“Azərbaycan” qəzeti, 17 yanvar
Zəngin karbo-hidrogen ehtiyatlarından səmərəli istifadə etməklə XXI əsrin ilk onilliyində yüksək iqtisadi artım tempinə nail olan Azərbaycan bu dövr ərzində iqtisadi və sosial infrasturkturunun modernləşdirilməsi, yoxsulluğun azaldılması və regional iqtisadi inkişaf istiqamətlərində mühüm nailiyyətlər əldə etmişdir. XXI əsirn ikinci onilliyində isə Azərbaycan, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf konsepsiyasında da göstərildiyi kimi yüksək rəqabətqabiliyyətli, qeyri-neft sektoru və qeyri-neft ixracı sürətlə böyüyən, yüksək insan kapitalına malik və adambaşına düşən gəlir göstəricisi üzrə yüksək gəlirli ölkələr qrupuna daxil olan iqtisadi baxımdan inkişaf etmiş ölkəyə çevrilməyi hədəfləmişdir.
Dünya təcrübəsi göstərir ki, qeyd olunan istiqamətlərdə iqtisadiyyatın qurulması və onun dayanıqlılığının təmin edilməsi ilk növbədə yüksək texnologiyalar, elmtutumlu məhsul istehsalı, innovativ sahibkarlıq və mütərəqqi menecment sistem və texnologiyalarını tələb edir. Ölkədə innovasiyalara əsaslanan bilik iqtisadiyyatının formalaşdırılmasını nəzərdə tutan bu prosesdə heç şübhəsiz ki, elmin və təhsilin vəhdətinin, onun dünya elmi və təhsilinə inteqrasiyasının təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Qeyd olunan vəzifədən irəli gələrək, son illər Azərbaycanda elm və təhsil infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının modernləşdirilməsi, informasiya təminatının gücləndirilməsi və bütövlükdə bu sahələrin müasir tələblərə uyğun restrukturzasiyası istiqamətində mühüm addımlar atılmaqdadır. Heç şübhəsiz ki, həyata keçirilən bu proseslərin mərkəzində dayanan və onun əsas hərəktverici qüvvəsinə çevrilən başlıca qurumlar məhz universitetlərdir. Müasir dövrdə biliklərin və innovasiyaların yaradıldığı, toplandığı, emal edildiyi və ötürüldüyü başlıca təhsil-tədqiqat-innovasiya mərkəzləri olan universitetlər bir tərəfdən yüksək ixtisaslı kadrlar yetişdirmək, digər tərəfdən isə fundamental tədqiqatlar aparmaq və universitet-sənaye əməkdaşlığını reallaşdırmaqla bilik iqtisadiyyatının təməlini təşkil edən qurumlara çevrilmişlər.
Bilik iqtisadiyyatında iqtisadi inkişafın təməlində elmi araşdırma və təkmilləşdirmə layihələrinə çəkilən xərclər, başqa sözlə elmə yatırılan investisiyalar dayanır. Dünya Bankının məlumatlarına görə hazırda post-sənaye dövrünü yaşayan və bilik iqtisadiyyatının formalaşdığı yüksək inkişaf etmiş cəmiyyətlər olan İsrail, Yaponiya, ABŞ və Avropa İttifaqında elmi araşdırma və təkmilləşdirmə layihələrinə çəkilən xərclər müvafiq olaraq ÜDM-nin 4,21%, 3,47%, 2,81% və 2,01%-i təşkil edir. Eyni göstərici Koreya Respublikasında 4,15%, Çində 2,01%, Sinqapurda 2,0%, Rusiyada 1,13%, Türkiyədə isə 0,94%-dir.
Elmi araşdırma və təkmilləşdirmə layihələrinə böyük həcmdə vəsait ayıran ölkələr təbii olaraq, elmi tədqiqatçıların və elmi nəşrlərin sayı göstəricilərinə görə də dünyada lider ölkələr hesab olunurlar və onların bu potensialı əsasən universitetlərdə toplanmışdır. Belə ki, İsraildə hər milyon nəfər əhaliyə düşən tədqiqatçıların sayı 8282, Yaponiyada 5201, Almaniyada 4472, Fransada 4153, Böyük Britaniyada 4055, ABŞ-da 4019 isə nəfərdir. Eyni göstərici Sinqapurda 6442, Rusiyada 3073, Türkiyədə 1169, Çində isə 1089-dur. 22878 nüfuzlu elmi jurnalın yerləşdiyi məşhur “Scopus” elmi platformasındakı informasiyaların təhlili göstərir ki, 1996-2014-cü illər arasında bu elmi jurnallarda ABŞ tədqiqatçıları 8 626 193, Çin tədqiqatçıları 3 617 355, Böyük Britaniya tədqiqatçıları 2 397 817, Almaniya tədqiqatçıları 2 176 860, Yaponiya tədqiqatçıları 2 074 872, Fransa tədqiqatçıları 1 555 629, Koreya Respublikası tədqiqatçıları 739 229, Rusiya tədqiqatçıları 701 029, Türkiyə tədqiqatçıları 390 874, İran tədqiqatçıları 287 010, İsrail tədqiqatçıları 272 352, Sinqapur tədqiqatçıları isə 192 942 məqalə nəşr etdirmişdir.
Təcrübə göstərir ki, elmə yüksək investisiyalar qoyan, yüksək inkişaf etmiş elm ifrasturkuruna malik ölkələr, eyni zamanda da yüksək rəqabətli iqtisadiyyata malik ölkələrdir. Həqiqətən də, Dünya İqtisadi Forumunun tərtib etdiyi 2015-2016-cı il Qlobal Rəqabətlilik İndeksi üzrə ölkə göstəricilərinə nəzər yetirdikdə elmi fəaliyyətlərə böyük həcmdə investisiyalar ayıran Sinqapur, ABŞ, Almaniya, Niderland, Yaponiya, Finlandiya, İsveç, Birləşmiş Krallıq, Norveç, Danimarka, Kanada və digər ölkələrin ön sıralarda olduğunu görmək mümkündür. Azərbaycan isə qeyd olunan sıralamada 140 ölkə arasında 40-cı yer kimi yüksək mövqe tutmaqla yanaşı, eyni zamanda da qarşıdakı illərdə həmin indeksin alt-göstəriciləri olan “təhsil sisteminin keyfiyyəti”, “riyaziyyat və elm təhsilinin keyfiyyəti”, “elmi tədqiqat qurumlarının keyfiyyəti”, “firmaların tədqiqat və təkmilləşdirmə layihələrinə ayırdığı xərclər”, “tədqiqat və təkmilləşdirmə layihələrində universitet-sənaye əməkdaşlığı”nda daha yüksək mövqelərə yüksəlməyi hədəfləyir.
Bu baxımdan ölkənin sosial-iqtisadi inkişaf tələblərinə cavab verən mütəxəssis yetişdirmək, aparılan elmi tədqiqatları müasir standartlar səviyyəsinə yüksəltmək və nəticələrini iqtisadiyyata tətbiq etmək, həmçinin də beynəlxalq elmi əlaqələri dərinləşdirmək istiqamətlərində son illər universitetlərə verilən böyük dəstək xüsusi əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, bu istiqamətdə atılan addımlar arasında ən mühümlərindən biri 22 dekabr 2015-ci il tarixində Təhsil Nazirliyi ilə dünyanın aparıcı transmilli kütləvi media və informasiya şirkəti olan “Thomson Reuters Corporation”nın “İntellektual mülkiyyət və elm” bölməsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanmasıdır. Müqaviləyə əsasən Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında bu şirkətin “Web of Science” və “InCites” platformalarına tam çıxış əldə edəcəkdir.
“Thomson Reuters” şirkəti 1992-ci ildə həmin vaxta qədər biblioqrafik məlumat bazası və elmi istinad indeksi olan “Science Citation Index (SCI)” adlı məhsulu ilə məşhurlaşan Elmi İnformasiya İnstitutunu (Institute of Scientific Information) satın aldıqdan sonra onun təcrübəsi əsasında formalaşdırdığı “Web of Science” platforması ilə bu sahədə dünyanın qəbul etdiyi ən etibarlı və ən başlıca elmi informasiya bazasına malik olan şirkətə çevrilmişdir. Hazırda “Web of Science” elmi platforması aşağıdakı 7 nəhəng elektron elmi bazanı özündə birləşdirir:
– 1900-cü ildən bu günə 150 elm sahəsi üzrə 8500-dən çox başlıca elmi jurnalı əhatə edən Genişləndirilmiş Elm İstinad İndeksi – “SCI-Expanded” (Science Citation Index Expanded);
– 1990-cü ildən bu tərəfə 55 ictimai elm sahəsi üzrə 3000-dən çox elm jurnalı özündə birləşdirən İctimai Elmlər İstinad İndeksi – “SSCI” (Social Sciences Citation Index);
– 1975-ci ildən bu günə 1700-dən çox elmi jurnalın daxil olduğu İncəsənət və Humanitar Elmlər İstinad İndeksi – “A&HCI” (Arts & Humanities Citation Index);
– 1993-cü ildən bu günə 2,6 milyondan çox kimyəvi tərkib haqqında məlumatları özündə toplayan Kimyaçı İndeksi – “IC” (Index Chemicus);
– 1986-cı ildən bu günə 1 milyondan çox kimyəvi reaksiya haqqında məlumatın əks olunduğu Mövcud Kimyəvi Reaksiyalar – “CCR” (Current Chemical Reactions);
– 2005-ci ildən bu günə 50000-dən çox elmi redaktorlu kitabları əhatə edən Kitab İstinad İndeksi – “BCI” (Book Citation Index);
– 1990-cı ildən bu günə qədər keçirilən 160000-dən çox elmi konfransın materiallarını özündə birləşdirən Konfrans Materialları İstinad İndeksi – “CPCI” (Conference Proceedings Citation Index).
“InCites” platforması isə “Web of Science” platformasına daxil olan elmi bazalar əsasında elmi-tədqiqat müəssisələri və tədqiqatçıların məhsuldarlıqlarını ölçməyə və müqayisə etməyə imkan verən peşəkar beynəlxalq qiymətləndirmə sistemdir. Platforma “Create Citation Reports” və “Cited Reference Search” alətləri vasitəsilə tədqiqatçıların məqalələrinə verilən istinadların sayını, “Journal Citation Report” (JCR) aləti ilə də jurnalların təsir faktorlarını (impact factors) hesablamağa imkan verir. Bu platforma bütövlükdə tədqiqatçının və onun çalışdığı qurumun tədqiqat üzrə məhsuldarlıqlarına əsaslanaraq onların dünyadakı reytinqini müəyyən edir.
“Thomson Reuters” yuxarıda qeyd edilən xidmətlər üzrə son illər “Elsevier” şirkətinin “Scopus” və “Google” şirkətinin “Google Scholar” elmi platformaları tərəfindən ciddi rəqabətə məruz qalsa da, hazırda bu sahədə dünyadakı liderliyini qoruyub saxlayır.
Hesab edirik ki, Azərbaycan universitetlərinin qeyd olunan nüfuzlu elmi platformalara çıxış imkanı əldə etməsi onların dünya elminə inteqrasiyası prosesini sürətləndirərək, ölkədə elmin və elmi fəaliyyətlərin inkişafına aşağıdakı istiqamətlər üzrə müsbət təsir göstərəcəkdir:
– Elmi tədqiqat fəaliyyətlərinin informasiya təminatının əhəmiyyətli dərəcədə yaxşılaşması. Məlum olduğu kimi uğurlu elmi tədqiqatın əsas şərtlərindən biri tədqiq edilən problem üzrə dünyadakı etibarlı elmi mənbələrə çıxışdır. Bundan sonra universitetlərimiz böyük əksəriyyəti yüksək ödənişli əsaslarla fəaliyyət gösərən dünyanın birinci kateqoriyalı elmi nəşrlərinə tam mətn (fulltext) çıxış imkanlarına malik olacaq və tədqiqatçılarımız həmin elmi nəşrlərin yerləşdiyi bazalar üzrə səmərəli axtarış və təhlil imkanları əldə edəcəkdir ki, bu da elmi tədqiqatların aparılması prosesini xeyli asanlaşdıracaqdır.
– Ölkədə dünya standartlarına uyğun aparılan elmi tədqiqatların sayının artması. Qeyd olunan elmi bazalara çıxış tədqiqatçılara dünya elminin və tədqiqat fəaliyyətlərinin ən son nailiyyətləri ilə tanış olmaq imkanı yaradacaqdır ki, bu da onların dünya standartlarına uyğun orjinal elmi əsərlər ortaya qoyması işinə öz müsbət təsirini göstərəcəkdir. Tədqiqatçılarımızın “Thomson Reuters”in elmi platformalarındakı nəşrlərin standartları ilə tanışlığı və onlara uyğunlaşmaları, eləcədə bu nəşrlərdə çap etdirdikləri elmi əsərlərə müxtəlif mexanizmlər yolu ilə dünya elmi dairələrinin münasibətini öyrənmə imkanlarının yaranması bütövlükdə ölkədə elmi tədqiqat işlərinin forma və məzmunca köklü şəkildə yaxşılaşmasına gətirib çıxara bilər.
– Elmi tədqiqat fəaliyyətləri üzrə beynəlxalq əməkdaşlığın genişlənməsi. Təqdim olunan elmi platformalar təkcə elmi nəşrlərə çıxış baxımından deyil, həm də müxtəlif elmi problemlərlə məşğul olan dünyanın ən mötəbər alimləri və tədqiqatçıları haqqında qiymətli informasiya bazasıdır. Bu Azərbaycan alimlərinə üzərində çalışdıqları elmi problemlər üzrə dünyanın ən nüfuzlu alimləri ilə tanış olmaq və onlar arasından tərəfdaşlar seçmək imkanı yaradacaqdır.
– Aparılan tədqiqatların nəticələrinin daha geniş elmi dairələrə yayılmasına və bu məqsədlə düzgün elmi nəşrlərin seçilməsinə imkan yaranması. “Thomson Reuters”in bu elmi platformaları həm də dünyadakı birinci kateqoriyalı elmi nəşrlər haqqında, eləcə də onların təsir faktorları ilə bağlı təfsilatlı informasiyalar təqdim edir. Azərbaycan tədqiqatçıları bu informasiyalardan istifadə etməklə, tədqiqat işlərinin nəticələri üçün daha adekvat elmi nəşrlər seçmək imkanı əldə edəcəkdir ki, bu da ölkədə aparılan elmi tədqiqatların dünya elmi dairələri arasında daha effektli şəkildə yayılmasına şərait yaradacaqdır.
– İstər tədqiqat müəssisələrinin, istərsə də ayrı-ayrı tədqiqatçıların elmi tədqiqat planlarının reallığa uyğun rasional əsaslarda qurulması. Dünyanın aparıcı elmi nəşrlərində nəşr edilən tədqiqatlarla tanışlıq və onların müxtəlif aspektlərdən təhlili elmi tədqiqat planlarının düzgün müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu, xüsusilə də ölkədə tədqiqat mövzularının və tədqiqat metodikasının düzgün seçilməsi nöqteyi-nəzərindən yaxşı imkanlar yaradacaqdır.
– Həm tədqiqat müəssisələrinin, həm də tədqiqatçıların akademik məhsuldarlıq səviyyələrini dünya miqyasında qiymətləndirmə və müqayisə etmə imkanının yaranması. Hazırda “InCites” platformasından dünyanın 7000-dən çox tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və saysız-hesabsız tədqiqatçılar bu məqsədlə istifadə edir və akademik məhsuldarlıq səviyyələrinin beynəlxalq müqayisəsi əsasında gələcək elmi fəaliyyət strategiyalarını müəyyən edirlər.
– Elmin ən son nailiyyətlərinin tədris prosesində istifadə imkanlarının artması. Ölkədə xüsusilə də magistratura və doktorantura səviyyəsində yüksək ixtisaslı kadr hazırlığı prosesi elmin ən son nailiyyətlərinin tədris prosesinə tətbiqini zəruri edir. Bu baxımdan Azərbaycan universitetlərində təhsil alan magistrant və doktorantların, eləcə də ali təhsilin bu pillələrində dərs deyən müəllimlərin və elmi rəhbərlərin bu elmi platformalardan intensiv istifadəsi universietlərin qeyd olunan istiqamətdəki fəaliyyətinə keyfiyyət baxımından müsbət təsir göstərəcəkdir.
Yuxarıda qeyd olunanlar kontekstində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) də elmi fəaliyyətlərin stimullaşdırılması və UNEC-in iqtisadi tədqiqatların mərkəzinə çevrilməsi istiqamətində bir sıra addımlar atılmaqdadır. İlk növbədə “Thomson Reuters”in “WEB of Science” elmi platformasına daxil olan elmi jurnallarda məqalələr çap etdirən UNEC əməkdaşları üçün birdəfəlik pul mükafatı təsis edilmişdir. Mükafatın təsis edildiyi qısa müddət ərzində artıq bir neçə UNEC əməkdaşının qeyd olunan elmi jurnallarda məqalələri nəşr olunmuşdur.
UNEC-də bu istiqamətdə atılan mühüm addımlardan biri də ilk dəfə olaraq, “UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemi”nin 2015-2016-cı tədris ilindən tətbiq olunmağa başlamasıdır. 3 istiqamət, 12 kriteriya və 100-dən çox elmi-pedaqoji fəaliyyət növü əsasında professor-müəllim heyətinin illik xidməti fəaliyyət reytinqinin müəyyənləşdirildiyi bu sistemdə başda “Web of Science” elmi platformasında yerləşən elmi nəşrlər olmaqla, dünyanın nüfuzlu elmi nəşrlərində əsər çap edilməsinə yüksək ballar müəyyən edilmişdir. Aparılan təhlillər göstərir ki, Sistemin tətbiqindən keçən bir semestrlik dövr ərzində UNEC professor-müəllim heyətinin tədqiqat fəaliyyətlərində fəallıq əvvəlki dövrlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artmışdır.
Növbəti mühüm addım isə UNEC-də kitabxana sisteminin tamamilə müasir əsaslarda və dünya standartlarına cavab verəcək səviyyədə yenidən qurulmasıdır. Bu iş layihə səviyyəsində artıq tamamlanmışdır. Yaxın dövr ərzində UNEC-də “Thomson Reuters”in elmi platformaları da daxil olmaqla, dünyanın əksər nüfuzlu elmi platformalarına elektron qaydada tam çıxış imkanlarına malik, eləcə də rəflərində ən müasir elmi və populyar nəşrlərin olduğu müasir bir kitabxananın açılışının edilməsi planlaşdırılır. Hesab edirik ki, belə bir kitabxananın istifadəyə verilməsi UNEC-də həm tədris prosesinin, həm də elmi fəaliyyətlərin informasiya təminatını köklü şəkildə yaxşılaşdıracaq və UNEC-i dünya səviyyəli universitet olma yolunda bir addım daha önə aparacaqdır.
Ədalət Muradov
UNEC rektoru, iqtisad elmləri doktoru, professor
Elşən Bağırzadə
UNEC rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru
“Azərbaycan” qəzeti, 17 yanvar