UNEC-in Xarici Dillər Departamentinin təşkilatçılığı ilə keçirilən və “Dil bacarıqları və iqtisadi imkanlar: tələbələrin qlobal bazara hazırlanması” mövzusuna həsr olunan forumda 300-dən çox yerli və xarici dil mütəxəssisi, müəllimlər, eləcə də tanınmış beynəlxalq qurumların nümayəndələri iştirak etdilər.
Forumun açılışında çıxış edənlər UNEC-də xarici dillərin tədrisi sahəsində aparılan islahatlardan, dil bacarıqlarının tələbələrin qlobal əmək bazarına inteqrasiyasında rolundan və universitetin bu istiqamətdə atdığı beynəlxalq səviyyəli addımlardan danışıblar. Onlar həmçinin dil biliklərinin yaratdığı imkanları vurğulayaraq, forumun müasir tədris metodlarının tətbiqi və təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını, yerli və beynəlxalq mütəxəssislər arasında əməkdaşlığı daha da gücləndirdiyini qeyd ediblər.
Forum müddətində müasir dil tədris metodları, süni intellektin tədris prosesinə inteqrasiyası, qiymətləndirmə yanaşmaları və digər aktual mövzular üzrə seminar və sessiyalar olub. Sessiyalarda Pekin Xarici Dillər Universiteti, Konfutsi İnstitutu, Avropa Azərbaycan Məktəbi, həmçinin Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin dil müəllimləri təqdimatlarla çıxış edərək təcrübələrini bölüşüblər.
Tədbirin ikinci günündə 260 nəfərin iştirakı ilə dil bacarıqlarını əhatə edən 25 seminar və təlim təşkil olunub. British Council-in və UNEC-in beynəlxalq sertifikatlı təlimçiləri tərəfindən keçirilən praktiki seminarlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təlimlərdə müxtəlif ali təhsil müəssisələrinin, dil kurslarının, həmçinin məktəb və peşə təhsil mərkəzlərinin müəllim və tələbələri iştirak ediblər.
III Xarici Dil Müəllimləri Beynəlxalq Forumu ölkəmizdə xarici dil tədrisi sahəsində müasir yanaşmaların inkişafı ilə yanaşı, beynəlxalq təcrübə ilə tanışlıq və əməkdaşlığın gücləndirilməsinə dəyərli töhfələr qazandırdı.