiyyətində ölçülə bilən irəliləyişlərə fokuslanacaq.

DAXİLİ KOMMUNİKASİYA. Daxili kommunikasiyanın gücləndirilməsinə diqqət artırılacaq. Bunun üçün  təhsil narrativləri, uğur hekayələri və ən yaxşı təcrübələr paylaşılacaq, inkişaf imkanları barədə müəllimlər və əməkdaşlar sistemli və səmərəli  məlumatlandırılacaq.

STRATEJİ VƏ İNSTİTUSİONAL ƏLAQƏLƏR. Bu əməkdaşlıq çərçivəsində UNEC Dekanlar Şurasının fəaliyyəti gücləndiriləcək, fakültələrin rəhbərliyi ilə açıq müzakirələr davam etdiriləcək, fakültələrə xas çətinliklərin və infrastrukturun mövcud durumunun anlaşılmasına diqqət artırılacaq, etimad və əməkdaşlıq genişləndiriləcək. Nəticədə universitet strategiyası ilə fakültə reallıqları arasında uyğunluq gücləndiriləcək. Tədris innovasiyalarının akademik reallıqla uyğunluğunu təmin etmək üçün səylər davam etdiriləcək, innovasiyalar üçün uyğun proqram və müəllimlərin seçilməsi sistemi təkmilləşdiriləcək. Uğur əldə etməyin vacib şərti kimi belə uyğunlaşdırmalar davamlı proses kimi qəbul ediləcək.

AKADEMİK QAYDALARA UYĞUNLUQ. İnnovativ tədris üsullarının akademik dəstək tələb etdiyini əsas tutaraq zəruri addımlar atılacaq. Bu məqsədlə

  1. Normativ maneələr müəyyən ediləcək,
  2. Çevik qiymətləndirmə və proqramların yeni struktur modelləri təklif ediləcək,
  3. Pilot çərçivələrin təsdiqi üçün maraqlı tərəflərlə işlər intensivləşdiriləcək və
  4. Uzunmüddətli innovasiyalara dəstək gücləndiriləcək.

İNSTİTUSİONAL YADDAŞ. Müasir universitet quruculuğunda və dəyişikliklərin davamlılığının təmin edilməsində önəmini nəzərə alaraq, institusional yaddaşın formalaşdırılması və gücləndirilməsi üçün yeni addımlar atılacaq.

Davamlılıq, genişlənmə və institusional öyrənməni təmin etmək məqsədilə tədris modelləri və nümunəvi halların, təlimlə bağlı təlimatların, qiymətləndirmə çərçivələrinin, pilot layihələrdən əldə olunan nəticələrin və s. UNEC-in gələcək üzvlərinə ötürülməsi sistemi təkmilləşdiriləcək.

YENİ TƏDRİS METODOLOGİYALARININ TƏTBİQİ. Layihə Əsasl Təhsil (PBL)  UNEC-də tədrisin təkmilləşdirilməsinin əsas sütunlarından biridir. UNEC bu istiqamətdə fəaliyyətini genişləndirəcək və motivasiyalı və daha bacarıqlı müəllimlərə, intensiv mentorluğa, keyfiyyətə əsaslanan miqyas tənzimləməsinə üstünlük verəcək. Eyni zamanda vurğulamaq lazımdır ki, PBL-ə keçid qruplarda tələbə sayının azalması və nəticədə dərs yükünün əhəmiyyətli dərəcədə artması, auditoriya və laboratoriya sıxlığı və hətta bəzi hallarda çatışmazlığı, təhsil innovasiyaları sahəsində yetərincə təcrübəsi olmayan müəllimlərlə işin mürəkkəbliyi kimi problemlərin həllini də qaçılmaz edir.

REAL LAYİHƏLƏR. PBL çərçivəsində real layihələr tətbiq olunacaq və cəmiyyət üçün əhəmiyyətli sosial təsir layihələri, sənaye və biznes tərəfdaşlıqları layihələri həyata keçiriləcək.

RƏQƏMSAL, YUMŞAQ BACARIQLAR VƏ İNGİLİS DİLİ. Xüsusilə müəllimlərin  rəqəmsal və yumşaq bacarıqları gücləndiriləcək, Süni İntellekt savadlılığı artırılacaq, müəllimlərin ingilis dili bacarıqlarının artırılnası istiqamətində tədbirlər davam etdiriləcək.

Ümumiyyətlə, UNEC ana dilində keyfiyyətli təhsil verən rəqabətqabiliyyətli  universitet modelini hədəfləyir. 2026-cı ildə  UNEC bu istiqamətdə səylərini davam etdirəcək və əminəm ki, yeni uğurlara imza atacaq!

Professor Ədalət Muradov,
Rektor
UNEC

UNEC rektoru: Akademik transformasiya: UNEC-in 2026-cı ildə Təhsil Gündəliyi